Həbib Sasaniana dəstək kampaniyası güclənməkdədir

 

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Həbib Sasanianın İran mollakratiya rejiminin Tərbiz zindanında sağlıq durumunun yaxşı olmadığı xəbərləri artıq öz təsdiqini tapmışdır. Buna görə də siyasi məhbus Həbib Sasaniana dəstək üçün milli  fəalların təşkil etdiyi ‘twitter fırtınası’ kampaniyası olduqca geniş əks-səda doğurub. Kampaniyaya qonşu ölkələr və cəmiyyətlərdən də geniş dəstək gəlib.

16 iyun gecə saatlarında həyata keçirilən onlayn kampaniyada Güney Azərbaycanından əlavə, Türkiyə və Azərbaycan Respublikası istifadəçiləri də  #SaveSasanian hashtag-i ilə keçən ilin may ayından bəri həbsdə saxlanılan türk fəala dəstək bildiriblər.
Keçən bir neçə ay ərzində dəfələrlə Həbib Sasanianın sağlıq vəziyyətinin ağırlaşdığı və xəstəxanaya köçürüldüyünə dair xəbərlər yayılıb. Onun keçən günlərdə aclıq aksiyası başlatdığını bildirib.

Həbib Sasanian və 2016-cı ilin may ayında onunla bərabər nəzarət altına alınan İsmayıl Əfxəmi, Həmid Səqəfi, Mehdi Cavadzadə, Yunus Rəhimi və Babək Avənd İran molla rejiminə qarşı saxtakarcasına casusluq ittihami ilə üzləşiblər. 2016-cı ilin iyun ayında mollakratiya rejiminin ədliyyə qurumu Doğu Azərbaycanda “separatçı GAMO (Güney Azərbaycan Milli Ordusu) şəbəkəsi adına 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair məlumat yaymışdı. Tutulanların beşi nəzarət altına alındıqdan bir müddət sonra müvəqqəti şəkildə sərbəst buraxıldılar. Lakin Həbib Sasanian mühakimə edilmədən uzun müddət nəzarətdə saxlanılıb.

Qeyd edək ki, mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatını məhv etmək üçün milli fəalları həbs edərək onları adətən “rejimə qarşı təbliğat”, “pantürkizm”, “casusluq”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük” kimi ittihamlarla saxtakarcasına suçlama siyasətini aparır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

16:57