Hökumətin banklarla bağlı planı: Nəyə xidmət edir?

 

Natiq Cəfərli: “Problemli bankların hamısı sıradan çıxmalıdır ki, sektorda sağlamlaşma yaransın”
Əkrəm Həsənov: “Vətəndaş hansı prosesin getdiyindən və ona hansı güzəştlərin ediləcəyi haqqında məlumatlı olmalıdır”

Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması istiqamətində hökumət tərəfindən müəyyən addımlar atılıb.Həmçinin əmanətlərin tam sığortalanması haqqında da bir sıra qərarlar qəbul edilib. Nəticə etibarilə bu, həm sosial xarakter daşıyır, həm də əhalinin bank sektoruna inamını artırır. Bütün bu addımlar gələcəkdə dollarlaşma meyillərinin qarşısını almağa və əhalinin bank sektoruna inamını artırmağa hesablansa da, reallıqda heç bir irəliləyiş yoxdur.Ölkə iqtisadiyyatı üçün müsbət olmayan hallar hələ də hökm sürür.Zaman-zaman rəsmilər tərəfindən bank sektorunun sağlamlaşdırılması istiqamətində hökumətin addımlar atdığı vurğulanıb.

Belə bir açıqlama ilə ötən gün baş nazirin müavini, YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov çıxış edib. O qeyd edib ki, insanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var. Əli Əhmədov həmçinin ölkə başçısının təşəbbüsü ilə hazırda bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımların atıldığını da diqqətə çatdırıb: “Təbii ki, bunların arasında kreditlərlə bağlı problemlər də həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da dəstək vermək mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür.Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti cənab prezident verib.Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırmanı həyata keçirə biləcəyik”.

Görülən tədbirlər bank sektorunun xilası üçün yetərlidirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, sağlamlaşdırma dəb sözə çevrilib. O qeyd edib ki, söhbət problemli bankların bağlanmasından və digər banklarla birləşdirməsindən gedir: “Bu prosesə ötən ildən başlansa da, sonradan yarımçıq qaldı. Çünki prosesi normal təqdim edə bilmədilər, bank sektorunda bir təlaş havası yaşandı. Vətəndaşlar hətta sağlam banklardan belə depozitləri geri çəkməyə başladı. Bu da həmin dövr üçün problem yaradırdı və proses dayandırıldı. İndi həmin prosesin davamı olmalıdır.Çox güman ki, bir neçə bankın yenidən bağlanması və birləşdirilməsi prosesi baş verməlidir. Bunun da adına sağlamlaşdırma addımları deyirlər. Təbii ki, çürük və problemli bankların hamısı sıradan çıxmalıdır ki, bank sektorunda sağlamlaşdırma məsələsi olsun”.

İqtisadçı həmçinin işin tək bununla bitmədiyini də diqqətə çatdırıb: “Nədənsə hökumət nümayəndələri xarici bankların Azərbaycanla normal fəaliyyəti və birbaşa bazara cəlb olunması üçün ciddi addımlar atmır. Baxmayaraq ki, dəfələrlə bu məsələ qaldırılıb.Xarici kapitallı banklar mütləq Azərbaycan kapitalının digər müəssisəsi kimi fəaliyyət göstərməlidir.Yəni, xarici kapitallı bankların birbaşa bazara çıxış imkanları olmalıdır.Kifayət qədər çoxlu suallar var, amma bu sualların cavabı çox qısa məmur açıqlamalarından deyil, ciddi müzakirələrdən gedir. Məsələn, Mərkəzi Bank manatın 15 faizli uçot dərəcəsini aşağı sala biləcəkmi?İndiki dövrdə daha ucuz kreditləşmə olsa, iqtisadi aktivliyin indiki zəif dövründə bu kreditlərin böyük bir hissəsi ilk növbədə valyuta alışına yönələcək.Bununla bağlı hansı tədbirlər görmək istəyirlər?Cəmiyyətdə bu məsələlərin ciddi müzakirə ortamı olmalıdır.Təəssüf ki, belə bir müzakirə ortamı yoxdur.Sanki bir monoloq rejimi var. Hökumət nümayəndələri bir söz, müstəqil ekspertlər başqa söz deyirlər.Ölkədə bir dialoq rejimi yoxdur ki, söylənilən arqumentlər müzakirə olunsun və nəticələrə görə ciddi addımlar atılsın”.

Hüquqşünas Əkrəm Həsənov isə deyib ki, son ildə bank sektorunun sağlamlaşdırılması üçün müvafiq addımlar atılıb: “Son bir il ərzində 11 bank bağlanıb. Bundan əlavə xarici valyuta ilə kreditin verilməsi məhdudlaşdırılıb.Ölkədə əmanətlərin tam sığortalanması haqqında qanun var. Yəni, bu addımlar doğrudan da atılıb.Bu prosesləri daha da dərinləşdirmək və intensivləşdirmək lazımdır.Əmanətlərin sığortalanması prosesi var, amma elə banklar var ki, əmanətləri qaytarmır.Həmin bankları bağlamırlar, sadəcə olaraq əmanətlərin qaytarılmaması üçün saxlayırlar.Eyni zamanda qeyri-sağlam bankların bağlanması prosesinə başlanıldı, amma bitirilmədi. Qeyri-sağlam banklar hələ də var. Bu proses davam etdirilməlidir. Ən nəhayət, hökumət vətəndaşın kredit probleminə biganədir. Demək olmaz ki, bu yöndə iş getmir. Sadəcə olaraq istərdik ki, bu problem bitsin və yaxşı olardı ki, hökumət bu prosesi daxildə deyil, ictimaiyyətdə açıq formada aparsın.Vətəndaş hansı prosesin getdiyindən və ona hansı güzəştlərin ediləcəyi haqqında məlumatlı olmalıdır.Biz də buna dair öz təkliflərimizi vermişik”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

06:43