Hökumətin fantastik ağ yalanı

Həqiqətənmi əhalinin 10 aya gəliri 40 milyard manat edib? 560 dollar olan orta aylıq əmək haqqı hazırda 300 dollardır

Nemət Əliyev: “Bu göstəriciyə əhalinin gəlirlərinin alıcılıq qabiliyyəti baxımından yanaşmaq lazımdır”

2016-cı ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,9% artaraq 40 mlrd. 28,5 mln. manata çatıb. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gəlirlərin 79,4%-i və ya 31,783 mlrd. manatı son istehlak xərclərinə, 9,1%-i və ya 3,6 mlrd. manatı vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i və ya 1,041 mlrd. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9%-i və ya 3,6 mlrd. manatdan bir qədər az yığıma yönəldilib. Açıqlanan rəqəmlər reallığa nə dərəcədə uyğundur? Həqiqətənmi 2016-cı ildə əhalinin gəlirləri artaraq 40 milyard manat edib. Büdcə təşkilatlarında çalışanların aldıqları məvaciblər, ölkəyə Rusiyadan daxil olan vəsaitlər nəzərə alınanda belə bu məbləği almaq müşkil məsələdir. Özü də onu da nəzərə almaq lazımdır ki, iki kəskin devalvasiyadan sonra əhalinin gəlirlərinin azaldığına dair kifayət qədər fakt var.
İqtisadçı Nemət Əliyevin fikrincə, əgər elan olunan 40 milyard gəlir xarici valyuta ilə qiymətləndirilərsə, o zaman bu 23 milyard dollar edir. Azərbaycanın illik idxalının təxminən 9 milyard dollar olduğunu deyən N.Əliyev vurğuladı ki, Azərbaycanın son iki il ərzində iqtisadi gəlirləri 34.5 milyard dollar həcmində azalıb: “Özlüyündə əhalinin 40 milyard manat gəliri bir şey ifadə etmir. Bu manat şəkilində belə ifadə olunur. Manatı dəyərdən salıb, əhalinin əlində bu qədər manatı saxlamağın nə mənası var. Orta aylıq əmək haqqının dollarda göstəricisi təxminən 300 dollara bərabərdir. Amma əvvəl əhalinin orta aylıq əmək haqqı 560 dollar idi. Məsələyə bu baxımdan yanaşanda məlum olur ki, əhalinin gəliri 2 dəfə azalıb. Ona görə manat şəkilində bu göstəricilərin elanı heç nə vermir. Bunu yalnız alıcılıq nöqteyi nəzərdən araşdırmaq lazımdır”.

Xəyal
azadlıq.info 

15:48