İranda yaşayan türkdilli xalq-Şahsevənlər

Bir neçə əsr əvvəl olduğu kimi, bu gündə onlar özlərinin mal-heyvan sürüləri ilə qışda arana, yayda isə yaylağa köçərək köçəri həyat tərzlərini davam etdirirlər.

Söhbət İranda yaşayan türkdilli xalqlardan olan Şahsevənlərdən gedir. Ötən əsrlərdən fərqli olaraq tayfanın nümayəndələri artıq dəvə, atlar və ulaqlarla deyil, yük maşınları ilə hərəkət edirlər. İlin 7 ayını İrandakı Savalan dağının ətəyində keçirən şahsevənlər qalan ayları Muğan düzünə enərək qışın çıxmasını gözləyirlər. Həddən artıq qonaqpərvər və məğrur olan şahsevənlərin sayı haqqında dəqiq məlumat olmasa da, iranlı araşdırmaçı jurnalist Leyla Noruzinin yazdığına görə müasir İranda 1 milyon 500 minə yaxın şahsevən var. Onlar İranın Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin və Zəncan vilayətlərində yaşayırlar, Azərbaycan dilinin Muğan dialektində danışırlar, İslamın şiə təriqətinə mənsubdurlar. Əsasən, heyvandarlıqla məşğul olan tayfanın nümayəndələri ildə bir dəfə dövlətə vergi ödəyirlər. Hər ailə təxminən 1000 baş qoyun saxlayır. Ev heyvanlarının sayı 1000 dən aşağı olan ailə kasıb ailə hesab edilir. Kişiləri yaxşı at çapmaqları, ov etmələri, qadınları isə rəngli və güllü paltarları ilə seçilirlər. Qadınlar köç zamanı yığdıqları bitki və böcəklərdən əlvan boyalar hazırlayıb kustar üsulla istehsal etdikləri yun və ipləri boyayırlar. Bu iplərdən çox gözəl xalça, tirmə, palaz, kilim və başqa ev əşyalar toxuyurlar.

Natural təsərrüfat quran şahsevənlər yaxın şəhərlərin bazarına diri heyvan gətirib satır və sənaye malları alıb qış üçün ehtiyat yaradırlar. Şahsevənlərin yaşadığı yerlər dağlıq və dağətəyi vilayətlər olduğu üçün qış vaxtı yağan qar yolların bağlanmasına səbəb olur. Odur ki, onlar hər yayda qış üçün yaxşı hazırlıq görürlər.

Şahsevənlərin mənşəyi haqında tarixi mənbələrdə qeyd olunur ki, XVI əsrdə Səfəvi dövlətinin hökmdarı Şah Abbas vaxtilə dövlətin əsasını yaratmış qızılbaşlar tayfasının özbaşınalığından ehtiyat etməyə başlayır. Bu tayfanın feodalları mərkəzi hakimiyyətə tabe olmaq istəmədiklərini açıq-aşkar şəkildə biruzə verirdilər. Odur ki, Şah Abbas özünə sadiq olan bir- neçə tayfanı birləşdirərək hakimiyyətinin mühafizəsini onlara tapşırır. Bu tayfaların başçıları şaha həddən artıq dərəcə sadiq olduqları üçün onları “şahsevən” adlandırırlar. Səfəvi dövlətinin süqutundan sonra İranın müxtəlif bölgələrinə yayılan şahsevənlər köçəri həyat tərzi sürməyə başlayırlar. Şah Abbasın mirzəsi İsgəndər bəy Türkmən 1025-ci ildə yazdığı “Tarixi aləm araye Abbasi” (Dünya tarixində şah Abbasın yeri) əsərində yazıb ki, Şah Abbasdan sonra heç bir hökmdara boyun əymək istəməyən şahsevənlər dağlarda sərbəst yaşamağı hər şeydən üstün tutdular. Şahsevənlər 1926-cı ildə Pəhləvi rejiminin torpaq islahatlarına qarşı üsyana etmişdilər. Şah şahsevənlərin heç kimə tabe olmayaraq köçəri yaşamalarını rejim üçün təhlükə hesab edərək torpaqlarını əllərindən alıb, onları əyalət şəhərlərinə və kəndlərə köçürüb oturaq həyata məcbur etmək istəyirdi. Üsyan qəddarlıqla yatırıldı. Şahsevənlərin bir hissəsi kəndlərdə oturaq həyata məcbur edildi. Lakin böyük bir hissəsi isə islahatlarla razılaşmayaraq köçəri həyatlarını davam etdirdilər.

Leyla Noruzi yazır ki, hələ islahatlardan əvvəl şahsevənlərin başçısı Nurullah bəyi İran şahı Tehrandakı sarayına dəvət edib onunla söhbət edir. Söhbət əsnasında şah soruşur: güc nədədir? Nurullah bəy cavab verir: barıtda, Şah soruşur məmnunluq nədədir? Nurullah bəy cavab verir: ətdə, Şah soruşur kimin qadınları daha gözəldir sənin yoxsa mənim? Nurullah bəy cavab verir: mənim. Şah Nurullah bəyin cəsarətindən əsəbləşərək deyir: Niyə belə düşünürsən? Nurullah bəy cavab verərək deyir ki, əgər sənin və mənim qadınlarımı yağışın altında saxlasaq, yağış suyu sənin qadınlarının üzündən bəzəyi, mənim qadınlarımın üzündən isə tozu yuyacaq, onda kimin qadınlarının daha gözəl olduğu müəyyən olacaq. Şahsevən qadınları gözəl olduqları kimi də cəsarətlidirlər. İsgəndər bəy Türkmən öz əsərində yazıb ki, şahsevən tayfasının qadınları kişilərlə bərabər at çapmağı və ox atmağı çox yaxşı bacarırlar. Səfəvi dövlətinin apardığı müharibələrdə qadınlar da iştirak edərək düşmənə qarşı məğrurluqla vuruşurlar.

Pəhləvi rejimi 1930-cu illərə şahsevənlərə qarşı daha ciddi repressiv tədbirlər görməyə başladı. Tayfa başçıları həbs olundu, bəziləri sürgün edildi, onlara məxsus torpaqlar əllərindən alındı, alaçıqları yandırıldı. İqtisadi çətinliklər şahsevənlərin böyük hissəsinin oturaq həyata keçməsinə səbəb oldu. Şahsevənlərin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının fəal iştirak etmələri də təsadüfi deyil. Yuxarıda qeyd etdiyimiz kimi Pəhləvi rejimi onların hüquqlarını və azadlıqlarını heç vaxt tanımırdı.

Bu gün İranda yaşayan çoxsaylı xalqlardan biri olan şahsevənlər dövlətin və ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar İranın tamhüquqlu vətəndaşları kimi seçib-seçilmək hüququna malikdirlər. Şahsevənlərin bir hissəsi isə yenə də Savalan dağının ətəyində və Muğan düzündə köçəri həyatlarını davam etdirirlər. İnqilabdan sonra İranın yeni hakimiyyətinin “şah” sözündən xoşu gəlmədiyi üçün şahsevənlərə “elsevənlər” deməyə başladılar.

AZƏRTAC

17:11