HƏQİQİ TÜRK OLMAQ NƏDİR?

Türk olmaq sadəcə bir millətə mənsub olmaq, bir ad daşımaq və ya özünü “Türkəm” deyə təqdim etmək deyil. 

Türk olmaq, hər şeydən əvvəl, bir mənəviyyat, əxlaq, vicdan və məsuliyyət anlayışıdır.

Mənim üçün “Türk” deyəndə ilk növbədə haqqın və ədalətin yanında dayanan, zəifə əl uzadan, arxasıza arxa, kimsəsizə sahib çıxan, yetimin dərdinə şərik olan böyük bir İnsan obrazı canlanır.

Çünki insanın kimliyi yalnız doğulduğu torpaqla, daşıdığı soyadla və ya mənsub olduğu millətlə ölçülmür. İnsanı ucaldan onun əməlləridir. Millət isə öz böyük adını məhz o millətin övladlarının davranışları ilə ucaldır və ya alçaldır.

Əsl Türk anaya və ataya hörmət edər, qadına ehtiram göstərər, uşağa mərhəmətlə yanaşar, böyüyə sayğı, kiçiyə sevgi bəsləyər. 

O, başqasının malına göz dikməz, heç kimin namusuna toxunmaz, verdiyi sözün arxasında durar. Dostluqda vəfalı, qardaşlıqda sədaqətli, düşmən qarşısında isə mərd olar.

Çünki Türkün böyüklüyü yalnız gücündə deyil. Əsl böyüklük gücə sahib olduğun halda ədalətli ola bilməkdədir.

Güclü insan zəifi əzə bilər. Amma həqiqətən böyük insan güclü olduğu halda zəifi qoruyandır.

Türkün tarix boyu ən böyük dəyərlərindən biri də məhz budur: mərdlik və ədalət.

Türk türkün qardaşı, arxası, sirdaşı və dayağıdır. Lakin Türkün əsl gücü nə onun sayında, nə torpaqlarının genişliyində, nə də tarixinin qədimliyindədir. Əsl güc birlikdə, mənəviyyatda, milli yaddaşda və insanlıqda yaşayır.

Bir millətin böyüklüyünü yalnız onun keçmişi müəyyən etmir. Böyük tarixə sahib olmaq şərəfdir, amma o tarixin mənəvi yükünü daşımaq daha böyük məsuliyyətdir və şərəfdir.

Bizim qürur duyacağımız böyük tariximiz, zəngin mədəniyyətimiz, qədim adət-ənənələrimiz və bəşəriyyətə bəxş etdiyimiz dəyərlərimiz var. 

Lakin Türk tarixini və Türk mədəniyyətini həqiqətən dərk edən savadlı və vicdanlı insan, Türk olmasa belə, Türkə hörmət etməyi bacarar.

Çünki həqiqi Türkçülük başqasına nifrət etmək deyil.

Əsl Türkçülük öz milli mənsubiyyətini qoruyaraq başqasının da milli mənsubiyyətinə hörmət etməkdir. 

Öz millətini sevməklə başqa millətləri düşmən görmək arasında böyük fərq var. Milli qürur başqa xalqlara nifrət üzərində qurulmamalıdır. Əksinə, insan öz dəyərini bildikcə başqasının dəyərinə də hörmət etməyi bacarmalıdır.

Mənim üçün Türk olmaq heç vaxt üstünlük iddiası olmayıb. Əksinə, bu ad mənim üçün böyük və müqəddəs bir məsuliyyətdir.

Bu məsuliyyətin adı vicdandır.

Ədalətdir.

Mərdlikdir.

Dürüstlükdür.

Sədaqətdir.

Alicənablıqdır.

Və hər şeydən əvvəl, İNSANLIQDIR.

Amma özünü Türk adlandırıb bu dəyərlərin tam əksinə yaşayan insanların qarşısında bir sual dayanır:

Türk adını daşımaq kifayətdirmi?

