“Əhalinin əksər hissəsinin kredit borcunu ödəməyə imkanı yoxdur”

 

Əkrəm Həsənov: “Onlar buna görə heç bir məsuliyyətə cəlb oluna bilməz”
 

Kredit borclarını ödəməməyə görə cəzaların sərtləşdiriləcəyi, bununla bağlı qanun layihəsinin Milli Məclisin 20 oktyabr tarixli iclasında müzakirəyə çıxarılacağı ilə bağlı xəbər vermişdik. Maraqlıdır, qanunun sərtləşdirilməsi kreditə görə intihar hallarının sayını artıra, daxili vəziyyəti gərginləşdirə bilərmi? Ümumiyyətlə borclulara qarşı qanunun sərtliyinin artırılması doğrudanmı çıxış yoludur?

Bu barədə açıqlama verən bank və maliyyə məsələləri üzərə ekspert Əkrəm Həsənov qanunda sərtləşmənin deyil, müəyyən yumşalmaların nəzərdə tutulduğunu vurğuladı:

“Əvvəla, burada heç bir sərtləşdirmə yoxdur, əksinə yumşaltma var.
Cinayət Məcəlləsinin 196-cı maddəsinin mövcud redaksiyasına əsasən 196.1-ci maddəyə görə maksimal cəza azadlıqdan 3 ilədək məhrumetmədir, 196.2-ci maddəyə görə isə 3-5 ildir. Dərc edilən layihəyə görə isə 196.1-də 2 il, 196.2-də isə 2-5 il olacaq. Bunun nəyi sərtləşdirmə oldu ki? Ümumən isə bu maddədə adından göründüyü kimi söhbət borcu qəsdən ödəməməkdən gedir. Yəni borclunun kifayət qədər əmlakı, gəliri ola-ola ödəmir. Təbii, bu, yolverilməzdir və sərt cəzalandırılmalıdır. Amma əhalinin əksər hissəsinin borcu ödəməyə imkanı yoxdur və buna görə də heç bir məsuliyyətə cəlb oluna bilməzlər. İmkanlarının olmasını ittihamçı tərəf sübut etməlidir. Buna görə də sırf bu maddəyə görə intihar halları artmayacaq təbii. Əksinə, xatırladıram ki, yumşaltma var. Və maraqlıdır ki, bunda kim maraqlıdır? Onu da xatırladıram ki, Azərbaycanda imkansız borcluların həbsi ilə bağlı yaxında İnsan Haqları üzrə Avropa Məhkəməsində proses başlanacaq və böyük ehtimalla bu həbslər qanunsuz hesab olunacaq və dövlətimiz həbs edilənlərə kompensasiya ödəməli olacaqlar. Odur ki, borcluların vəziyyəti əksinə, yaxşılaşacaq. Onları daha həbslə hədələyə bilməyəcəklər”.

Muxalifet.az

09:30