İran molla rejiminin “Qarabağ” siyasəti

 

Tehran rejiminin xüsusi nəzarətində olan və Qafqaz siyasətini ciddi şəkildə təqib edən “qafqaz.ir” portalında dərc olunmuş “Qarabağın azadlığı üçün Bakının əsas gücü Qüdsün işğalçıları deyil, Azərbaycan Respublikasının cavanlarıdır", həmçinin Təbriz Universiteti tərəfindən çap olunan “Azər” jurnalının 2-ci sayının 2-ci səhifəsində dərc olunmuş “Rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri haqqında Ali Rəhbərin bəyanatları: Qafqazın 17 şəhəri, İranın canının yarısı” adlı məqalələri gerçəkdən də Azərbaycan Respublikasının ərazi bütövlüyünü təhdid edən problemlərdən biridir. Bu yöndə İranda dərc olunan çoxsaylı məqalələrin siyahısının sayı bitib-tükənməzdir. Demək olar ki, hər gün Azərbaycan Respublikasına qarşı hədyanlar bu məcrada gündəmə gətirilir.

 

“Qorxulu Tehran”ın qorxulu oyunları

Müqtədir yazıçı Mürtəza Kazımi Müşfiq hələ 1924-cü ildə Almaniyanın paytaxtı Berlində bu ad altında özünün ən məşhur romanını yazmışdır. Sonradan bu roman qısa zaman içində fransız, ingilis, ispan, polyak, rus, italyan və digər dillərə tərcümə olunaraq bütün dünyaya yayıldı. “Qorxulu Tehran” romanının motivləri elə bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Romanda əgər sadəcə cəmiyyətin social həyat tərzinin bir çox mətləblərində yer alan problemlər qabardılıbsa, son 40 ildə artıq siyasi-strateji xarakter daşıyır. Özəlliklə də Azərbaycan Respublikasına qarşı atılan böhtan çamurlarının həddi hüdudu yoxdur. Faktiki olaraq İranın gündəlik mətbuatında Azərbaycan Respublikasına qarşı fərqli mövzular adı ilə təhqir və həqarətlər atılır. Elə son yazılardan bəzi örnəkləri misla göstərmək olar:
Azərbaycan Respublikasının bəzi KİV-ləri İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin səfərinin təxirə salınması bəhanəsi ilə spekulyasiya və buna bənzər ədəbiyyat şəklində İranın ünvanına qərəzli ittihamlar irəli sürdü. İran regional mövqeyini, həmçinin həssas məqamlarda bu ölkəyə tarixi və təkzibolunmaz dəstəklərini xatırlatmaqla, sözügedən KİV-lərdə realizmə, tarixi mütaliə etməyə və ədalətli nəticə çıxarmağa dəvət edirik. Azərbaycan KİV-lərinin siyasi analitikləri general Bağerinin səfərinin təxirə salınması ilə əlaqədar fərziyyələr fonunda Qarabağ müharibəsi ilə bağlı baş vermiş qüsurlara don geyindirərək, həmçinin bu ölkənin müxtəlif sahələrdə uşaq qatili və Qüdsü işğal edən rejimlə və bu rejimin daimi himayədarı, yəni Amerika ilə əlaqələrinə bəraət qazandırmağa və ittiham barmağını da İrana istiqamətləndirməyə çalışırlar”.
Adicə bu informasiyanın çap edilib yayılmasında ədəbi baxımdan normal qrammatik cümlə quruluşu belə öz yerində deyil. Azərbaycan KİV-ləri Tehran rejimindən fərqli olaraq, milli maraqlarda hər zaman iqtidar-müxalifət demədən, vahid mövqe sərgiləyir. Bu o deməkdir ki, Qarabağ məsələsində, Ermənistan-İran əlaqələrində, digər strateji hədəflərdə milli həmrəylik aparıcı prioritet hesab olunur.
İran Orta Şərqdə qanlı terror siyasəti məsələsində tutduğu ən adi mövqeyinə dolayı yollarla Azərbaycan dövlətini “şərik” olmağa sürükləmək kimi taktikasını hər zaman sərgiləmişdir. Hətta bu istiqamətdə bu gün ölkəmizdə İran rejimi siyasətinin süfrəsində “plov” yeməyə alışmış bəzi sosial zümrələrin vasitəsilə dilə gətirməkdən belə çəkinmir. “Fələstin məsələsi”ni bəhanə edərək digər müsəlman xalqlarını öz strateji hədəflərinin alətinə çevirmək yönündə İran mətbuatı Azərbaycan dövlətinə və vətəndaşlarımıza xitabən nələri yazır:
“Fələstin müqavimətinin və Qəzza sakinlərinin mübarizəsinin İranın Qüds günü kimi yürüşlərində və konfranslarında mənəvi və davamlı dəstəklərindən təsirləndiyini bilirlər. Livan-İsrail müharibələrində İran “dəmir günbəz” və “Merkava" tankları əfsanələrinin puç olmasına məsul kimi təqdim edildi. Yəmənin xalq qüvvələri Ərəbistan dövlətinin hegemonluğu qarşısında təsirli müqavimət nümayiş etdirdilər. Sizin qərbli müttəfiqləriniz İranı yuxarıda sadalanan hadisələrin amili kimi təqdim edirlər. Əgər Yəmən xalqı bu müharibədə geri çəkilərək münaqişə adından istifadə etsəydi, gözlərini yad Qərb və xristian qruplarının yoluna diksəydi, şübhəsiz ölkələrinin böyük bir hissəsini əldən verərdilər və daha çox problemlərlə üzləşərdilər”.

