Hakimiyyətdə uzun müddət qalmaq siyasətçini də dəyişdirə bilər…

Meyvə-tərəvəz vaxtında yığılmayanda pırsıyır. Təəssüf ki, siyasətdə də bəzən oxşar mənzərə ilə qarşılaşırıq. Uzun illər hakimiyyətdə qalan bəzi liderlər zaman keçdikcə tənqidi qəbul etmək qabiliyyətini itirir, özlərini yanılmaz, əvəzedilməz hesab edir və emosional bəyanatları dövlət siyasətindən üstün tutmağa başlayırlar.

Mənə elə gəlir ki, son dövrlərdə Türkiyə Prezidenti Sayın Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı səsləndirdiyi bəzi açıqlamalar məhz belə bir təəssürat yaradır.

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” prinsipi ilə bir-birinə bağlıdır. Bu, yalnız qardaşlıq şüarı deyil, həm də tale yükü və böyük məsuliyyətdir. 

Qardaş dövlətin biri-birlərinin milli maraqlarına zərər vura biləcək addımlardan və bəyanatlardan çəkinmək də həmin məsuliyyətin bir hissəsidir.

Eyni zamanda, İsrail uzun illərdir Azərbaycanın strateji tərəfdaşlarından biridir. Ölkəmizin ən ağır günlərində göstərilən dəstəyi Azərbaycan xalqı unutmur. Bundan əlavə Yəhudilər millətimizin min illərə söykənən vəfalı dostudur. Dostluq yalnız rahat günlərin deyil, çətin günlərin də sınağından çıxmalıdır. Nəzərə alsaq ki, istər Türkiyənin, istərsə Azərbaycanın elədə səmimi dostları çox deyil…

Bu səbəbdən Türkiyə ilə İsrail arasında münasibətlərin daha da gərginləşdirilməsi Azərbaycanın diplomatik mövqeyini də çətin vəziyyətə sala bilər…

Emosional çıxışlar alqış qazana bilər, amma dövlətlər emosiyalarla deyil, ağılla idarə olunur.

Siyasət meydanı mitinq tribunası deyil. Burada deyilən hər sözün siyasi, iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələrə səbəb ola bilər. 

Bölgə onsuz da kifayət qədər münaqişə içindədir. Belə bir şəraitdə hərbi ritorikanı gücləndirmək, qarşıdurmanı dərinləşdirən bəyanatlar vermək məsuliyyətli dövlət adamına yaraşan yol deyil…

Ən acınacaqlısı isə odur ki, dövlətlər arasında körpülər qurmaq əvəzinə, qurulmuş körpüləri yandırılmasına xidmət edən bəyanatlar yalnız düşmənləri sevindirir. Dost qazanmaq çətin, itirməyə isə bir neçə cümlə kifayər edir..

Tarix göstərir ki, güclü lider odur ki, emosiyalarını deyil, dövlətinin maraqlarını ön plana qoyur. Müdrik siyasətçi odur ki, savaş ehtimalını artırmır, əksinə onu aradan qaldırmağa çalışır.

Heç bir siyasətçi əbədi deyil. Əbədi olan dövlətlər və xalqlardır. Buna görə də hər bir lider şəxsi siyasi mövqeyini deyil, dövlətin, vətəndaşın və gələcək nəsillərin təhlükəsizliyini nəzərə almalıdır.

Son söz isə Türkiyə xalqınındır. Demokratik cəmiyyətlərdə ölkənin gələcəyinə son qərarı verən xalqdır. 

Ümid edirəm ki, Türkiyə ilə İsrail arasında münasibətlər daha da pisləşməz, diplomatiya emosiyalara qalib gələr və region yeni qarşıdurmalar deyil, yeni əməkdaşlığın meydanına çevrilər. Bundan isə ən çox qazanan Türkiyə, Azərbaycan, İsrail və reqionda yaşayan digər xalqlar olar. Dünyamızı silah deyil, nifrət deyil, sevgi xilas edəcək…

Hörmətlə Elman Mustafazade 
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru

Xudaferin.eu

12:18