Hakimiyyətin uğursuz pambıq siyasətinin iflası

 

Pambığın olduqca dəyərli olan lifindən və digər hissələrindən təyyarəqayırma, maşınqayırma, kimya sənayesində geniş istifadə olunur. Ondan paltar sapları, rezin sap, keçə, suni dəri, suni şüşə, süni ipək, partlayıcı maddələr və sair məhsullar alınır. Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir, ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunur. Sadalanan bu məhsulların hər birinə verilən istehsal imkanını da nəzərə alsaq pambıqçılıq Azərbaycana təbiətin bəxş etdiyi əvəzolunmaz sərvətdir. Xoşbəxtlikdən bu son deyil, pambıqçılıqla bağlı sadalanmayan çox istiqamətlər var. Bu sahəni inkişaf etdirməklə görüləcək işlərin sayını da artırmaq olar, bu isə öz növbəsində əhalinin işlə məşğulluğunda əhəmiyyətli rol oynayar.

Pambıqçılıq yüngül sənayenin əsas xammal bazasını təşkil etməklə yanaşı həm də yüksək əlavə dəyər yaradan çox mühüm bir sahədir. Pambıq isti və işıq sevən bitki olduğu üçün əksər ölkələrin iqlim şəraiti onlara pambıq becərmək imkanı vermir. O ölkələrdə ki, pambıq yetişdirmək imkanı var onlar bu fürsəti əldən verməməyə, bu subsektoru və həm də yüngül sənayeni inkişaf etdirməyə nail olurlar. Azərbaycanda pambığı 5-cı əsrdən becərməyə başlamışlar. Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı 5-6 əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Əldə olunan mənbəələrdə Bərdə, Naxçıvan, Beyləqan, Gəncə, Şəmkir və sair kimi şəhərlərdə pambıqdan parça hazırlanıb xaricə ixrac edilməsi, 15 əsrdə Şamaxıdan Rusiyaya pambıq mallar da aparıldığı göstərilir. Qeyd etmək lazımdır ki, Sovet hökuməti özünə məxsus şəkildə sahəyə diqqət yetirirdi. Pambıqçılar orden, medallarlara təltif olunurdu. Azərbaycanda qabaqçıl pambıqçılara Sosialist Əməyi Qəhrəmanı kimi ad verməklə yanaşı həm də onlar yüksək partiya, sovet orqanlarında təmsil olunurdular. Keçən əsrin 70-ci illərin sonunda və 80-ci illərin əvvəllərində Azərbaycanda 1 milyon tondan artıq xam pambıq istehsal olunduğu göstərilirdi. Əlbəttə bu rəqəmin bir hissəsi şişirdilmiş olsa da ölkəmizdə o vaxtlar stabil olaraq təxminən 500-600 min ton civarında məhsul əldə edilirdi. Sonuncu yüksək göstəriciyə 1990-cı ildə nail olunmuşdu. Məhz həmin ildə respublikamız 542,9 min ton pambıq istehsal etmişdi. Lakin 1995 –ci ildə bu rəqəm 2 dəfə azalaraq 274, 1 min tona qədər enmişdi. Bu sahədə geriləmə 20 ildir ki, davam edir, 2015 –ci ildə ölkə üzrə pambıq istehsalı 35,2 min tona düşmüşdür. Geriləmə öz növbəsində pambıq satışından ölkəyə gələn xarici valyutanın kəskin azalmasına da səbəb olmuşdur. Azərbaycanın iqtisadi durumu çətin olan zamanda, yəni 1995-ci ildə ölkəyə pambığın satışından 116, 8 milyon dollar vəsait daxil olduğu halda, 20 il keçdikdən sonra, 2015-ci ildə bu rəqəm 5,8 dəfə azalaraq 20 milyon ABŞ dolları təşkil etmişdir. Keçən əsrin 90-cı illərin ortalarında bu sahədən əldə olunan 116, 8 milyon dollar vəsaitin nə dərəcədə ölkə üçün əhəmiyyətli və vacib olduğunu hesabdan başı çıxan adamlar yaxşı dərk edir. Onu da nəzərə almaq lazımdır ki, 1995- ci ildə mahlıcın qiyməti dünya bazarında indi mövcud olan qiymətdən 35 faiz aşağı idi. Son zamanlar kənd təsərrüfatının digər subsektorlarında olduğu kimi bu sahədə də idxala meyillilik artmaqda davam edir. Belə ki, 2015-ci ildə 14 milyon ABŞ dolları dəyərində ölkəyə pambıq idxal edilmişdir.