Təbii olaraq belə bir sual yaranır: “İranın Fələstində, Suriyada və Yəməndə nə işi var? Nə üçün Azərbaycan Respublikasına “ağıl” vermək üçün bunca çabalar göstərir? Bu növ sualların sayı elə İranın ərazisi boydadır.

Məhdudlaşdırılan milli siyasət anlayışı

İran İslam Respublikası elan olunan  gündən 40 il ötsə də, hakimiyyətdə olan mollaların özləri tərəfindən yazılan Konstitusiyanın bir çox maddələrinə hələ də məl olunmur. Bu, daha çox Konstitusiyanın 15-ci maddəsində yer alan: “HƏR BİR XALQIN ÖZ ANA DİLİNDƏ MƏKTƏB AÇMAQ, MƏDƏNİ TƏSİSATLARINI YARATMAQ, TELEVİZİYA VƏ RADİO ÇALIŞDIRMAQ, DƏRGİLƏR VƏ QƏZETLƏR ÇAP ETMƏK HÜQUQU VARDIR” qanunua əməl olunmur. Ana dilində təhsil hüququnu tələb edən istənilən vətəndaşa 15 il həbs cəzaı verməkdən belə, çəkinmir. Buna görə də Güney Azərbaycan, Bəlucstan, Kürdüstan, Xuzistan, Loristan, Gilək, Xorasan-Türkmənsəhra, Mazəndaran və digər bölgələrdə yaşayan xalqlar 40 ildir milli kimlik davasını aparırlar. Hətta BMT və digər beynəlxalq təşkilatlar da artıq dilə gələrək xalqların mədəni hüquqlarının tanınması istiqamətində Tehran rejimini küncə sıxmağa məcbur olublar. Bu problemləri qabardan zaman dərhal molla rejimi qıcıqlanaraq, hər bir xalqa qarşı süni şəkildə “düşmən” obrazı yaratmaq taktikasını hərəkətə gətirir. Bundan əlavə, İordaniya, Fələstin, Yəmən, Livan, Liviya, İraq, Misir, Əfqanıstan, Pakistan, Türkiyə, Azərbaycan Respublikası, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər müsəlman ölkələrinə qarşı Tehran rejimi tərəfindən din pərdəsi altında aparılan ekspansionist siyasətin qarşısının alınması üçün başda ABŞ olmaqla bir çox dövlətlər İrana qarşı embarqo tətbiq etməyə məcbur olublar. İran isə heç nə olmamış kimi öz hədəflərini davam etdirməkdədir. 
İran KİV-ləri Azərbaycan Respublikasını nəzərə alaraq görün nə yazır:
“Amerikanın İrana qarşı sanksiyaları ciddi bir şey deyil. Belə ki, korrupsioner və sərvət sərxoşu olan Amerika dünyanın o biri tərəfindən beynəlxalq aləmin dollara olan etimadından sui-istifadə etməklə İrana iqtisadi cəhətdən təzyiq göstərir. Sizin cümlələriniz imtiyaz qoxusu verir. Bu gün sizin söz və davranışınız o ölkənin siyasətçilərinin adından və yaxud da bişməmiş şəxsi fikir kimi millətlərin tarixi yaddaşında qalacaq. Azərbaycan Respublikasının müsəlman xalqı Sovet İttifaqı dövründə 70 illik siyasi, iqtisadi və hərbi təzyiqlərini geridə qoyub və nəhayət müstəqillik tamını dadır. Hələ də islami kimlik ruhu damarlarındadır. Böyük İran dost və müsəlman olan ölkənin müstəqilliyini bayram edən ilk ölkə oldu. Qarabağ müharibəsinin tarixi və hadisələri yenidən araşdırılmalıdır. Yaddan çıxarmamalıyıq ki, nə qədər ki, tab gətirirdiniz və xalq qüvvələri ilə düşmən qarşısında əliyalın müharibə aparırdınız Qarabağ işğal olunmamışdı. Müsibət siyasətçilərinizin “müharibə” sözünü “münaqişə” sözü ilə əvəzlədiyi və torpağınızın və bizim canımızın bir hissəsi olan Qarabağın geri alınması üçün nəticəsiz müzakirələrə əl atdığınız gündən başladı. Hazırda siyasət aləmində Qarabağla bağlı müzakirələrdə uduş və qələbə kartları əldə etmək istəyirsinizsə, bu kartları öz torpağınızda axtarın. Sizin uduş kartlarınız müsəlman və qeyrətli cavanlarınızdır. Qarabağı müzakirələrdə əldən vermisiniz ki, müzakirələrdə də geri qaytarmaq istəyirsiniz?”
Bax buna deyərlər “fars bicliyi”. Ermənistanın strateji müttəfiqi ol, sonra Azərbaycanın işğal olunmuş ərazilərinə görə “şaxsey-vaxsey” sal. Bütün bunlar azmış kimi hələ ağıl öyrətməyi də özünə rəva bil.
Azərbaycan Respublikasının çətin yol keçərək bu dəfə 28 ildir dövlət müstəqilliyini qoruması, hər bir azərbaycanlının dünyanın harasında yaşamasından asılı olmayaraq, milli bütünlük adına düşüncəyə sahib olması, Güney Azərbaycanda  ana dilimizə rəsmi siyasətin tərkib hissəsi olaraq xor baxılması əsla qabuledilməz sayılır. Təbii olaraq İran rejimini bütün bunlar qorxuya salır. Mümkün qədər Güney Azərbaycan məsələsində məhdudiyyətlər tətbiq edir.

