İRAN MÜHARİBƏSİ FONUNDA NEFT FAKTORUNUN AZƏRBAYCANA TƏSİRİ ....

Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi gərginlik qlobal enerji bazarlarına ciddi təsir göstərməkdədir. Müharibə riski və logistika zəncirlərində yaranan qeyri-müəyyənlik nəticəsində dünya bazarında neftin qiyməti kəskin şəkildə yüksələrək bir barel üçün 140 dollar həddini aşmışdır. Bu isə enerji ixracatçısı olan Azərbaycan üçün həm yeni imkanlar, həm də ciddi iqtisadi risklər formalaşdırır.
  Neft qiymətlərinin kəskin artımı ilk növbədə Azərbaycanın dövlət büdcəsi üçün əlavə maliyyə axını deməkdir. Büdcə hesablamalarında neftin qiymətinin – təxminən 65 dollar səviyyəsində götürüldüyünü nəzərə alsaq, mövcud vəziyyət ölkəyə planlaşdırılandan artıq gəlir qazandırır. 
  Bu sosial layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və ehtiyatların artırılması baxımından müsbət amildir.
  Lakin neft gəlirlərinin artması iqtisadiyyat üçün yalnız müsbət nəticələr doğurmur. Azərbaycanın iqtisadi strukturunda əsas problemlərdən biri yüksək idxal asılılığıdır. Ölkə ərzaq və qeyri-ərzaq məhsullarının böyük hissəsini xaricdən təmin edir. Müharibə səbəbindən artan sığorta və logistika xərcləri -- idxal olunan məhsulların qiymətini yüksəldir və bu da daxili bazarda inflyasiyanın sürətlənməsinə səbəb olur.
Xüsusilə ərzaq inflyasiyası əhali üçün ən həssas məsələdir. Çünki bu, birbaşa gündəlik həyat səviyyəsinə təsir edir. 
   Artıq keçən ilin sonlarından başlayan qiymət artımları yaxın aylarda daha aydın şəkildə hiss olunacaq. Yeni qiymətlərlə idxal edilən məhsullar bazara daxil olduqca inflyasiya dalğası daha da güclənəcək.
  Mövcud vəziyyət bir daha göstərir ki, Azərbaycanın əsas struktur problemi daxili istehsalın zəifliyidir. İllərdir bu istiqamətdə müəyyən artımlar müşahidə olunsa da, ümumi iqtisadiyyatda pay baxımından ciddi irəliləyiş yoxdur. Bu isə ölkəni xarici təsirlər qarşısında həssas vəziyyətdə saxlayır.
 Fikrimizcə , daxili istehsal gücləndirilməsə, neft gəlirlərindən əldə olunan qazanc -- inflyasiya vasitəsilə əhalinin rifahına mənfi təsir göstərməyə davam edəcək.
  Bu baxımdan, gömrük rüsumlarının və vergi yükünün optimallaşdırılması ilə yanaşı, yerli istehsalın təşviqi artıq strateji zərurətə çevrilmişdir.
  Müşahidələr göstərir ki, hazırkı neft bahalaşması fundamental iqtisadi səbəblərlə deyil, daha çox geosiyasi risklərlə bağlıdır. Yəni , neft ölkələrinin  hasilat səviyyəsində ciddi problem yoxdur ;  əsas faktor logistika və təhlükəsizlik riskləridir. 
 Bu səbəbdən də İran ətrafında  müharibə başa çatdıqdan sonra  bazarda qiymətlərin dəyişməsi qaçılmazdır. Neftin qiyməti yenidən 100 dollardan aşağı enə bilər.  Bu isə Azərbaycan iqtisadiyyatı üçün daha real və dayanıqlı ssenari hesab olunur.
    Mövcud şəraitdə Azərbaycan manatı üçün ciddi devalvasiya riski görünmür. Əksinə, yüksək neft gəlirləri valyuta ehtiyatlarını artıraraq manatın məzənnəsini dəstəkləyir. Hətta yaxın perspektivdə – həm cari, həm də növbəti il üçün devalvasiya ehtimalı aşağı qiymətləndirilir.
    Lakin  əsas məsələ uzunmüddətli dayanıqlılıqdır. 
   Əgər ölkə iqtisadiyyatı  neftdən asılılıqdan qurtula bilməsə, gələcəkdə milli  valyutanın sabitliyi yenidən risk altına düşə bilər.
    Nəticə etibarı ilə hazırda  İran ətrafında baş verən müharibə fonunda neft qiymətlərinin artması Azərbaycan üçün qısa müddətli maliyyə üstünlükləri yaratsa da ; bu vəziyyət eyni zamanda iqtisadi strukturun zəif tərəflərini də üzə çıxarır. Əsas və vacib məsələ budur ki, indi İran müharibəsi fonunda neft artımından əldə olunan əlavə gəlirlər ; düzgün idarə olunsun və iqtisadiyyatın diversifikasiyası üçün istifadə edilsin. Əks halda, yüksək neft qiymətləri paradoksal olaraq inflyasiya və sosial narazılıq yaradan amilə çevrilə bilər.

Müəllif : Qəvami Sadıqbəyli.

11:39