Pambıq istehsalının inkişafı özü ilə bərabər sənayenin, emal müəssisələrinin yaradılmasına və işləməsinə imkan yaradır. Sovet hökumətinin vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradılmışdı. Təssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti süni qaydada ”müflis” elan edilərək dağıdıldı və hökumət məmurları tərəfindən dəyər-dəyməzinə mənimsənildi. Əldə olunan statistik məlumatlara əsasən hələ 1995 –ci ildə sənaye müəssisələrində 98,5 min ton mahlıc istehsal olunduğu halda keçən il bu rəqəm 6,6 min tona enmişdir. Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. Belə ki, 1995-ci ildə ölkədə 57,9 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdursa, keçən il bu göstərici 5,8 dəfə azalaraq 9,9 min kvadrat metrə enmişdir. Rəqəmlərdən göründüyü kimi pambıq istehsalının ciddi şəkildə azalması ölkənin bu sahədən əldə edilən xarici valyutanın azalması ilə yanaşı həm də fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan işçilərin də iş yerlərinin itirilməsinə gətirib çıxarmışdır.

Onu da qeyd etmək lazımdır ki, 2010-cu ildə “Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildikdən sonra, yəni 2011 ci ildə fermerlərin satdıqları məhsulların rentabelliyi ciddi çəkildə azalmışdır. Belə ki, əvvəllər bu sahədə rentabellik səviyyəsi yüksək, yəni 2004-cü ildə 32,2 faiz olduğu halda, 2011-ci ildə mənfi 12 faizə, 2015-ci ildə isə 10,6 faizə enmişdir. Yəni həmişə gəlir gətirən sahə son illər zərərlə və yaxud az gəlirlə işləmişdir. Elə bu səbəbdən də məhsul istehsalı ciddi şəkildə azalaraq 35,2 min tona (2015-ci il) düşmüşdür. Deməli, hökumətin apardığı aqrar siyasət digər subsektorlarda olduğu kimi, pambıqçılıqda da səmərəsiz olmuşdur. “Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”nun 19- cu maddəsində “pambıq sahələrinin sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilməsi” qeyd olsa da bu maddənin işlək mexanizmi hazırlanmadığı üçün sığorta hadisələri baş versə də fermerlər onlara verilə biləcək imkandan faydalana bilməmişlər. Çoxları fəaliyyətlərinin zərərlə başa gəlməsi səbəbindən bu sahədən uzaqlaşmışlar. Texniki təminatla bağlı bu sahədə ciddi problemlər var. Pambıqyığan maşınların sayı 1985-ci ildə 4238 ədəd, 1999-cu ildə 1751 ədəd olduğu halda 2015-ci ildə cəmi 30 ədəd təşkil edib. Elə bu göstərici hökumətin bu sahiyə son 15 ildə diqqətsizliyi və biganə yanaşmasının nəticəsi kimi qiymətləndirilməlidir.

