İcra başçıları əhalini soyuqla imtahana çəkir

 

Qış qapını kəsib. İqlimin sürətlə dəyişən şərtləri bu il də qışı Azərbaycana tez gətirdi. Yaydan birbaşa soyuq fəsilə keçən ölkə əhalisi həmişəki kimi təbiətin bu gözlənilməz sürprizinə hazır deyildi.İnsanlar qışa yay paltarlarında təslim oldular.Sinoptiklər deyir ki, yayın son aylarından normadan artıq yağan yağışlar qarşıdan gələn sərt qışın xəbərçisidir.Alimlər Şimal və Cənub qütblərində yerdəyişmənin başlaması ilə əlaqədar dünyanın qlobal soyuqlaşmaya getdiyini anons edirlər

Kəskin iqlim dəyişikliyi bir neçə il sonra Şimal Buzlu okean buzlaqlarının əriməsi ilə əlaqədar bir sıra ölkələri su altında qoya bilər. Bununla da Cənub yarımkürəsi dona bilər. Qlobal soyuqlaşmanın bir çox ölkələri qalın buz layları altında qoyacağı gözlənilir.Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, dünya təbiətin tədricən dəyişkənliyinin hazırladığı qorxulu sürprizə hazır deyil.

Azərbaycanın qışa hazırlığı

Lakin qış hələlik normalara uyğun keçir.Düzdür, ildən-ilə bir sərtlik müşahidə olunsa da vəziyyət o qədər də qorxulu deyil. Ölkələr əvvəldən qışa hazırlıqlı ola bilirlər. Lakin bizim üçün maraqlı olan bu ölkələrdən yalnız biridir: Azərbaycan. Hər il qışa hazırlıq məsələsi bu ölkənin gündəmini zəbt edən əsas problemdir. Amma bu hazırlıq problem kimi dəfələrlə qabardılsa da hər il dəyişən eyni mənzərə var: qış ölkəni dondurur. Bu problemin həllində rayonların və şəhərlərin icra strukturlarının üzərinə böyük məsuliyyət düşsə də görünən budur ki, bu strukturların başçıları öz işlərinə qeyri-peşəkar yanaşırlar.Paytaxt Bakıda nəzəri də olsa, hazırlıq ab-havası hiss olunur.Ancaq digər rayon və şəhərlərdə bunu görmək müşkül məsələdir.Heç olmasa, Bakıda sakinlərə xəbərdarlıq edilir, istiliyin verilmə vaxtı açıqlanır, qazın verilməsində nə vaxt fasilələrin olacağı insanlara çatdırılır. Amma bölgələrdə icra başçılarının görəcəyi işlərin siyahısında qışa hazırlıq kimi bir məsuliyyət yoxdur.Rayon və şəhər mərkəzlərində müəyyən hərəkətlənmə olsa da, kəndlər tamamilə unudulub. Son illərdə kəndlər qazlaşdırılsa da insanlar qış aylarında qazdan istilik vasitəsi kimi istifadə etmirlər. Səbəb qiymətlərin baha, kənd yerlərində yaşayan insanların isə imkansız olmasıdır. Düzdür, insanları işlə təmin etmək icra hakimiyyətlərinin üzərinə düşən vəzifə deyil, amma problemləri ilə maraqlanmaq və imkan daxilində bu problemləri həll etmək onların işidir.Lakin bütün bunlara baxmayaraq, kənd yerlərində yaşayan insanlar hələ də yanacaq kimi odundan istifadə edirlər.Görünən budur ki, icra başçıları insanları qışa hazırlamaqları bir qırağa, heç zəhmət çəkib özlərini yerlərindən qaldırıb insanların arasına çıxmaq istəmirlər.

Belə icra başçıları olan ölkənin...

 

İndiyədək də icra başçıları görməli olduqları işlərdən yox, qanunazidd hərəkətləri ilə özlərindən söz etdiriblər.Bölgələrin inkişafı üçün ayrılmış pulların icra başçıları tərəfindən mənimsənildiyini, onların bu pullar hesabına özlərinə dəbdəbəli həyat qurduqlarını Azərbaycanda bilməyən yoxdur.Dəfələrlə belə icra başçıları ölkə başçısının qəzəbinə tuş gəlib və buna görə vəzifələrini itiriblər.Belə icra başçıları olan ölkədə nəinki qlobal soyuqlaşmaya, adi qışa belə hazırlıqdan danışmaq mümkün deyil.

Mənsur

 

10:37