Gözünü başqasının malına dikən, özgəsinin namusuna tamah salan, güclünün qarşısında əyilib zəifə zülm edən, yaltaqlığı məharət, rüşvəti qazanc, yalanı həyat tərzi, bölgəçiliyi və tayfaçılığı üstünlük sayan insan əsla Türk ola bilməz! 

Belələri Türk adının ucalığına layiqdirmi?

Axı böyük adlar yalnız dillə daşınmır.

Böyük adlar əməllərlə yaşadılır.

Türk adı da belədir.

Türk adını şərəflə daşımaq üçün yalnız milli mənliyinə sahib çıxmaq kifayət deyil. Savadlı olmaq, ədalətli olmaq, dürüst olmaq, vicdanlı olmaq, alicənab olmaq və başqasının haqqına hörmət etmək də lazımdır.

Çünki insanın öz millətini sevməsi onun başqasına nifrət etməsinə haqq vermir.

Türk olmaq başqasını alçaltmaq deyil, özünü ucaldarkən başqasını da insan olaraq görməkdir.

Türk olmaq nifrət deyil, mərhəmətdir.

Zülm deyil, ədalətdir.

Ayrı-seçkilik deyil, birlikdir.

Təkəbbür deyil, ləyaqətdir.

Mümkün olduğu qədər savaş deyil, sülhə üstünlük verməkdir.

Bütün dinlərə və inanclara hörmət də insanlığın və mədəniyyətin göstəricisidir. İnanc insanın vicdanına aid müqəddəs bir seçimdir. 

Heç bir insan yalnız inancına görə digərindən üstün və ya aşağı hesab edilməməlidir. Türk dünyasının tarixində də müxtəlif dinlərə, inanclara və mədəniyyətlərə münasibətdə böyük bir dözümlülük ənənəsi mövcud olub.

Çünki insanı dəyərli edən onun hansı dinə mənsub olması deyil, insan olaraq necə yaşamasıdır.

Bəlkə də bütün fəlsəfənin ən sadə həqiqəti budur:

İnsan doğulmaq asandır, insan olmaq isə çətindir.

Türk olmaq da mənim üçün məhz bu çətin və şərəfli yolun adlarından biridir.

Əgər bir gün dünyada “Türk” adı çəkiləndə insanların gözündə qorxu deyil, inam və güvən, ürəyində nifrət deyil, hörmət və sevgi yaranarsa, deməli, biz Türk adının əsl mənasını yaratmışıq.

Əgər bir Türk dünyanın harasında olursa-olsun, haqsızlığa qarşı dayanırsa, zəifin əlindən tutursa, yetimin göz yaşını silirsə, verdiyi sözə sadiq qalırsa, özündən böyüyə hörmət, özündən kiçiyə mərhəmət göstərirsə, deməli, o, Türk adını yalnız dilində deyil, vicdanında daşıyır.

Çünki əsl Türk öz adını dili ilə deyil, əməlləri ilə ucaldandır.

Nə xoşbəxtdir “Türkəm!” deyən insan…

Amma daha xoşbəxt odur ki, insan “Türkəm!” deməzdən əvvəl İNSAN olmağı bacarır.

Çünki bütün böyük dəyərlərin təməlində insanlıq dayanır.

Millətlər insanlıqla ucalır.

Tarix ədalətlə yadda qalır.

Mədəniyyət mərhəmətlə zənginləşir.

Və insan öz adını ən çox yaxşı əməlləri ilə yaşadır.

Mənim üçün həqiqi Türkçülük də məhz budur:

İnsanı sevmək, haqqı qorumaq, ədalətin yanında dayanmaq, öz kökünə sahib çıxmaq və heç kimin haqqına toxunmamaq.

Çünki Türk adı böyükdür.

Bu adı daşımaq şərəfdir.

Amma bu şərəfin ən böyük şərti ona layiq yaşamaqdır.

Yaşasın İNSAN!

Yaşasın ƏDALƏT!

Yaşasın SÜLH!

Yaşasın TÜRK!

Yaşasın Azərbaycan!

Elman Mustafazade

Xudaferin.eu

16:44