Heykəl məhbusuna və atasına qarşı məhkəmə başladı

 

Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan bir gün sonra həbs olunub, 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimov haqqında daha bir cinayət işi məhkəmə baxışına verilib. Noyabrın 7-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu haqda qərar verib.

Bu cinayət işində 23 yaşlı Qiyasla yanaşı, atası Həsən İbrahimov da təqsirləndirilən şəxsdir. Onlar iyun ayında Bakı Apellyasiya Məhkəməsində Qiyas İbrahimovun 10 il həbsi ilə bağlı şikayətə baxıb, hökmü qüvvədə saxlayan Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovdan ibarət hakimlər kollegiyasına hörmətsizlik etməkdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289.2 (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə ittiham verilib. Məhkəmənin ötən dəfəki hazırlıq iclasında prokuror Vüsal Abdullayev cinayət işinin məhkəmə baxışına verilib-verilməməsi məsələsinə münasibət bildirmək üçün vaxt istəmişdi. Noyabrın 7-də hazırlıq iclası davam etdirilib və prokuror bu dəfə deyib ki, İbrahimovlar haqqında cinayət işi baxışa verilib, araşdırılmalıdır.

“Görməsi getdikcə zəifləyir”
 

Amma Qiyas və Həsən İbrahimovların vəkili Elçin Sadıqov etiraz edib. Deyib ki, cinayət işinin hüquqi əsasları yoxdur. Vəkil cinayət işinə elə hazırlıq iclasında xitam verilməsini istəyib. Gənc fəal və atası da vəkilin sözlərinə şərik olub. Amma hakim qısa müşavirədən sonra İbrahimovlar haqqında cinayət işinin baxışa verilməsi haqda qərarı elan edib. Məhkəmə baxışı noyabrın 17-nə təyin olunub.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova Azadlıq Radiosu-na deyib ki, bu cinayət işi quramadır: “Bu da Qiyasa qarşı qisasçılığın, kinin nəticəsidir. Bunların belə yersiz kini, nifrəti nə qədər davam eləyəcək? Bir gəncə qarşı bu qədər haqsızlıq nə hüquqa sığar, nə insanlığa”.

Ş.Əmiraslanova onu da bildirib ki, Qiyasın gözlərində problemlər var: “Yaşarma var, görməsi getdikcə daha da zəifləyir. Göz üçün dərmanlar alıb aparacam. Bu cinayət işi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən Kürdəxanı təcridxanasına köçürüləndən sonra onunla görüşə bilməmişəm”.

Azadliq.info

 

09:35