İki güləşçimiz bu gün dünya çempionatının finalında yarışacaq

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin (U-23) dünya çempionatı keçirilir.

Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə daha beş yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Onlardan üçü təsnifat, ikisi isə 1/8 finaldan çıxışına başlayıb.

Murad Məmmədov (60 kq) ilk mərhələdə Özbəkistan idmançısına rahat qalib gəlib. Pəhləvanımız qırğız rəqibini yolundan kənarlaşdırıb. Məmmədovun 1/4 finalda gürcü güləşçi ilə görüşü gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Murad yarımfinala yüksəlib.

Pəhləvanımız bu mərhələdə türk güləşçiyə də gücünü göstərərək, finala vəsiqə qazanıb. Murad bu gün axşam seansında Yaponiya təmsilçisi Keniçiro Fumita ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Kərim Cəfərov (67 kq) təsnifat mərhələsində amerikalı rəqibini fasiləyə qədər məğlub edib. Güləşçimiz yapon həmkarını da vaxtından əvvəl üstələyib. Cəfərov qazaxıstanlı rəqibi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq, adını yarımfinala yazdırıb.

Kərim macar rəqibinə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. Cəfərov bu gün həlledici qarşılaşmada misirli Məhəmməd İbrahim Əlsəidlə münasibətləri aydınlaşdıracaq.

İslambəy Dadov (72 kq) üçün start uğurlu alınmayıb. Təmsilçimiz 1/8 finalda Türkiyə pəhləvanına yenilib. O, bu gün bürünc medal uğrunda təsəlliverici görüşdə macarıstanlı Tamaş Lavay ilə qarşılaşacaq.

Orxan Nuriyev (97 kq) debütdə macar rəqibinə müqavimət göstərə bilməyib. O, təsəlliverici görüşdə finlandiyalı Mati Elias Kuosmanenlə görüşəcək.

Qeyd edək ki, bu il İstanbulda U-23-lər arasında Avropa çempionu olmuşİslam Abbasov (87 kq) ötən il olduğu kimi, dünya üçüncüsü olub.

Oxu.Az

15:25