İran mollakratiya rejiminin təqibləri gücləndirmək qərarını verdi

 

Güney Azərbaycan Milli Hərəkatının fəalları “Ettelaat” tərəfindən təhdid ediliblər

Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları Güney Azərbaycan Milli Hərəkatının gənc fəallarından Kiyumərs İslami və Əli Əhmədi ilə telefon əlaqəsi saxlayaraq onlarla təhqiramiz şəkildə danışıb, fəalları təhdid ediblər. Belə ki, Parsabad şəhərinin “Ettelaat” İdarəsinin əməkdaşları noyabrın 5-də günorta saatlarında milli fəal K.İslami ilə telefon əlaqəsi saxlayıblar. Məmurlar ilk danışığa başlayanda bildiriblər ki, “sizin bir sıra şəxsi əşyanız 2013-cü ildən burada qalıb, əşyalarınızı təhvil almaq üçün idarəyə müraciət edin.” Azərbaycanlı fəal isə onlara cavab olaraq bildirib ki, artıq o əşyalara ehtiyacı yoxdur.

Bu dəfə məmurlar hədələyici tonla vurğulayıblar ki, siz bəzi suallara cavab vermək üçün “Ettelaat İdarəsi”nə müraciət etməlisiniz. K.İslami məmurların tələbini rədd edərək bunun qanunsuz olduğunu, yalnız məhkəmənin rəsmi çağırışı əsasında idarəyə gələ biləcəyini qeyd edib.

Ettelaat əməkdaşları digər milli fəal Əli Əhmədi ilə də əlaqə saxlayaraq onu hədələyib və oxşar tələblər irəli sürüblər. Milli fəal isə məmurların çağırış tələbini rədd edərək onun qanunsuz olduğunu bildirib. Ə.Əhmədi Mühəqqiq Ərdəbili Universitetinin Şəhriyar Dərnəyinin katibi və universitetin “Görüş” öyrənci nəşrinin baş redaktorudur.

Yuxarıda adları çəkilən milli fəallar türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və bir çox təzyiqlərə məruz qalıblar.

Xatırladaq ki, K.İslami ötən günlərdə də Ettelaat əməkdaşları tərəfindən təhdid edilmişdir. Məmurlar noyabrın 2-də yerli vaxtla saat 10 radələrində milli fəala zəng edərək onunla təhqiramiz tonla danışıb, onu hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan siyasi məhbus Siyamək Mirzayiyə dəstək verməkdə günahlandırıblar. Onlar milli fəalla S.Mirzayinin ailəsi arasında olan dostluq münasibətini pozmağa çalışıb, bu barədə onu təhdid ediblər. K.İslami isə Ettelaat əməkdaşlarının təhdidlərinə qarşı öz mövqeyini sonunadək müdafiə edib.

Xudaferin.eu
Güney Azərbaycan, “Muğan Bürosu”

10:11