 

PKK, KDP, PJAK tipli terror örgütlərinin yanında yer alan İran

Türkiyə, İtaliya, Fransa, Almaniya, Rusiya, İsrail, Kanada, İspaniya, ABŞ və digər böyük dövlətlər özlərinin xüsusi sidmət orqanlarının hesabatlarına istinad edərək İranın Yaxın Şərq ölkələrində, xüsusilə İraq və Suriyada kürd xalqını müxtəlif təşkilatlar adı altında silahlandıraraq, terror siyasətini gündəmə gətirməsi faktından əndişə duyduqlarını dilə gətirirlər. Hətta video lentə alınmış canlı çəkilişləri yayırlar. Ancaq, İran rejimi hələ də etiraf etmək istəmir ki, PKK, KDP, PJAK tipli terror təşkilatlarına guya heç bir yardımlar etmir. Məsələ bundadır ki, bu gün Yaxın Şərqdə dini, təriqət və məzhəblər arası hər hansı bir qarşıdurmalar yoxdur. Lokal silahlı münaqişlərin isə qarşısı anındaca yerli hakimiyyət və elə xalqların öz təşəbbüsü ilə alınır. Ona görə də Tehran rejimi kürdlərə məxsus ənənəvi terror təşkilatlarını hərəkətə gətirməyi hədəf seçibdir.
İran KİV-ləri isə heç nə olmamış kimi saxtakarcasına təkziblər verməkdədir:
“Azərbaycan Respublikası KİV-lərinin yaydığı məlumata əsasən İranın PKK-nı dəstəkləməsi ittiham və iftiradan başqa bir şey deyil. İran və Türkivə əl-ələ veriblər. Biz, evinizin künc-bucağını ixtiyarına verdiyiniz Amerika və İsraillə fikir ayrılığına düçar olacağınız gündən qorxuruq. Bilirik ki, bu gec və ya tez baş verəcək. Çünki sizin kişilərinizdən əlavə hətta Azərbaycan qadınlarının da dünya görüşü uşaq qatili İsrailin zalım ruhuna uyğun gəlmir”.

