“Hakimiyyət daxilində ciddi qarşıdurma ola bilər”

 

Natiq Cəfərli: “Qərbdə təhsil almış savadlı insanların yüksək vəzifələrə təyin olunması pozitiv haldır”

İyunun 12-də Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub. Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib. Nəzərə çatdıraq ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin katibliyinin rəisi Altay Həsənov,

katiblik rəisinin müavini Mehdi Dadaşov, katibliyin rəis müavini Fariz Rzayev, Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir).

Birinci vitse-prezidentin köməkçilərinin, həmçinin katiblikdə yüksək vəzifə tutan şəxslərin Qərbmeylli şəxslər olduğunu nəzər alsaq, görünən odur ki, Azərbaycanın balans siyasəti yürütməkdən kənarlaşaraq, artıq Qərbə yönəlik siyasət aparmağa üstünlük verir. Əslində, Azərbaycan bir müddətdir ABŞ-la Rusiya arasında seçim qarşısında qalıb. Ancaq bu bitərəf mövqeni həmişə qorumaq mümkün deyil. Heç bu mövqe Azərbaycana sərf də etmir. Azərbaycanın mövqeyi birmənalı şəkildə Qərbə inteqrasiya olmalıdır ki, Azərbaycan dövlət olaraq daha da inkişaf etsin, Rusiyanın imperiya maraqları da ölkəmizin üzərindən çəkilsin.

“Ümid edək ki, hər iki tərəfi qane edəcək bir mətn ortalığa çıxacaq”

REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib ki, hələ Azərbaycanın birmənalı şəkildə Qərbə yönəlik addım atdığını demək çox tezdir: “Ən azından müəyyən addımlar atılmalı və yaradılmış Katibliyin və Aparatın fəaliyyətinə də baxmaq lazımdır və onların səlahiyyət bölgüsü həyata keçirilməlidir ki, hansı işlərlə məşğul olacaqlar. Təbii ki, gənc, Qərbdə təhsil almış savadlı insanların yüksək vəzifələrə təyin olunması pozitiv haldır. Çünki onlar ən azından idarəetməyə yeni nəfəs, yeni düşüncə gətirə bilərlər. Amma hansı sahələr onların birbaşa nəzarətində olacaq, hansı sahələrdə qərarverici olacaqlar və bu hansı addımların atılmasına gətirib çıxaracaq, təəssüf ki, indidən bunu söyləmək çətindir. Müəyyən zaman keçməlidir və atılan addımları analiz etdikdən sonra birmənalı şəkildə fikir yürütmək olar. Amma ən azından Qərb dövlətləri ilə son zamanlar münasibətlərin daha yumşaq formada inkişaf etdiyini söyləmək mümkündür. Təsadüfi deyil ki, Avropa Birliyi ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla bağlı müqavilə müzakirəyə çıxarılıb. Bildiyim qədər çox ciddi müzakirələr gedir. Ümid edək ki, həm Azərbaycanın maraqları, həm də Avropa Birliynin dəyərləri əsasında bir ortaq məxrəcə gəlinib, müqavilə imzalanacaq. Bundan sonra, Azərbaycanda struktur və köklü sistem islahatları üçün müəyyən addımlar atılacaq. Çünki o müqavilənin əsas şərtlərindən biri tək iqtisadi məsələ deyil, həm də Azərbaycanda ədalətli məhkəmə sisteminin bərqərar olunması, müxtəlifyönlü islahatların həyata keçirilməsi də müqavilədə əks oluncaq. İnsan hüquqları, söz və mətbuat azadlığı ilə bağlı məsələlər öz əksini tapacaq. Ümid edək ki, hər iki tərəfi qane edəcək bir mətn ortalığa çıxacaq və bu imzalandıqdan sonra Avropa Birliyi, Qərb dünyası ilə daha sıx əməkdaşlıq davam edəcək”.

“Gələcəkdə daha ciddi proseslərin və qarşıdurmanın olması ehtimalı çox yüksəkdir”

N.Cəfərli vurğuladı ki, Birinci vitse-prezidentin köməkçilərinin, Katibliynin rəis və müavinlərinin təyinatından sonra iqtidar daxilində müəyyən qarşıdurma, fikir ayrılığı hiss olunur: “Amma bunun dərinləşməsi ehtimalı da var. Sadəcə bu səlahiyyət bölgüsündən sonra daha ciddi şəkildə özünü biruzə verə bilər. Çünki idarəetmədə əsas məsələ səlahiyyətlərin həyata keçirilmə mexanizmlərinin yaradılmasıdır. Yeni yaradılmış Katiblik və strukturlar idarəetmədə təşəbbüsü ələ alıb, daha mütərəqqi qərarlarla, addımlarla önə çıxacaqsa, bu, köhnə komandanın həm iqtisadi, həm də siyasi maraqlarına toxuncaqsa, gələcəkdə daha ciddi proseslərin və qarşıdurmanın olması ehtimalı çox yüksəkdir”.

Cavid
Hurriyyet.org

 

16:33