Hulusi Kılıç: Prezident İlham Əliyevin Ali Ordenlə təltif olunması türk dövlətlərinin Azərbaycan xalqına Zəfər təbrikidir

Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması türk dövlətlərinin Azərbaycan xalqına tarixi Qarabağ Zəfərinin təbrikidir. Liderlər bu tarixi qərarla bir daha bütün dünyaya nümayiş etdirdilər ki, türk dünyası birdir, həmrəydir, sabitlik və inkişaf yolunda qətiyyətlidir. Çünki Qarabağ Zəfəri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, regionda yeni münasibətlər sferasının, sülh və inkişaf platformasının qurulması və təminatı deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söyləyib.

Noyabrın 12-də İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü ayrı-ayrı prizmalardan təhlil edən səfir deyib: “Can Azərbaycanda səfir olduğum dövrdə - 2009-cu ildə türk qapısı qədim Naxçıvanda təsis edilən Türk Şurası ötən 12 ildə böyük inkişaf yolu keçib. Qurumun bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi beynəlxalq inteqrasiya baxımından mühüm amildir. Türk Şurası mühüm regional missiya həyata keçirib. Bundan sonra isə Türk Dövlətləri Təşkilatı eynilə Avropa İttifaqı kimi beynəlxalq missiya daşıyacaq”.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsində və inkişafında Azərbaycanın tarixi xidmətlərini yüksək dəyərləndirən səfir Hulusi Kılıç əminliklə bildirib ki, Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatının cəlbediciliyini artıracaq və üzv ölkələrin imkanları yeni layihələrin ortaya çıxmasına təkan verəcək. Müasir dövrdə sabitlik və inkişaf bütün normal ölkələrin arzusu və ehtiyacıdır.

Səfir fikirlərini belə tamamlayıb: “Türk Dövlətləri Təşkilatı millətimizə və dövlətlərimizə xeyirli, düşərli olsun. Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir!”.

 

Sabir Şahtaxtı

Xudaferin.eu

16:14