Əhali tikinti şirkətlərindən ciddi şəkildə narazıdır

 

Azərbaycanda mənzil sahibi olmaq istəyən əhalinin əksər hissəsi tkinti şirkətlərindən narazıdır. Bu problem az qala günün qlobal məsələsinə çevrilib. Məsələ rəsmi səviyyədə də öz təsdini tapıb. Prezident Administrasiyası Sənədlərlə və vətəndaşların müraciətləriylə iş şöbəsinin müdiri Süleyman İsmayılov problemlə bağlı 2016-cı ildə PA-ya daxil olan şikayətlərdə vətəndaşların inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən narazılıq etdiyini deyib. Şikayətlər müqavilə şərtlərinin kobud surətdə pozulması, bəzi şirkətlərin mənzilin pulunu alandan sonra yoxa çıxması, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsi, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, qaz və su vaxtında verilmədiyi halda, sakinlərdən dəfələrlə əlavə pul yığılması barəsindədir.

Bəlli olub ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində rəsmi şikayətlər olub. Onlar «Kristal Abşeron», «Kristal-L», «Fortis-Bayıl», «İlin dörd fəsli», «Belıy lebed», «Şərur», «Deluxe», «Orbita», «Badu-Kubə», «Birlik», «Xəmsə», «Akkord», «Rahat», «Orbit», «Mur Ay» və başqalarıdır. Vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. «MTK Real»ın rəhbəri İlham Qasımov 15 il, «198 Saylı», «200 Saylı» MTK rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilib. «Əli bəy», «Əzizbəy-KM», «AENT-E», «Fateh-N», «Badu-Kubə», «Şahbulaq», «Term», «İDEAL-İ İnşaat», «Mehriban Qonşular», «Xətai-2», «Ulduz-S», «Azərtikinti ATF», «Dərəçiçək», «Fuad LTD», «Birlik İnşaat» MTK, MMC və şirkət rəhbərləri, digər məsul şəxslər barədə cinayət işləri açılıb. Bu cinayət işlərinin bəzisi artıq yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıb.

Lakin sözügedən məsələ artıq son illərin daşlaşmış problemlərindən biridir. Bu barədə uzun illərdir ki, söz-söhbət səngimir. Fəqət tikinti şirkətlərinin belə maxinasiyaları hələ də çoxdur. Bu istiqamətdə cinayət işlərinin açılması və bəzisinin yekunlaşması faktları olsa da, problem hələ də geniş səviyyədə qalmaqda davam edir. Hüquqşünas Ələsgər Məmmədli deyir ki, sözügedən istiqamətdə problemin hələ də qalmasının səbəbi ilk növbədə açılan işlərin selektiv olmaaıdır. Yəni arxalı olanlar, məmurlara bağlı olanlar ciddi araşdırmadan yayına bilir: «İkincisi, məhkəmə sisteminin problemlərinin mövcudluğu, hələ də korrupsiya elementlərinin olması bu kimi faktların azalmamasına təsir edir».
 

Nigar
Azadliq.info

 

09:47