İranda qadın rejissor olmaq

 

“Mən İsmətəm” filminin rejissoru Leyla Novruzi TRT “Türkiyənin səsi” radiosuna müsahibə verdi.

Leyla Novruzi: “Mən 1989-cu ildə Güney Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlmişəm. 15 yaşımdan incəsənət sahəsi məni özünə çəkib. Hekayələr yazırdım. Artıq bu günə qədər üç kitabım çap olunub: ikisi şeir, biri hekayələrimdən ibarətdir. Mən insanlara danışmaq və insanlarla danışmaq üçün kinonu seçdim. Bura qədər çox qısametrajlı filmdə rol da aldım, amma ikisini özüm çəkmişəm və bir neçə mukafata layiq görülmüşəm. Hər sənətin öz qücü var ki, insan onunla dünyaya mesaj vermək istəyir. İncəsənətin kino dili də insanların ürəyinə yatır. Kino bizim üçün incəsənətdən başqa ehtiyacımızı da təmin edir: həm röyalarımızı, həm də real cəmiyətimizi, tariximizi, mədəniyyətimizi, problemlərimizi onunla dünyaya göstərə bilirik. Bir qadın olaraq və bu cinsi yaxşı tanıdığım üçün qəhrəmanlarımı qadın seçirəm. Mövzülar öz ətrafımda olan hadisələrdən ibarətdir. Çalışıram sosial sujetlərə qlobal baxışla baxam. İstəyim budur ki, tamaşaçı filmimə baxaraq təkcə qadın cinsi və ya bir ölkə, bir vilayəti deyil, öz yerlərində olan bənzər ağrıları görsün, sözləri eşitsin, onda həm özünu, həm də diğər xalqları görə bilsin. Buna görə sosial mövzuları sevirəm. Məsələn, “Mən İsmətəm” filmi. Onun çox önəmli cəhətləri var: həm Azərbaycan dilində çəkilib, həm də əsas qəhrəmanı qadındır və üstəlik o, küçə heyvanlarının qayğısına qalır. Film tamaşaçılara da təsir etdi. Belə qadınlara xalqın fikri dəyişməli və onlara qarşı şiddətlər azalmalıdır. İrandan başqa Türkiyədə də film festivallarında iştirak etmişəm. İstanbul “İpək Yolu Festivalı”nda münsiflər heyətinin Özəl Mükafatına layiq görülmüşəm. Amma mənimçün ən əsas olan xalqımın məni və filmlərimi necə qarşılamasıdır. Çünki mən filmlərimi xalqımın sosial problemlərini işıqlandırmaq üçün çəkirəm.”

Mart ayının 10-unda Tehranda “Pərvin Etisami Qadın Filmləri Festivalı” olacaq. 12 ildir təşkil edilən festivalda qadın kino rejissorlarının qadın movzusunda çəkdiyi filmlər göstəriləcək.

Qeyd edək ki, festival Azərbaycanlı şairə Pərvin Etisaminin (16.03.1907, Təbriz – 06.04.1941, Tehran) adını daşıyır. Onun yazdığı bütün şeirlər o zamankı İranın gündəlik problemləri, onların həlli yolları, qadınların acınacaqlı taleyinə həsr olunub.  

“Pərvin Etisami Qadın Filmləri Festivalı”nda əslən Ərdəbildən olan üç Azərbaycanlı qadın rejissor iştirak edəcək, Haydə Muradi “Qarlı damlar”, Leyla Əhədi “Ətirşahın qışı” və Leyla Novruzi “Mən İsmətəm” filmlərilə.

Xudaferin.eu

00:22