Hələbdən sonrakı Suriya: böyük güclərin yeni savaşı başlayır

Hələbdən mülki əhali və müxalifət döyüşçülər təxliyə olunur. Bundan sonra Suriyada nələr baş verəcəyi maraqlıdır. Türkiyənin “Haber7”-nin siyasi yazarı Taha Dağlı Suriyada gözlənilən hadisələri qələmə alıb.

Suriyada nələr baş verəcək?

Türkiyə Hələbdəki qətliama səssiz qalmadı və təkbaşına ruslarla müxalifləri bir araya gətirərək, atəşkəs bağladı. Bundan sonra təxliyə başlandı. Təxliyəni İrana bağlı şiə döyüşçülər dayandırmağa çalışsalar da, proses davam edir. Hələbdə mühasirədə qalanlar atəş altından çıxarılır. Bəs bundan sonra nələr olacaq? İran üçün Hələbin təkbaşına o qədər də mənası yoxdur. İran və Əsəd Hələblə birlikdə şəhərin qərbində və Türkiyə sərhədində yerləşən İdlib şəhərini də ələ keçirmək istəyir. İdlib hazırda müxaliflərin nəzarətindədir. Hələblə birlikdə İdlibin də ələ keçirilməsi Əsəd üçün vacibdir. Çünki bu xəttin sonunda Rusiyanın hərbi bazalarının yerləşdiyi Lazkiyə şəhəri var. Lazkiyə Əsədin nəzarətindədir. Hələbi aldıqdan sonra Lazkiyəyə çatmaq üçün İdlibin ələ keçirilməsi vacibdir. Hələb-İdlib-Lazkiyə: bu üç bölgədən ibarət olan dəhliz Aralıq dənizinə çıxır. Buna görə də İran Hələbdən sonra İdlibi mühasirəyə almaq üçün hərəkətə keçəcək.

İran niyə atəşkəsi pozdu?

Atəşkəsin pozulmasına səbəb təxliyə olunanların İdlibə aparılması idi. Çünki Hələbdən sonra hədəf bu şəhərdir. İran və Əsəd Hələbdən çıxardığı qüvvələrlə İdlibdə qarşılaşmaq istəmir.

Hələb bir ay ərzində necə alındı?

Hələbin mühasirəsi noyabrın 15-dən başlandı və bir ay sonra şəhərin şərqi ələ keçirildi. Bura son 4 ildə müxaliflərin əlində olub. Suriyalı müxaliflərin ən güclü olduğu şəhərlər də Hələb və İdlib idi. İndiyə qədər Hələbi almaq üçün İranın dəstəyi ilə Əsəd ordusu çoxsaylı hücumlar edib, lakin uğur əldə edə bilməyiblər. 4 il sonra 1 ay ərzində Hələbi ələ keçirə bilmələrinin səbəbi Rusiyanın havadan güclü dəstək verməsi oldu. Əks təqdirdə, Əsəd əsgərləri və İran döyüşçüləri Hələbə girə bilməzdilər.

Türkiyə sərhədində nə baş verir?

Suriyanın şimalında Türkiyə ilə sərhəd ərazilərdə qüvvələrin yerləşməsi necədir? Xəritəyə baxdıqda bunu aydın görmək olar: ölkənin şimal-şərqində Amerika və PYD terror təşkilatı var. Rakka hazırda İŞİD-in əlindədir, lakin ABŞ və PYD ora hücum edir. Rakkadan Şimali İraqa qədər olan ərazilər PYD-nin, dolayısı ilə Amerikanın nəzarətindədir. Amerika Rakkanı İŞİD-dən alaraq İraqa qədər olan xəttə nəzarət etmək niyyətindədir. ABŞ-PYD-nin nəzarətindəki ərazilərin Qərbində Azez-Cerablus dəhlizi var. Bura Türkiyənin nəzarətindədir.

Türkiyənin ilk planı nədir?

Türkiyənin Suriyada ilk iki vacib hədəfi var. Biri “Fərat qalxanı” əməliyyatıdır. Bununla sərhəd təhlükəsizliyini təmin etmək istəyir. İkincisi, Suriyadakı mülki əhalinin təhlükəsizliyinin qorunmasıdır.

Hurriyyet.org

08:20