İranda İnqilab Keşikçiləri hakimiyyətə doğru gedir

İranın keçmiş prezidenti Əli Əkbər Haşımi Rəfsancaninin “İslam İnqilab Keşikçiləri Korpusu” (Bəsic) ilə münasibətləri daim gərgin olub. İranın ən güclü hərbi qüvvəsi olan Bəsicin milyardlarla dollarlıq iqtisadi maraqları var.

Mühafizəkar və təcridici xətt

İndi, Əli Əkbər Haşımi Rəfsancaninin ölümündən sonra, inqilab keşikçiləri öz güclərini artıraraq ölkəni daha mühafizəkar və təcridçi siyasi xəttə tərəf itələməyə çalışırlar. Bu ilin may ayında keçiriləcəknövbəti  prezident seçkiləri və İranın ən güclü şəxsi, ali dini lider Ayətullah Əli Xameneyinin səhhətinin pisləşməsi fonunda təhlilçilər Bəsicin tezliklə hakimiyyətin bütün səviyyələrində möhkəmlənəcəyini deyirlər.
Ötən bazar günü 82 yaşında vəfat edən Rəfsancani inqilab keşikçilərinin artan iqtisadi maraqlarını tənqid edirdi. Bu maraqlarsa neft-qaz sənayesindən telekommunikasiya və tikinti sektoruna qədər bir çox sahəyə yayılıb. Rəfsancani həmçinin 2009-cu ildə baş vermiş etiraz aksiyalarının dağıdılmasında Bəsicin rolunu da tənqid edirdi.

Timsahın göz yaşları

Yas mərasimləri zamanı İnqilab Keşikçilərinin komandanı dövlət televiziyasında çıxış edərək islam respublikasının banisi Ayətullah Ruhullah Xomeyininin silahdaşı olan Rəfsancanini tərifləyib. Ancaq təhlilçilərin sözlərinə görə, çoxları ən böyük tənqidçilərinin ölümünə gizli-gizli sevinirlər. "Onlar çox xoşbəxt olacaqlar. Onlar çoxlu timsah göz yaşları axıdırlar", – Andrews Universitetinin İran Elmləri İnstitutunun direktoru Əli Ənsari deyir.
Rəfsancaninin yoldan çəkilməsindən sonra inqilab keşikçiləri növbəti ali dini liderin kim olacağında mühüm rol oynayacaq, öz maraqlarına uyğun liderin seçilməsinə nail ola biləcəklər. "...Haqqında eşitdiyiniz namizədlərin hər biri daha mühafizəkar və radikal baxışlara malikdir", –Qum seminariyasının məzunu, Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqatçısı Mehdi Xələci deyir.

Xameneyini kim əvəz edəcək?

İranda mühafizəkar düşərgə daxildəki siyasi islahatlara qarşı olması ilə seçilir. Rəfsancani mötədil prezident Həsən Ruhaninin seçkiləri qazanmasında aparıcı rol oynayıb. 2015-ci ildə əldə olunmuş nüvə sazişi mühafizəkarların qarşı çıxdığı məsələlərdən biridir. Onlar Ruhani hökumətini tənqid edərkən öz arqumentlərini əsasən nüvə sazişi və onun nəticəsində ölkənin Qərb şirkətlərinə açılması üzərində qururlar.

77 yaşlı Xameneyini kimin əvəzləyəcəyi 2014-cü ildən gündəmdədir.

Dövlət televiziyası 1989-cu ildə İranın ikinci ali dini lideri olmuş Xameneyini yataqda göstərmişdi. Təhlilçilər deyirlər ki, bu, xalqın dəyişikliyin qaçılmaz olduğunu anlaması üçün edilmişdi. Xameneyinin ölümündən sonra Mütəxəssislər Məclisinin 88 üzvü bağlı qapılar arxasında öz namizədlərini irəli sürəcəklər. Təhlilçilər bu işdə İnqilab Keşikçilərin mühüm rol oynayacağını gözləyirlər.

“Şəxsiyyətlər vacib deyil”

İnqilab Keşikçiləri ilk dəfə 1980-ci illərdə İran-İraq müharibəsindən sonra iqtisadi güc əldə etdilər. O zaman ölkənin dini liderləri onların İran iqtisadiyyatına sərmayə qoymasına izn verdilər. Onların təsir gücü və sərvəti özü də keçmiş inqilab keşikçisi olan Mahmoud Ahmadinejad-ın prezidentliyi dövründə daha da artdı. Stanford Universitetindən Abbas Milani deyir ki, onlar kəşfiyyat, maliyyə, polis kimi sahələrdə günü-gündən daha çox rıçaqlar ələ keçiriblər. "Aydındır ki, onlar öz güclərindən yararlanırlar", – Milani deyir.

Ali dini lider vəzifəsinə bəlli bir namizəd olmasa da, bir neçə iddiaçı var.

Ancaq bəzi təhlilçilər deyirlər ki, İnqilab Keşikçilərinin gücləndiyi şəraitdə ali dini liderin kim olacağı o qədər də vacib deyil. "Artıq şəxsiyyətlər vacib deyil. Məndən soruşanda ki, Xameneyini kim əvəzləyəcək, deyirəm ki, İnqilab Keşikçiləri", – Vaşinqton İnstitutundan Xələci söyləyir.

Azadliq.org

 

15:32