İctimai-siyasi fəalları müdafiə edən vəkillərə qarşı kütləvi hücum başlayıb

 

Azərbaycan hökuməti ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkillərə qarşı kütləvi şəkildə hücuma keçib. Hücum da elə dövlət orqanlarının əli ilə həyata keçirilir. Bu prosesdə müxtəlif dövlət strukturları iştirak etsə də, xüsusən prokurorluq daha çox fəallıq edir. “Azadliq.info”ya daxil olan məlumata görə, son üç ayda siyasi motivli işlərə çıxan vəkillərin əksəriyyətindən üzv olduqları Vəkillər Kollegiyasına şikayətlər göndərilib. Məlumatda bildirilir ki, təkcə Baş prokurorun birinci müavini Rüstəm Usubov son bir ayda ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən dörd vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına məktublar göndərib. Ümumilikdə isə bu cür təqdimatlar əsasında ona yaxın tanınmış vəkil haqqında Vəkillər Kollegiyasında araşdırma başlandığı bildirilir.

Mənbə “Azadlıq.info”ya prokurorluğun cəzalandırmaq istədiyi vəkillərin adlarını da bildirib. Bu məsələ ilə əlaqədar dəqiqləşdirmə apardığımızdan hələlik adları qeyd etmirik. Bununla belə, Penitensiar Xidmətin rəis məzuniyyətdə olduğu müddətdə onu əvəz edən Oqtay Məmmədovun vəkil Yalçın İmanovun, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun isə digər vəkil Elçin Sadıqovun cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciət etdiyi məlumdur. Mənbə bildirir ki, R.Usubov vəkillər haqqında yazdığı təqdimatlarda onları hüquqlarını müdafiə etdikləri şəxslər haqda mətbuata açıqlama verməkdə, həmin işləri siyasiləşdirməkdə, istintaqa təsir göstərmək cəhdində günahlandırır. İctimai-siyasi fəalları müdafiə edən, müstəqil mövqeyi olan, istintaq orqanı və məhkəmələrdəki qanun pozuntularına göz yummayan vəkillərin cəzalandırılması halları bundan əvvəl də vardı. Xalid Bağırov, Namizəd Səfərov, Əlayif Həsənov, Müzəffər Baxışov, Aslan İsmayılov və digərləri məhz bu səbəblərdən Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Amma birdən-birə eyni vaxtda bu qədər vəkildən cəzalandırılması üçün total şəkildə hücum olmamışdı. Azərbaycanda nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmələrdə vətəndaşları müdafiə etmək hüququndan məhrum edilməsindən sonra ölkədə vəkillərin azlığı məsələsi ciddi problem kimi ortaya çıxıb. Dəyişiklikdən sonra məhkəmələrdə istər cinayət işləri, istərsə də mülki işlərdə vətəndaşların hüquqlarını yalnız Vəkillər Kollegiyasının üzvü olan şəxslər müdafiə edə bilər. Bir də ixtisasından asılı olmayaraq, məhkəmədə tərəf olan vətəndaşın yaxın qohumu…

Hər il Azərbaycan məhkəmələrində orta hesabla 300 minə qədər işə baxılır, ölkədə vəkillərin sayı isə cəmi 936 nəfərdir. Nümayəndəlik institutunun fəaliyyətini iflic vəziyyətə salan hökumət bu arqument qarşısında aciz qalır. Ona görə də tövsiyə olunub ki, Vəkillər Kollegiyasına üzvlük üçün imtahanlar tezləşdirilsin, vəkillərin sayı artırılsın. Belə görünür ki, peşəkar, sözü ilə üst-üstə düşən, gerçəkdən vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan vəkilləri uzaqlaşdırmağı qarşıya məqsəd qoyan hökumət “sözəbaxanlar”dan ibarət Vəkillər Kollegiyası formalaşdırmaq niyyətindədir. Əks halda, illərdir vəkil peşəsinə də, qanunlara da xəyanət edib, hüquqlarını müdafiə etməli olduğu şəxsin maraqları üzərində xırda alverlə məşğul olan “vəkillər” haqqında da tədbir görülərdi. Belə “vəkil”lərdən Kollegiyaya nə qədər şikayət göndərilir, amma onlara əhəmiyyət verilmir. Nəticədə müstəntiqlərin, əməliyyatçıların özlərindən, imzalarından alət kimi istifadə etdikləri “vəkil”lər “evlər yıxmaqda” davam edir. Hökumətin tutduğu bu yol təkcə siyasi işlərə çıxan vəkillər üçün yox, özünə və peşəsinə hörmət edən istənilən vəkil üçün təhlükədir. Arxasında yüksək vəzifəli məmurun dayandığı işdə qarşı tərəfin hüquqlarını müdafiə edən vəkil həmin məmurun sifarişi ilə istənilən vaxt Vəkillər Kollegiyasından kənarlaşdırıla bilər. Başqa sözlə, vətəndaşların hüquqlarını müdafiə etməli olan vəkillərin özlərinin müdafiə təminatı yoxdur.

Azadliq.info

10:46