Həbsdən az öncə Heydərovla görüş?!

 

 

Mehman Əliyev ətrafında əməliyyatın daha bir sirri

Xəbər verdiyimiz kimi, “Turan” İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib. Vəkil Fuad Ağayevin sözlərinə görə, qərar istintaq orqanı tərəfindən verilib. Agentliyin internet səhifəsində də bu barədə məlumat yerləşdirilib. Cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan Mehman Əliyev rəsmi məlumat göndərilib.

Xatırladaq ki, Vergilər Nazirliyinin bu il avqustun 25-də yaydığı məlumatda bildirilirdi ki, “Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Məhz bu cinayət işi çərçivəsində “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyev avqustun 24-də müəmmalı şəkildə həbs olundu. Prezident İlham Əliyevin müdaxiləsindən sonra sentyabrın 11-də M.Əliyev azadlığa buraxıldı.

Artıq cinayət işinin də xətm olunması bir daha sübut etdi ki, “Turan”ın rəhbərinin həbsi, əksəriyyətin şübhə etmədiyi kimi, siyasi motivli idi və görünməyən hansısa pərdəarxası proseslərin nəticəsində meydana gəlmişdi. Lakin 2 aydan artıq vaxt keçsə də, M.Əliyevin həbsi ilə bağlı müəmmaya bu gün də aydınlıq gəlməyib. Mehman Əliyevi kim və niyə həbs etdirdi, bu əməliyyat hansı məqsədə xidmət edirdi və hədəfinə çatdımı? Bu sual hələ də cavabsız qalıb.

Xatırlatmaq yerinə düşər ki, azadlığa buraxıldıqdan dərhal sonrakı müsahibələrində M.Əliyev həbsinin sifarişçisi kimi, ad çəkmədən barmağını Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova doğru tuşlamışdı. Sitat: “Bu, birbaşa Prezident Administrasiyasının, informasiya siyasətinə rəhbərlik edən adamların işidir. Çünki onların siyasəti iflasa uğrayıb, uzun illərdir ki, polemikadaydıq, mən hər zaman bu siyasətə qarşı çıxış eləmişəm. Bu gün həyat da onu göstərir ki, onların siyasəti tam iflasa uğrayıb. Onlar bunu başa düşürlər və məsuliyyətdən qaçmaq istəyirlər”.

M.Əliyevin bu açıqlama ilə kimi nəzərdə tutduğu aydın idi, amma izahatı yetərli deyildi. Necə deyərlər, oxu atıb, yayı gizlədirdi. Axı M.Əliyevin həbsi informasiya siyasətinin iflasa uğramasına görə məsuliyyət daşıyanları məsuliyyətdən necə yayındıra bilərdi? Əksinə, bu həbs bir daha diqqətləri informasiya siyasətinin uğursuzluğuna, bu siyasətin müəlliflərinə yönəltmirdimi? Demək ki, M.Əliyev hansısa proseslərin içində olub ki, onun cəzalandırılması, həbsi zərurəti ortaya çıxıb. Hansı proseslərin, bu barədə qəti fikir söyləmək çətindir. Lakin bəzi məlumatlar müəyyən qədər nəticə çıxarmağa və ehtimallar irəli sürməyə kömək edə bilər. “AzPolitika” bu məlumatlardan ikisinin üzərində dayanır.

Əvvəla, hələ Mehman Əliyevin barəsində cinayət işi açılmamışdan əvvəl xəbərlər gəzirdi ki, hakimiyyətin hazırki informasiya siyasətindən narazı təsirli dairələr kənara itələnmiş nüfuzlu media adamları ilə müzakirələr aparır, düşünülən yeni media siyasəti ilə bağlı onların fikirlərini öyrənir, hətta onlara müəyyən təkliflər təqdim edirlər. Belə müzakirələrdə iştirak edən və təklif alan şəxslərdən biri də Mehman Əliyevdir. Lakin M.Əliyev bir neçə yığıncaqda konfidensiallığı pozaraq onun da iştirakçısı olduğu görüşlər barədə danışıb və müəyyən təkliflərdən imtina etdiyini xüsusilə vurğulayıb. Elə bununla da ona təklif götürmüş dairələri qıcıqlandırıb və həbsinə yol açmış olub. Bir başqa ehtimala görə, M.Əliyev onunla danışıqlar aparan dairələrin yox, sözügedən konfidensial müzakirələrdə iştirak etdiyi üçün “köhnə dostlarının” – hazırki informasiya siyasətinin başında duranların qəzəbinə tuş gəlib. Hansı ki, M.Əliyev həbsindən dərhal sonra məhz bu ehtimalı təsdiqləmiş oldu. Lakin M.Əliyevə yaxın mənbələrin iddiasına görə, hazırda M.Əliyev başqa fikirdədir – həbsinin təşkilatçısı kimi əvvəl barmaq tuşladığı çevrələri görmür. Daha çox yuxarıda barəsində danışdığımız birinci ehtimalın üzərində durur.

Mehman Əliyevin həbsi əməliyyatına yeni rəng qatan ikinci məlumat: “AzPolitika”ya daxil olan məlumata görə, son günlər siyasi və media çevrələrində həbsindən bir qədər əvvəl M.Əliyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla “son dərəcə səmimi atmosferdə keçən və nəticələrindən nazirin razı qaldığı” bir görüş keçirdiyi barədə xəbərlər dolaşmağa başlayıb. Hətta iddialara görə, bu görüşdə “APA Holdinq”in fəaliyyəti də müzakirə mövzusu olub. Məhz bu görüş və orda danışılanlar hansısa dairələri qəzəbləndirib və M.Əliyevin cəzalandırılmasına göstəriş verilib.
Yeri gəlmişkən, son günlər “APA Holdinq”də hansısa qalmaqallar, narazılıqlar, hətta bu holdinqin rəhbərliyinin dəyişiləcəyi ilə bağlı məlumatlar da çoxalıb. İddialara görə, Tale Heydərovun göstərişi ilə hazırda bu media-holdinqdə əsaslı yoxlamalar aparılır. Bu məlumatlar nə dərəcədə əsaslıdır, demək çətindir. Amma hər halda bu məlumatların və ehtimalların Mehman Əliyevin ətrafındakı müəmmalı əməliyyatla hansısa dərəcədə bağlılığı var.

Rasim ƏLİYEV

AzPolitika.info

 

10:03