Hərbi Dəniz Qüvvələrində keçirilən birgə təlimlər başa çatıb

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov tədbirdə çıxış edərək bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşəkarlıqla yerinə yetirilib.

Təlimlərdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edən kontr-admiral S.Bəkirov onlara gələcək xidmətlərində daha böyük nailiyyətlər qazanmağı arzulayıb.

Qeyd edək ki, iki qardaş ölkə ordularının nümayəndələrinin iştirakı ilə keçirilən birgə təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı bölmələrin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı tapşırıqların icrası zamanı uzlaşmanın təmin olunması, eləcə də peşəkarlığın və bölmələrin idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir.

Xudaferin.eu


 

13:20