İraq mətbuatı Prezident İlham Əliyevin ədalətli siyasətindən və beynəlxalq fəaliyyətindən yazıb

İraqlı professor, Qafqaz məsələləri üzrə ixtisaslaşmış tədqiqatçı Moataz Əbdül Həmidin “Azərbaycan və ərəb ölkələri: inkişaf edən əlaqələr” sərlövhəli məqaləsi bir sıra saytlarda dərc olunub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, professorun məqaləsi İraqın “alen-eg.com”, “alresad.news”, “mustaqbil”, “kalemtalarab.com” saytlarında yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev xalqın tələbi ilə müstəqil Azərbaycan dövlətinin prezidenti seçildi. Heydər Əliyev dünya siyasətini incəliklərinə qədər bildiyi üçün ərəb ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olması və bu gün rəsmi Bakının ərəb dövlətləri ilə əlaqələrinin yüksələn xətlə inkişaf etməsinin əsası məhz Heydər Əliyev tərəfindən yaradılıb. İƏT çərçivəsində dəfələrlə Ermənistanın Azərbaycanı işğal etməsi faktı təsdiq olunub və rəsmi Yerevandan işğalda saxladığı torpaqların azad edilməsi tələb olunub.

Bu gün Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın ərəb dövlətləri ilə münasibətləri iqtisadi, siyasi, sosial sahələrdə inkişaf edir. Azərbaycanda ərəb dilinin öyrənilməsi üçün böyük imkanlar var. Xalqların mədəniyyət, din və tarixi oxşarlıqları çoxdur.

Prezident İlham Əliyev noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində çıxışı ərəb dünyasında böyük rəğbətlə qarşılanıb və marağa səbəb olub. Azərbaycan Prezidentinin sammitdəki çıxışı qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına səbəb olub. Prezident İlham Əliyevin Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qırğından söz açması onun ədalət tərəfdarı olduğunu göstərir. Bu çıxış qarşılıqlı əlaqələrin dərinləşməsi üçün böyük zəmin yaradıb. Azərbaycan Prezidenti, həmçinin ərəb ölkələri arasında həmrəylik və əməkdaşlıq prinsiplərini gücləndirmək arzusunda olduğunu bildirib.

Materialda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Prezidenti kimi dünyada haqqın və ədalətin bərpa olunması istiqamətində siyasət yürütdüyü göstərilib. Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə işğal dövründə Ermənistan tərəfindən Qarabağda 67 məsciddən 65-nin dağıdıldığını bildirib.

Məqalədə o da vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində qədim Azərbaycan torpağı olan Qarabağı Ermənistanın işğalından azad etdi. Bu gün həmin ərazidə abadlıq və quruculuq işləri aparılır və yurd-yuvasından didərgin düşmüş soydaşlarımız doğma torpaqlarına qayıdırlar.

 

Rabil Kətanov
Xudaferin.eu

14:50