Bəh…bəh… bəh… Saxtakarcasına qeyrət, namus və şərəfdən dəm vuran Tehran rejimi necə də adilmiş. Güney Azərbaycanın Urmu vilayətini tamamilə “kürdləşdirmə” siyasəti də yalndır? Urmu Gölünü süni şəkildə qurutmaqla oradan 6 milyon nəfərə yaxın bizim soydaşlaırmızı cəlayi vətən etmək də yalandır? Ərdəbil vilayətində kənd təsərrüfatını iflic duruma salan Tehran siyasəti deyilmi? Üç milyonluq Təbrizin illik büdcəsi 300 min əhalisi olan Şirazın büdcəsindən niyə 7 dəfə azdır? Güney Azərbaycanla bağlı 1925-ci ildən bu günə kimi Tehran rejiminin apardığı “Anti Azərbaycan” siyasətini bizlər tənqid etdiyimiz zaman nədən Tehran rejimi dərhal narahat olmağa başlayır? Soydaşlarımıza belə bir münasibət göstərməsi kimsəyə sir deyil. Ona görə də bizlər inanmırıq ki, İran rejimi Şimali Azərbaycana dost və səmimi qonşu sevgisini sərgiləsin. Tehran və İsfəhan şəhərlərində qondarma “erməni soyqırımı” abidələrinə nə üçün adını islam dövləti  qoymuş İran dövləti maliyyə dəstəyi veribdir? Bu suallara Tehran rejiminin deməyə nə sözü, nə də baxmağa üzü yoxdur. Ancaq, heç nə olmamış kimi sayıqlamalarını davam etdirməkdədir:

“Təbriz və İran Azərbaycanı bu gün iki başı uca qoşun kimi ölüm ayağına kimi döyüşə hazırdırlar (guya Qarabağın azadlığı üçün). Heç bir minnətsiz və rüşvətsiz son damla qanlarına kimi dayanıblar. Ac qalsalar da, sanksiya tətbiq olunsa da torpaq yeyərlər, amma torpaq verməzlər, öz xalqı ilə mehriban, düşmənlə isə barışmazdırlar. Kaş Ərdəbilə səfər edərdiniz. İranın təziyə məktəbi, imam Hüseynə və həzrəti Əbülfəzə nökər olmağı bütün Amerika qitəsi ilə dəyişməyən şəhərə. Onlar əhli-beyt məktəbindən tərbiyə alan imam Hüseyn davamçılarıdırlar və onun eşqi ilə yaşayırlar. Həyat təkcə yaxşı yemək, yatmaq və yol getmək deyil, həyat bunlardan daha dərindir və sadəliklə başa düşülən deyil. Kaş Zəncana gələrdiniz, Əzəm hüseyniyyəsində gəzərdiniz. Sevgiyə və həyəcana baxardınız. Bu şəhərin əhalisinin Hüseyn aşurasmdakı izdihamı barədə bir dəfə də siz rəvayət edin. Urmiyəyə gəlin və şəhidlər xiyabanından keçin. Orada o qədər torpağımızın müdafiəsi üçün azəridən tutmuş kürdə kimi bu qədim diyarın torpağının əbədiyyətə kimi İran torpağı kimi qalması üçün canlarından keçiblər.

Sədaqət və ədalətlilik hər bir fitnədə və dumanda doğru yolu göstərən çıraqdır”.

Nağıl, bəzəkli-düzəkli rəvayətlər söyləməkdə farslar hər zaman pərgar olublar. Amma milli məsələ gələndə, dərhal insanların tarixin qədim dolanbaclarında gömmək taktikası ilə hərəkəti günün yaşam normasına çevirməyi çox yaxşı bacarırlar. Ona görə də İran molla rejimi bu ideologiyaya söykənibdir.

İran rejiminin ali dini rəhbəri Azərbaycan Respublikasını tanımaq istəmir

Sözdə “Gülüstan və Türkmənçay müqavilələrini rüsvayçı tarix” kimi dəyərləndirən İran  islam inqilabı ali dini rəhbəri Ayətullah Seyidəli Xameneyinin gündəmə gətirdiyi 