Neft satışından asanlıqla 150 milyard dollar əldə edən hökumətin qeyri-neft sektorunu inkişaf etdirməkdə istəyi və marağı olmayıb. Bu istiqamətdə qəbul olunan dövlət proqramları formal xarakter daşıyıb. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına ayrılan subsidiyalar dövlət məmurları tərəfindən mənimsənilib. Buğda və çəltik istehsalı üçün nəzərdə tutulan subsidiyaların məbləği iki dəfə artıq nəzərdə tutulsa da, ayrılan maliyyə resursları xərclənsə də, istehsalda artım göstərilsə də ölkənin bu məhsullara olan ehtiyacı əsasən idxalın hesabına ödənilir. Dövlət Statistika Komitəsinın məlumatına əsasən 2015-ci ildə ölkəyə 1milyon 353 min ton ərzaq buğdası idxal olunmuşdur ki, bu da bizim istehlak təlabatımızdan xeyli çoxdur. Bu isə o deməkdir ki, Azərbaycan çorək istehsalında xammal kimi istifadə etdiyi ərzaq buğdasını 100 faiz idxal edir. Kənd təsərrüfatına subsidiya verilənə qədər Azərbaycan 150-200 milyon dollar dəyərində buğda idxal edirdisə, 2015 ildə bu göstərici 400 milyon dollar olub. Keçən il ölkənin illik təlabatından da artıq, yəni 1 milyon 600 min ton buğda idxal olunub ki, bu da əvvəlki ilin göstəricidən 247 min ton çoxdur. Düyü istehsalı da ciddi şəkildə, 8 dəfə azalıb. 2000-ci ildə 22,2 min ton düyü istehsal olunduğu halda, 2015-ci ildə cəmi 2,8 min ton düyü istehsal olunub. Həm də bu müddətdə ölkəyə düyü idxalı 2 dəfədən çox artıb. Neft bumu dövründə qeyri-neft sektorunun inkişafı ilə bağlı imitasiya, kompaniya xarakterli tədbirlər həyata keçirilərək bu məqsədlərlə ayrılan maliyyə vəsaitləri mənimsənilmişdir. Elə bu kimi səbəblərdən də 2016-cı ildə əvvəlki illərə nisbətən ölkəyə kənd təsərrüfatı məhsulları, ərzaq malları idxalı xeyli artıb. Belə ki, meyvə-tərəvəz 41,6 %, şəkər 25,3 %, bitki və heyvan mənşəli piylər və yağların idxalı 19 faiz, çay 69 faiz artıb. Dəyər ifadəsi ilə ət idxalı 2,3 dəfə, süd idxalı 60 faiz artmışdır. Əksər kənd təsərrüfatı məhsullarının idxalı ciddi artdığı halda, ənənəvi ixrac məhsullarının çəkisi kəskin şəkildə azalıb. Belə ki, 2016-cı ildə əsas ixrac məhsulları olan çay- 73 %, şəkər 50 %, bitki və heyvan mənşəli piylər və yağlar isə 78 faiz azalıb. Bütün bunlar onu deməyə əsas verir ki, hökumət nəinki, pambıqçılığın inkişafına, heç əsas ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının da istehsalına əhəmiyyət verməmişdir. Əksinə, hökumət bu kimi həyati vacib olan qida məhsullarının idxalından külli miqdarda gəlir əldə etmək üçün oliqarx-məmurlara geniş imkanlar yaratmışdır.

Keçən il qəfldən pambıqçılığa maraq yaranmasının səbəbini İlham Əliyevin Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsində belə izah edib: “Dünyada neftin qiymətinin düşməsi ilə bağlı Azərbaycanın gəlirləri də 3-4 dəfə azalıb. Ölkəyə valyuta axınını təmin etməkdən ötrü ixrac imkanlarını gücləndirmək lazımdır. Ona görə, ixrac yönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır, pambıq da ixrac yönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “ağ qızıl” deyirlər”.

Pambığa “ağ qızıl” deyildiyini 10-15 il əvvəl dərk etsələr, bəlkə də nəticəsi olardı. Ancaq sel kimi gələn neft pulları “pambığın da ixrac yönümlü məhsul” olduğunu yaddan çıxarmışdı. O zamanlar ”ölkəyə valyuta axınını təmin etməkdən ötrü ixrac imkanlarını genişləndirmək” haqqında hakimiyyət düşünmürdü. Bəlkə də aran bölgəsində yaşayan sadəlövh kəndlilər elə düşündülər ki, hakimiyyət onların işsizlik problemini həll etmək, ailələrinin gəlirlərini artırmaq məqsəgi ilə 24 rayonda pambıq istehsalını artırmaq qərarına gəlib. Əlbəttə hakimiyyət mənsubları bütün hallarda öz merkantil maraqlarına uyğun addımlar atır. Keçən ilin fevral ayında dövlət başçısının tapşırıqlarana uyğun olaraq, İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşdə 2016-cı il üçün məhsulun satınalma qiymətlərini müəyyən etmişdilər. Belə ki, bazar qaydalarına və istehsalçıların maraqlarına zidd olaraq, məmurlar birinci növ pambığın bir tonu üçün alış qiymətini 500 manat, yəni 312 dollar müəyyənləşdirmişdirlər , halbuki 2015-ci ildə birinci növ pambığın alış qiyməti 520 dollar olmuşdu. Xatırladım ki, dünya bazarında pambığın 1 tonunun qiyməti 1570 dollardır. Azərbaycandan fərqli olaraq qonşu Iranda 1 kiloqram pambığın zəmanətli alış qiyməti 29 min 325 riyaldır, bizim Azərbaycan manatı ilə 1 ton pambıq fermerlərdən 1500 manata alınır. Türkiyədə də pambığın alış qiyməti Azərbaycandakından 3 dəfə yüksəkdir. Müşavirədə İlham Əliyev “biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq” deməklə, hökumət məmurlarının qiymət sövdələşməsinə müdaxiləsinidən məmunluğunu ifadə etmiş oldu. Sövdələşmənin iki dəfə dəyərdən düşmüş və dayanıqlı olmayan azərbaycan manatı ilə aparılması yalnız bir tərəfin, pambıq emalı və ixracı ilə məşğul olan sahibkarların marğına uyğun idi.

