İdmançılarımız 11 medal qazandı - Foto

Azərbaycan idmançıları Aşihara Karate növü üzrə Türkiyənin Antalya şəhərində baş tutan yeniyətmələr, gənclər və böyüklər arasında keçirilən Avrasiya Çempionatında iştirak ediblər.

Xudaferin.eu xəbər verir ki, turnir mart ayının 20-dən 24-nə qədər davam edib. Ümumilikdə, 20 ölkədən 220 idmançının iştirak etdiyi turnirdə azərbaycanlı idmançılar uğurlu nəticə göstərməyi bacarıblar.

11 idmançı ilə çempionatda təmsil olunan Azərbaycan 6 qızıl, 4 gümüş və 1 bürünc olmaqla, 11 medal qazanıb. Beləliklə, turnirdə iştirak edən bütün azərbaycanlı idmançılar evə medalla qayıdıblar.

İdmançıların uğurlu nəticələri ilə bağlı bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda mətbuat konfransı keçirilib.

Konfransda fondun prezidenti SSRİ idman xadimi Maarif Bağırov, vitse-prezidentlər Umud Rəhimoğlu, İzzət Cəlilov və Vüsal Məmmədov, həmçinin beynəlxalq turnirdə Azərbaycanı layiqincə təmsil edən idmançılar iştirak ediblər.

Konfrans iştirakçılarını salamlayan federasiya prezidenti Maarif Bağırov idmançıların əzmkar mübarizə ruhundan bəhs edib:
“Öz adımdan və vitse-prezidentlərimiz adından idmançılarımızı əzmkar qələbəyə görə təbrik edirəm. Hamısına uzun ömür, can sağlığı arzulayıram. Belə bir şey var: içində, ürəyində idmançı ruhu olan hər kəs bu şərəfi axirət dünyasına qədər daşıyır. Harada işləməyindən, yaşamağından asılı olmayaraq hər zaman onun ruhu idmana bağlı olur. Əgər bizim hələ də idmana bağlılığımız olmasaydı, bu gün biz bu federasiyada birləşə bilməzdik. Bizim bu uşaqlarda həm idmana bağlılıq, həm də vətənpərvərlik ruhu yüksəkdir. Biz Dünya Çempionatında döyüşəndə mən, elə bil, istirahət edirəm. Biz Antalyadakı çempionatda iştirak edəndə oradakı 20 ölkənin hamısının nümayəndəsi gəlib bizim komandamızla maraqlanırdı. Bizimlə şəkil çəkirirdilər. Bu uğura görə bütün idmançılarımızı idmansevərlər adından səmimi qəlbdən təbrik edirəm. Hər birinə təşəkkür edirəm”.

Federasiya prezidenti sonda əlavə edib ki, döyüşçülər arasında 60 kq çəkidə mübarizə aparan Musa Musazadə yarışın "Ən gözəl usta döyüşçüsü" kubokuna layiq görülüb.

Daha sonra vitse-prezident Vüsal Məmmədov çıxış edərək Türkiyə səfəri barədə təəssüratlarını bölüşüb:

“Antalyada bizim 11 döyüşçümüz o qədər gözəl mübarizə nümayiş etdirdi ki, həqiqətən də, başqa komandaların diqqətini cəlb etdi. Bu da hər bir idmançıya nəsib olan şey deyil. Əldə olunan nəticəmiz komanda sayı üzrə birincilik sayılır. Ona görə ki, bütün idmançıların hər biri vətənə medalla qayıtdı. Orada iştirak edən bütün ölkə nümayəndələri gəlib bizim əlaqə nömrələrimizi, ünvanımızı öyrəndilər ki, gəlib bizimlə birgə məşq etsinlər. Bizim döyüş texnikalarımızdan yararlansınlar. Bu da ölkə adına qürurverici faktdır. Çempionatda 20 ölkədən 250-yə yaxın idmançı iştirak edirdi. Onlar arasında ən yaxşı usta döyüşçü bizim komandamızın üzvü seçilib. Bundan başqa, bizim idmançımız Fərman Rəhimov çox maraqlı döyüş keçirdi. O, türk rəqibinin ayağını sındırdı. Doğrudur, biz buna sevinmirik. Lakin bu idmandır. Burada hər şey ola bilər. Digər bir döyüşçümüz Namiq Məmmədzadə ilk döyüşünü nokautla sonlandırdı. Bizim ən kiçik idmançımız Məhəmməd Əsgərov 7 yaşında olmasına baxmayaraq, çempionatda Azərbaycan himnini səsləndirdi. Bu da hər oğula qismət olan şərəf deyil. Mən bütün idmançılarımızın hamısına dərin təşəkkürümü bildirirəm. Ona görə ki, Azərbaycanın bayrağını bir prezident yüksəldir, bir də idmançılar. İnşallah, gələcəkdə daha gözəl nailiyyətlərlə ölkəmizi təmsil edəcəyik”.

Konfransın sonunda prezident və baş məşqçi Maarif Bağırov jurnalistlərin diqqətinə çatdırın ki, Aşihara Karate növü üzrə millimiz gələn il Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, çempionatda böyüklər arasında Musazadə Musa, Məmmədzadə Namiq, Rəhimov Fərman, uşaq və yeniyetmələr arasında Hüseynov Rauf, Vəliyev Ülfət, Əsgərov Məhəmməd qızıl, Qafarov Natiq, Qasımov Rəhman, Babayev Azim, Həsənov İlkin gümüş, Quliyev Rauf bürünc medala layiq görülüb.

1998-ci ildən fəaliyyət göstərən Aşihara Karate Federasiyası, 2002-ci ildən dünya çempionatlarına qatılır. Bu günə qədər bir sıra beynəlxalq yarışlarda nailiyyətlər əldə edib. Əlbəyaxa (ful kontakt) döyüş növü olan bu karate növünün inkişafı gənclərimizin sağlam, döyüşkən, mübariz ruhda formalaşması üçün geniş imkanlar açır.

17:47