İrəvan Teatrının Türkiyədə qastrol səfəri anşlaqla qarşılanıb

Bu il 136-cı teatr mövsümünü yaşayan İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindən qayıdıb. Teatrın kollektivi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü ildönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə aprelin 27-dən mayın 10-na kimi Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir və İnegöl şəhərlərində çıxış edib.

Xudaferin.eu bildirir ki, AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

O bildirib ki, səfər 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztəkin dəvəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə kültür və sənətdə DEV kardeşlik və candaşlıq” layihəsi çərçivəsində gerçəkləşib.

Kollektiv türkiyəli sənətsevərlər qarşısında şair-dramaturq, Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur. Rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Ceyhun Əliyev, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu ifa ediblər.

Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.

Tamaşa qardaş ölkədə teatrsevərlər tərəfindən sevgi dolu alqışlarla, coşqu ilə qarşılanıb. Tamaşalardan sonra teatrın kollektivinə mükafatlar təqdim edilib.

Tamaşanın nümayişindən əvvəl İbrahim Öztəkin ermənilərin türklərə qarşı törətdiyi soyqırımı hadisələri ilə bağlı tarixi faktlar əsasında məruzələr edib. Bununla bərabər İrəvan teatrının yaradıcı kollektivi səfər zamanı iştirak etdikləri şəhərlərin tarixi və turistik yerləri ilə də yaxından tanış olublar. İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarını ziyarət ediblər.

12:48