Pambıq istehsalı və emalı ilə məşğul olan sahibkarların sövdələşməsini iki nazirin təşkil etməsi, sonrakı etaplarda səhiyyə, təhsil nazirliklərinin və digər dövlət qurumları işçilərinin pammbıq yığımına cəlb edilməsi müəyyən süallar doğurur. Pambıq kimə və nə üçün lazımdır? Sabirabad rayonunda keçirilən müşavirədə İlham Əliyev belə demişdi: “Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur.” Keçən il pambıq yığımına tələbələr cəlb edilməsə da çoxlu sayda həkimlər, müəllimlər, şagirdlər, ASAN-Xidmət və digər dövlət orqanlarında fəaliyyət göstərən işçilər cəlb edilmişdi. Əlbəttə, bu qədər dövlət orqanlarının bu kompaniyada iştirak etməsi onların öz təşəbbüsü ilə ola bilməzdi. Görünür bu kompaniya pambıq istehsalı hesabına valyuta gəlirlərini artırmaq istəyən qüvvələrin, oliqarxların marağına uyğun hesablanmışdı. Bu işin “peşəkarları” ölkə başçısını inandıra bilmişdilər ki, məhsuldarlıq yüksək olacaq. Nəticənin yaxşı olacağına əvvəlcədən ümid bəsləyən İlham Əliyev məlum müşavirədə belə demişdi: “Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir.” Bunun nə demək olduğunu yalnız mütəxəssislər, alimlər bilir. O alimlər, mütəxəssislər ki, onlara həmin müşüvirədə yer, söz verilmədi. Pambıqçılıqdan bixəbər olan, məmurlar, sahibkarlar çıxış edərək boş-boş vədlər verdilər. Nəticə isə İlham Əliyev düşündüyü kimi hər hektardan məhsuldarlıq 30-35, 40 sentner deyil, hətta keçən ilki göstəricidən də xeyli aşağı oldu. Hökumətin təqdim etdiyi statistik məlumata əsasən, 2015-ci ildə hər hektardan məhsuldarlıq 16,7 sentner təşkil etmişdir. Bu da o deməkdir ki, hər hektardan məhsuldarlıq hətta 2015-ci ilə nisbətən 2,1 sentner olmuşdur. Maraqlıdır, görülən hansı tədbirlər nəticəsində keçən il məhsuldarlığı “30-35, bəlkə də 40 sentnerə qaldıra” bilərdilər? Ölkə başçısı hələ keçən ilin sentyabr ayının ortalarında görülən işlərə əvvəlcədən tələsik yekun vuraraq, 2016-ci ili pambıqçılıqda dönüş ili adlandırmışdı: ”Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər də çox yaxşı işlədilər.” Əgər 2016-cı ili pambıqçılıqda dönüş ili hesab etmək olarsa, bu dönüş pambıqçılığı 10-15 il geri atdı, 2000 –cı ildən üzü bəri bu sahəni daha bərbad vəziyyətə salıblar. Pambıqçılıq üzərində qurulan təbliğat da iflasa uğradı. Guya 70 min yeni iş yerləri açılacaqmış. İlham Əliyev demişdi ki: “bizdə kifayət qədər əmək resursları var. Mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir.” Məşğulluğun artırılması, yeni iş yerlərinin açılması bu kompaniyada mümkün olmadı, əkin səpin işləri əsasən yerli bələdiyyə, icra orqanları nümayəndələri tərəfindən təşkil olundu və həyata keçirildi. Pambıq yığımında isə ilk günlərdən daimi işləyən həkimləri, müəllimləri, yerli icra orqanlarında çalışan kiçik məmurları cəlb etdilər, hətta orta məktəb şagirdlərinin ucuz əməyindən də bəhrələndilər, istifadə etdilər. Bu uğursuz kompaniya hakimiyyətin bacarıqsızlığını, qeyri-peşəkarlığını və açıq şəkildə dövlət məmurlarının öz merkantil maraqlarına uyğun addım atdıqlarını, biznes maraqlarını dövlət maraqlarından yüksək tutduqlarını ortaya çıxardı. Bir daha subut olundu ki, bunlar pis dövlət idarəçiləri olduğu kimi həm də pis sahibkardırlar. Əksər pambıq sahələrində aqrotexniki qaydalara əməl edilmədi. Vaxtaşırı aparılan monitorinqlər göstərdi ki, əkin işləri və pambıq səpini optimal müddətdən 1 ay gec olaraq başlanmışdı, alaq otlarına qarşı istifadə müddəti bitmiş, yararsız herbisidlərdən istifadə olunmuşdu, bəzi sahələrdə seyrəklik yüksək, bitki sayı normadan 2 dəfə az olduğu halda, digər yerlərdə ümumiyyətlə seyrəltmə, uc vurma kimi vacıb aqrotexniki qaydalara əməl olunmamış və vaxtlı-vaxtında yemləmə, suvarma işləri aparılmamışdı. Əksər sahələrdə alçaqboylu, alaq otları basmış, hündürlüyü 15-20 santimetr olan pambıq bitkilərinə rast gəlinirdi.

