Hökumət böhranın qurbanları

 

Nazirlər Kabinetindən kimlər yola salınır?Hakimiyyət komandasında yenilənmələr olacağı gözlənilir. Əldə olunan məlumata görə, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ediləcək. Prezident referendumdan sonrakı islahatların davamı kimi bəzi nazirləri və nazir müavinlərini istefaya göndərə bilər. Hakimiyyət kluarlarında müzakirələr aparılır. İqtidar daxilindəki çəkişmələrin səngidiyi və neytrallaşdırılmasından sonra Nazirlər Kabinetinin heyətini yeniləyə bilər. İlkin siyahıda baş nazir Artur Rasizadə, müavinləri Yaqub Eyyubov, Abid Şərifov, xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Araz Əzimov var. Vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, müavini Arif Əsgərov, Diasporla İş üzrə Dövlət Komitə sədri Nazim İbrahimov, səhiyyə naziri Oqtay Şirəliyev və müavini Elsevər Ağayev komandadan kənarlaşdırılacaq. Bu dəyişikliklər təbii ki, bir gün və ya bir ay içərisində həyata keçməyəcək. Prezidentin qərarları il ərzində mərhələli şəkildə qəbul olunacaq. Hakimiyyət ona problem yaradanlarla vidalaşmaq arzusundadır. “Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev, “Azəristiliktəchizat” ASC sədri Yaşar Həsənov, “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyev də siyahıda yer alıb. Habelə, Standartlaşdırma və Patent Komitəsinin sədri Ramiz Həsənov, Bakı meri Hacıbala Abutalıbov, “Azəravtoyol” ASC sədri Saleh Məmmədov da cərgəyə salınıb. Artıq ilin sonuna kimi tam statistik nəticələr məlum olacaq və daxili monitorinqlərə əsasən qərar veriləcək. Hakimiyyətin daxili siyasi konsepsiyasına zidd fəaliyyət göstərən qüvvələr Nazirlər Kabinetindən uzaqlaşdırılacaq. Referendum ərəfəsində islahatlar olacağı barədə rəsmi açıqlamalar verilirdi. Bu bəyanatların davamı kimi yanvarda sensasion dəyişikliklər gözlənilir. Hakimiyyət komandaya əl gəzdirmək niyyətindədir. Daxili idarəçilikdə problemlər yaradan və heç bir əsaslı dönüşə nail olmayan məmurların postundan kənarlaşdırılması realdır. Prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək. Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir.

Xudaferin.eu

12:17