Həmid Ormanlı: "DUAM KEÇMƏDİ, MÖVLUD"

Ay Mövlud, ay Mövlud, ay Mövlud .... Su torpağa hopan kimi canıma elə hopmuşdun ki... İçim söyünürdü, ruhum dincəlirdi hər  Səni görəndə. İmana, dinə gəlirdim.

Ata, ana, Banu, Gündüz, Vətən, Bayraq, İncə, Ormeşən,… kimi Sevgimin bir adı da Səniydin. Haradan urcahıma çıxmışdın, nə vaxt urcah olmuşdun ay tova xatırlamıram. Nə mənası var?
Mənə elə gəlir Səninlə tanış olmamışdıq, tanış doğulmuşduq. O, qədər doğmaydın ki... Sanki bir ömür başqa dünyada doğma yaşayıb gəlmişdik bu dünyaya. Nə gözəl Türküydün. “Nə mutlu Türkəm deyənə” kəlməsi Sənin fiziki və mənəvi boyunda, halında, eşqində daha da yaraşıqlanırdı. Qazağı bilirdin, sazı bilirdin, sözü bilirdin, halı bilirdin deyə TÜRKÜ də bilirdin. Ağamalıynan nəfəs alırdın. Abbas, Alı, Ələsgər... Sənin eşqili başında, duru və pak səsində ayrı cür açılırdı. Bu dünyanı uşaq yaşında imtahan elədin Mövlud. Sevgi imtahanı, işıq imtahanı...

İçiyin işığınnan qara dünyamızın qaranlıqlarını yara-yara gedirdin. Bu dünyanın qaranlıqları Sənin işığını ala bilməsə də canını ağırlaşdırırdı. Və bir gün on yeddinci mərtəbədən uçmaq istəyərkən o ağırlıq Səni uçmağa qoymadı, çaxıldın yerə.

Mövlud, kim bilməsə də mən bilirəm ki, sən bu cəmiyyətdə ən güclü siyasətçilərin belə heç vaxt bacara bilməyəcəyi yolla – işıq yoluyla, havayla, suyla, hisslə, sevgiylə arıldırdın-duruldurdun insanları.

Mövlud, Sənin qazaxlılıq eləməyin də başqaydı. Ən böyük filosof da Qazaxdan çıxıb, ən yaxşı şair də Qazaxdan çıxıb, ən yaxşı hərbiçi də Qazaxdan çıxıb, ən yaxşı aşıq da Qazaxdan çıxıb... Axırda da cılızların, yerlibazların canının ağırlaşmasına dözməyib ən pis adam da Qazaxdan çıxır deyirdin. İnsafən son dediyin fikrin misalı da çox uzaqdan olmurdu.

Mövlud, Sən də mənim kimi Göyçəbazıydın. Hələ bir dəfə məclislərin birində qalxıb belə bir şüar da söylədin:
 

Qaldır yuxarı xancalı

Göyçə, Qazax, Borçalı
 

Belə şüarlar başqa ürəklərdə güllənə bilməzdi, Mövlud. Onu ancaq Sən deyə bilərdin. Sən deyəndə bal olurdu.

Sevinci dəli kimi sevirdin. Yenə də Sevinclə eyni profil işlədən vaxtlarıydı. Kaş o günlər yenə də olaydı. Bir kərəsində də Sevinclə inboxda nəsə oradan-buradan, yazı-pozu söhbətləri eləmişdik. Görüşəndə dedin ki, qağa, bizim qaraçıyla da feyzbukda cükküldəşirsən haaa... Dedim, ay əclaf, olmaya qısqanırsan? Yox, dədə canı, o qara qızı, mənəm ki, sevmişəm. Mənim kimi ipləməynən də ancaq o yol gedə bilərdi.

Qaraçı Türkü deyirdin Ucala. Ucalın günahına batdın, Mövlud. İnanıram. İnanmaq istəyirəm ki, Tanrı Sənin günahından keçəcək. Ancaq o günahı bizim ayağımıza yazacaq, gəncləri intihara sürükləyən bu xəstə cəmiyyətin ayağına yazacaq. Qonorar kəsənlərin, yetim haqqı yeyənlərin, əsgərdən rüşvət alanların, hərəmxanələrdən pul qazanıb harınlaşanların, şərə züy tutanların, yuva yıxanların və əlbəttə ki, bir az da mənim və cümlə dostlarının ayağına yazacaq.

Yazacaq, Mövlud, mütləq yazacaq.

Son görüşümüz də mənə bir dağ çəkdi, ay Mövlud . Ehtiramın ad günündən çıxanda gecə saat 12-dir. Qəribə bir istəklə dedin, gedək bir yerdə oturaq. Nəsir müəllim bizə bir məclis qurdu. Babək, Mehman, mən, Sən və Nəsir müəllim. Nə içdin, nə danışdıq. Eləcə bizi gözünə yığırsanmış. Məclisin sonunda mənə baxdın-baxıb boynuma sarılıb dedin ki, Həmid, Sənə qurvan olum, Səndən bir xahişim olacaq. Çətinə düşmüşəm, çox çətinə. Sənin kimi saf oğlanın duasına ehtiyacım var. Qurban olum, əlini dağlara tut, mənə dua elə. Nə billah elədimsə dərdini demədin. Sonra biləcəksən Sən eləcə dua elə dedin.

Sən uça bilmədiyin kimi mənim də duam keçmədi Mövlud.

Hava çox çirklənib...

Konuşma Sonu

Bir mesaj yaz...

Xudaferin.eu

 

14:17