Kütləvi informasiya vasitələrində əvvəlcədən məhsuldarlığın az olacağı proqnozu verilmişdi. Lakin bu sahəyə məsul olanlar əvvəl payız yağışlarını, elə olmasa, belə olmazdı kimi bəhanələr gətirməklə yanaşı, həm də yanvar ayına kimi yığımın davam edəcəyini və 100 min tondan çox məhsul yığılacağını vəd edirlər. Bu işə məsul olan məmurların qeyri-peşəkar, naşı olduqları bu kompaniyanın təşkilində və gedişində bir daha subut olundu. Son zamanlar hökumət nümayəndələri, kənd təsərrüfatı naziri iddia edir ki, keçən il əvvəlki ilə nisbətən 2,8 dəfə çox pambıq istehsal ounub. Keçən ilki ümumi pambıq istehsalı göstəricisinin əvvəlki illə müqayisədə 2,8 dəfə çox olduğunu qabardan nazir anlamır ki, əvvəlki ildə pambıq istehsalının ciddi azalması onun fəaliyyətsizliyi ucbatından baş verib. Məlum müşavirədə dövlət başçısı İ. Əliyev belə deyib: “Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb.” Sual olunur. Məgər 2015-ci ildə və ondan əvvəlki dövürlərdə ölkəni siz idarə etmirdiniz? Məgər baramaçılıq, pambıqçılıq sizin idarəçiliyiniz zamaı iflasa uğramadı? Məgər gunahkar siz deyilsiniz? İndi hansı göstəricilərlə müqayisə aparırsınız? Bütün dövrlər ərzində ən az barama və pambıq istehsalı 2015 –ci ildə indiki nazir Heydər Əsədovun və indiki prezident İlham Əliyevin dövründə olmuşdu. Ölkə başçısı İlham Əliyev 2015-ci ili kənd təsərrüfatı ili elan etdikdən sonra bəzi subsektorların ümumiyyətlə sıradan çıxma təhlükəsi yarandı. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə indikindən 10 dəfə çox pambıq, 15 dəfə çox tütün, 22127 dəfə çox barama istehsal olunmuşdu. DSK-nın məlumatına əsasən 1992-ci ildə 336,3 min ton pambıq, 52,3 min ton tütün, 5222 ton barama istehsal olunduğu halda, 2015 -ci ildə 35,2 min ton pambıq, 3,5 min ton tütün, 236 kiloqram isə barama istehsal olunub. Keçən il barama istehsalını 70 tona çatdırmaq isə lovğalıq üçün əsas vermir, bu utanc verən göstəricidir. Cənablar, siz kiminlə yarışırsınız? Özünüz öz üğursuzluğunuzla? Pambıq istehsalını 10 dəfə azaltdıqdan sonra 2,8 dəfə artırmaq, ticarətlə məşğul olan dələduzların satışa çıxartdığı malın qiymətini 3 dəfə artırıb, 50 faiz endirim etməyinə bənzəyir. Bir də ki, indi ümumi məhsul istehsalı əsas göstərici deyil, əsas məhsuldarlıqdır ki, bu göstərici də çox pisdir. Əgər məqsəd ölkəyə valyuta axınını təşkil etməkdirsə, rəqabətqabiliyyətli, yəni ucuz və keyfiyyətli məhsul istehsal etməklə buna nail olmaq olar. Bu gün dünya ölkələrində pambıq ehtiyatı bir illik istehlakdan da çoxdur. Hər ildə 24 milyon ton pambıq istehlak olunduğu halda, 25 milyon ton istehsal olunur və 25 milyon ton da ehtiyat var. Onu da nəzərə almaq lazımdır ki, hər ildə bu ehtiyatın üzərinə 1 miyon ton da əlavə olunur. Dünyada pambıq istehsalıda çox ciddi rəqabət movcuddur. Bu, Azərbaycan kimi istehsal vasitələrini idxal edən, məhsuldarlığı aşağı olan ölkələr üçün çox ciddi problem yarada bilər.

