Hökumət çıxış yolu axtarışında: Azərbaycan generallara tapşırılır?

Milli Məclisdə “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov təklif edib ki, ehtiyatda olan generallar cəbhə bölgələrindəki rayonların İcra hakimiyyətlərinin başçısı təyin olunsun. Deputatın bu təklifi heç də birmənalı qarşılanmayıb.

“İdarəçilik fəlsəfəsi dəyişməlidir”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bunu “əcaib təklif” adlandırıb: “Hərbçilər hakimiyyətdə o zaman siyasi durumu idarə edirlər ki, ölkədə hərbi xunta elan olunur. Harda görünüb ki, hərbçilər bölgələrin idarə olunmasını təmin etsinlər? Ölkənin bu vəziyyətə düşməsinin səbəbi icra orqanlarının fəaliyyəti deyil, hökumətin idarəçilik ənənəsidir. Rüşvətxorluqdur, korrupsiyadır, cəmiyyətin çökdürülməsidir. İstəyir generalı icra başçısı təyin et, istər MTN işçisini, mahiyyət dəyişməyəcək. Ölkənin idarəçilik fəlsəfəsi dəyişməlidir. Yerli idarəetmə orqanları təkmilləşdirilməlidir. Ancaq o halda vəziyyət dəyişə bilər. Ölkədə sistem böhranı var. Kimin icra başçısı təyin olunmasından asılı olmayaraq sistem onu dəyişdirəcək”.

“Onda gərək bütün ölkə hərbiləşsin”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da həmçinin bu təklifin çox məntiqsiz olduğunu deyib: “İcra başçısı regionda hərbi rejim qurmamalıdır, onun vəzifəsi bölgədə olan sosial problemlərin həllinə çalışmaqdır. Hərbi qabilliyyətli adamı icra başçısı qoysan, ən yaxşı halda rayonun müdafiəsini artıra bilər. Hərbiçi təsərrüfatı, əhalini idarə edə bilməz. Ona görə də bu cür təkliflər hamısı yanlışdır. Əslinə baxsan, ölkə çökür, iqtisadiyyat çökür və hökumət şokdadır. Ağıllı düşünmək, vəziyyətdən çıxmaq əvəzinə bu cür məntiqsiz qərarlar verirlər. Qiymətlərin qaldırılması, vergilərin, cərimələrin artırılması və bu cür kadr dəyişikliklərilə bağlı verilən məntiqsiz təkliflər göstərir ki, hökumət şokdadır və məqsədəuyğun qərarlar qəbul etmək imkanını itirib”. Partiya sədri hesab edir ki, bu cür təkliflərin heç bir mənası yoxdur:  “Hansı arqument var ki, məsələn, Tərtərin başçısı general olsun. General gedib Tərtərdə nə edəcək? Bu gün Tərtər camaatı ermənilərin hücumundan çox ölkədə yaranan iqtisadi durumdan narahatdır. Orda insanları sosial-iqtisadi problemlər  məhv edir. Bu da regionlarda cinayətkarlığın və bir sıra neqativ halların artmasına səbəb olur. General bu problemləri necə həll edəcək? Sadəcə olaraq bu hökumətin böhrandan çıxmaq üçün etdiyi cılız təkliflərdən biridir. Ölkəni böhrandan çıxarmaq üçün böhranı yaradan səbəblər aradan qaldırılmalıdır. Digər tərəfdən ələbaxan məhkəmə, polis tərəfindən hüquqların pozulması var, heç bir təklif ölkəni bu vəziyyətdən çıxarmayacaq. Böhrandan çıxmaq üçün fundamental dəyişiklik lazımdır. Dünyanın heç bir ölkəsinə böhrana düşən komanda, ölkəni böhrandan çıxara bilməyib. Bu deputatların ən yaxşı o, olardı ki, Milli Məclisi təcili buraxılsın və yenidən azad seçki keçirilsin”.

Vilayət Muxtar
Cebhe.info

11:34