İran yeni sanksiyaların hədəfində

 

Sədrəddin Soltan: “Tehran öhdəlikləri yerinə yetirməsə, əlavə təzyiq vasitələri işə salınacaq”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano Donald Tramp administrasiyasının rəsmiləri ilə görüş keçirəcək. “Röyters” xəbər verir ki, müzakirə mövzusu İranın nüvə sazişinə nə dərəcədə əməl etməsi ilə bağlı olacaq. “MAQATE rəhbəri ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşəcək”, - deyə beynəlxalq qurumdan bildirilib.

 

Ağ Evin əldə etdiyi kəşfiyyat məlumatları

 

Görüşdən əvvəl ABŞ KİV-lərində ilginc iddialar yayılıb. İddialara görə, İranın nüvə proqramını davam etdirməsi barədə kəşfiyyat məlumatları əldə edən Ağ Ev görüşdə buna dair faktları MAQATE-yə təqdim edəcək. Ehtimallara görə əgər Beynəlxalq Agentlik ABŞ tərəfinin faktlarını nəzərdən keçirib qəbul etsə, bu zaman İrana qarşı alternativ variantlar işə salınacaq. Əlbəttə, bunun İranın MAQATE və digər beynəlxalq qurumlara yoxlanış üçün nüvə stansiyalarına qapılarını açıb-açmamasından asılı olacaq. İran MAQATE və ABŞ-ın Cenevrə anlaşmasının şərtlərinə uyğun olaraq irəli sürəcəyi tələblərdən boyun qaçırsa, İrana təzyiq üçün bir sıra istiqamətlərdə hərəkətə keçilə bilər. NATO və Pentaqonun İranda antiterror əməliyyatları keçirməsi, dünya bazarlarına neft və qaz çıxarmasına embarqo qoyulması və digər ağırlaşdırılmış sanksiyaların tətbiqi bu gözləntilər arasındadır.

 

“Əlavə təzyiq vasitələri işə salına bilər”
 

Yaxın Şərq və İran məsələləri üzrə ekspert Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, Donald Tramp seçkiqabağı kampaniyada 2015-ci ildə “Altılıq”la İran arasında əldə olunmuş nüvə anlaşmasının doğru olmadığını bildirdi və həmin sənədə yenidən baxılmasının vacibliyinə diqqət çəkdi. S.Soltan bunu həmin sənəddə İranın ballistik raketləri məsələsinin yer almasıyla əlaqələndirib: “İran bu anlaşma əsasında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, hücum məqsədli raketlər istehsal etməməlidir. Əgər İranın nüvə proqramı istədiyi mərhələyə çatarsa, nüvə başlıqları istehsal edib bunları raketlərə yerləşdirə bilər. Hazırda da İranın üzərinə götürdüyü öhdəliklərə əməl edib-etməməsi yoxlanılır. Şübhəsiz ki, ABŞ-la Beynəlxalq Agentlik arasında keçiriləcək görüşdə bu məsələyə baxılacaq. Əgər agentlik iddia etsə ki, İran öhdəlikləri yerinə yetirmir, bu zaman islam respublikasına qarşı yeni sanksiyaların tətbiq edilməsi üçün əsas əldə edilə bilər. Əgər görüşün nəticəsində bu qənaətə gəlinsə ki, İran öhdəlikləri yerinə yetirmir, yaxud öhdəliklərin yerinə yetirilməsində maraqlı deyil, ortaya əngəllər çıxarır, bu zaman ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən İrana qarşı əlavə təzyiq vasitələri işə salınacaq”.

 

“İranın nüvə silahı əldə etməyə nəfəsi çatmaz”
 

Tərəflər arasında etimadın az olduğunu deyən ekspertin sözlərinə görə, əsasən də beynəlxalq ictimaiyyət İrana etibar etmir: “Çünki İran bir sıra məsələlərdə anlaşmanı pozub. Xüsusilə, terrorçulara dəstək verməsi və bölgədə pozuculuq işlərini görməsi İrana olan etimadı azaldıb. Üstəgəl, İran hakimiyyəti bəyan edib ki, əgər qarşı tərəf anlaşmanı pozsa, rəsmi Tehran avtomatik olaraq nüvə proqramını bərpa edəcək. Həm “Altılıq”, həm də İran anlaşmanı pozacağı halda alternativ addımların atılacağı istisna edilmir. İran da başa düşür ki, nüvə proqramını nüvə başlıqları əldə edəcək səviyyəyədək inkişaf etdirmək onun üçün diplomatik təzyiq silahı olacaq. Ehtimal oluna bilər ki, İran hansısa formada öz fəaliyyətini bu istiqamətdə davam etdirir. Bəllidir ki, atom silahından heç bir ölkə istifadə edə bilməz. Çünki dünya o qədər kiçikdir ki, əgər atom silahından istifadə olunsa, bundan bütün dünya ziyan görəcək. Buna görə də nüvə silahları ölkələr üçün diplomatik təzyiq vasitəsidir. Yəni, İran özünə qarşı olan beynəlxalq təzyiqləri azaltmaq üçün bu məsələdən istifadə edə bilər və deyə bilər ki, artıq atom silahı əldə edib. Bu məqsədlə də özünün təhlükəsizlik məsələləri ilə bağlı sənədlərində dəyişikliklər edə, atom silahından istifadə ilə bağlı qaydalar müəyyən edə bilər. Bu da bölgədə əlavə problemlərin ortaya çıxmasına gətirib çıxara bilər. Belə məsələlərdə qarşılıqlı etimad əsas rol oynayır”.

BMT Təhlükəsizlik Şurasının İrana qarşı 3 qətnaməsinin olduğunu xatırladan Sədrəddin Soltan qeyd edib ki, hazırkı vəziyyətdə İranın özünü göstərməsi üçün və beynəlxalq ictimaiyyətə təzyiq üçün nüvə proqramını inkişaf etdirməsi ağılabatan deyil: “Amma bu ehtimal da “yox” deyil. Ona görə ağılabatan deyil ki, İrana qarşı olan sanksiyalar yeni götürülür, münasibətlər yumşalmağa başlayıb, İran Avropa, xüsusilə, Almaniya ilə ticarət əlaqələrini inkişaf etdirir, dünya bazarlarında yenidən neft-qaz çıxarmağa başlayıb. Buna görə də bu vəziyyətdə dünyaya meydan oxumaq İrana baha başa gələ bilər. İranın nüvə proqramını inkişaf etdirməyə nəfəsi çatmaz”.

Mənsur

Cebhe.info

 

10:37