Aparılan hesablamalar göstərir ki, 2016-cı ildə pambıq istehsalı əksər fermerlər üçün zərərlə başa gəlib. Belə ki, hər hektar üçün 700-800 manat xərc çəkən fermerlər, istehsalçılar təxminən bir o qədər də vəsait əldə ediblər. Bu o deməkdir ki, bu sahədən gəlir əldə edənlər əsasən emal müəsisələri və pambıq ixracı ilə məşğul olan oliqarxlar olacaq. Hökumət nümayəndələrinin, nazirlərin qiymət sövdələşməsində məsələni emal müəssisələrinin xeyrinə həll etmələri və pambıq yığımına təhsil, səhiyyə, icra, bələdiyyə orqanlarının işçilərinin cəlb olunması da bu məqsədlə həyata keçirilib. Hökumətin bu istiqamətdə apardığı siyasət bazar iqtisadiyyatı qaydalarına uyğun olmadığı kimi hüquqi normalara da ziddir. Pambıq istehsalı ilə məşğul olan fermer və kəndli əkin sahəsini öz gücünə hesablayıb müəyyən etməlidir. Pambıq yığımına inzibati qaydada ucuz işçi qüvvəsi kimi orta məktəb şagirdlərinin cəlb edilməsi isə qanuna, əxlaqa ziddir.

Bu kompaniyada bəzi istehsalçılara geniş imkanlar yaradılmışdır, yerli hakimiyyət orqanlarında fəaliyyət göstərən məmurlar və emalla məşğul olan sahibkarlar tərəfindən yaradılan təsərrüfatlara hər tərəfli köməklik göstərilib, onların istehsal etdikləri məhsul digərlərinin hesabına artırılmışdır. Pambıq istehsalı ilə ciddi məşğul olanlar isə haqsızlıqla, problemlərlə qarşılaşmışdırlar. Onların emal müəsisələrinə təhvil verdikləri pambığın zibilliyi, nəmliyi 35-40 faiz gostərilmiş və bu yolla hazır məhsulun bir hissəsi fırıldaqçı işbazlar tərəfindən mənimsənilmişdir. Kompaniya müddətində baş verən neqativ hallar rəqabət mühitini korlamış, istehsalçıların ümumi əhval-rühiyyəsinə pis təsir etmişdir. Pambıqçılıqla uzun müddət məşğul olan Bərdə, Ağcabədi fermerləri “Azərbaycan Saatı” verlişində çıxış edərək emal müəsisələri tərəfindən aldandıqlarını bildiriblər. Bu kimi neqativ hallar gələcəkdə pambıq istehsalında çox ciddi problemlər yaratmaqla yanaşı həm də təcrübəli, bacarıqlı pambıqçıların sıradan çıxmasına səbəb olacaq.

Vahid Məhərrəmov

İqtisadçı ekspert

 

22:21