“Qafqazın 17 şəhəri, İranın canının yarısı” ideyası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təhdid olunması deməkdir. Baxın və görün bu ayətullah (milli manqurt) nə deyir: “İran ictimaiyyəti Qafqazdakı tarixi şəhərlərinin işğalının acı xatirəsini unutmayıb. Bu hadisədən iki əsr keçməsinə baxmayaraq, bu damğa Arazın hər iki tayındakı İran xalqının ruhunda və zehnində yaşayır. Cəmiyyətin ziyalıları Arazın şimal rayonlarını böyük İran mədəniyyətinin ayrılmaz hissəsi hesab edirlər. Hətta bir çox mütəxəssislər bu regionları “Şimali İran” adlandırırlar. Arazın şimalına iki əsrdir yadların hökmranlıq etməsinə baxmayaraq, mədəni, ayin, dil və milli ortaqlıqlar Araz çayının hər iki tərəfində İran xalqının vəhdətinin sübutudur”.
Bütün bunlar azmış kimi, Ayətullah Seyidəli Xameneyi 215 il bütöv Azərbaycan ideyası ilə dövlət idarə etmiş Qacarlar dövlətinin rəhbərlərini xain, satqın, şəhvətpərəs, dönük və sair aşağılayıcı ibarələrlə təhqir etməkdən belə çəkinmir. Halbuki, Qacarlar Rusiya ilə bütün gücü ilə döyüşüblər və tarixdə böyük qəhrəmanlıqlar göstəriblər. 

Ayətullah Seyidəli Xameneyinin çıxışlarından örnəklər:

(7 oktyabr 1992-ci il). Şimal qonşumuz tərəfindən müharibəyə sürükləndik. Nəticəsdə zəifliklər bu idi ki, bu vətənin böyük bir hissəsi ondan ayrıldı və rüsvayçı Türkmənçay müqaviləsi bağlandı.

(21 oktyabr 1992-ci il). Uzaq keçmişdə, əziz ölkəmiz şimal qonşumuzun, yəni rusların hücumuna məruz qalanda Qacar padşahlarının zəifliyi, siyasi və hərbi şəxslərin acizliyi səbəbindən Gürcüstan və Qafqazın 11 şəhəri əziz İrandan ayrıldı, öz qələbələrindən məst olmuş rusları öz yerində oturdan qüvvə Təbriz idi. Təbrizlilər hücum edən ordunun qarşısını alaraq, bir daha əziz İranın bu regionunu xilas edə biliblər.

(27 iyul 1994-cu il). Bu gün rüsvayçı Türkmənçay müqaviləsindən 200 ilə yaxın zaman keçir. O tarixi oxuyan hər bir iranlı iki əsr keçdikdən sonra öz ruhunda utanc, həqarət və məğlubiyyət hiss edir və özündən soruşur: O cür böyük hadisə zamanı ölkə başçıları ölkənin milli kimliyinin köməkliyi ilə iradəni, ölkənin maddi və mənəvi sərvətlərini niyə ortaya çıxara bilmədilər?! Düşmənin təcavüzkar ordusu ölkənin ürəyinə qədər gəldi. Sonra yalvarış, xahiş, hədiyyə, özünü dost kimi təqdim edən düşmənlərin vasitəçiliyi, çoxsaylı milli xəsarətlər və İran xalqına edilən xəyanətlər müqabilində bir qədər geri çəkilməyi qəbul etdi. Halbuki, Qafqazın 17 şəhərini İrandan almış və ölkəni öz canının bir parçasından məhrum etmişd.

(27 sentyabr 2000-ci il). Həqiqətən də xalqın ürəyi Fətəli şah zamanındakı hadisələr, Rus-İran müharibələri, Türkmənçay müqaviləsi, bu müddət ərzində rusların iranlılara tətbiq etdiyi məcburiyyətlər, zorakılıqlarla doludur.

(3 iyun 2012-ci il). İnqilabla nəticələnən 200 illik bu uzun müddət ərzində biz çətin, qaranlıq və əzablı yol keçmişik. Bu 200 illik müddətdə təhqiramiz Türkmənçay, ondan qabaq isə Gülüstan müqaviləsi bağlanmış, Qafqazın 17 şəhərini İrandan ayırıblar.
Zahiri baxımdan diplomatikcəsinə ifadə olunan bu fikirlərin alt qatında yer alan tək hədəf isə, Azərbaycan Respublikasının tarixi və günümüzün reallığı baxımından dövlət müstəqilliyinin qəbul edilməməsi, tanınmaması, 17 tarixi mədəniyyət mərkəzimiz olan iri şəhərlərimizə qarşı ərazi iddiasını sərgiləmək hədəfləri yer alıb bu çıxışlarda. Problem də budur. İran molla rejiminin strateji hədəflərinin bütün çalarları elə Ayətullah Seyidəli Xameneyinin nitqlərində yer alan fikir və ideyalar Azərbaycan Respöublikasının dövlət olaraq müstəqilliyinə qarşı daim strateji hədəflərini sərgiləmək deməkdir. Məhz buna görə də İran-Azərbaycan dövlətləri arasında daim gərginliklər yaşanılır.

Xudaferin.eu

17:10