“Haber Global” telekanalı koronavirusa qarşı peyvəndin çatdırılmasında Azərbaycana qarşı ədalətsizlikdən geniş reportaj yayıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı əsaslı mübarizə tədbirləri çoxşaxəli istiqamətdə davam etməkdədir. Kütləvi ünsiyyətlərin qarşısını almaq üçün məhdudiyyətlər və peyvəndləmə bu tədbirlərin əsasını təşkil edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, davamlı olaraq müxtəlif məsələlərdə ikili standartlara məruz qalan Azərbaycan koronavirusa qarşı peyvəndlərin alınmasında da böyük ayrı-seçkiliklə qarşılaşıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, müxtəlif xarici media quruluşlarının diqqətində olan bu məsələ barədə “Haber Global” telekanalı da geniş reportaj hazırlayıb.
Reportajda diqqətə çatdırılır ki, COVAX çərçivəsində vaksinlər qeyri-ədalətli şəkildə, yalnız öz çevrələrində olan ölkələr arasında qeyri-bərabər şəkildə paylandı və bu proses hələ də davam edir.
İnformasının girişində məlumat ictimaiyyətə belə təqdim olunur: “COVAX çərçivəsində Cənubi Qafqaz bölgəsində artıq Gürcüstana “Biontech/Pfizer” peyvəndinin ilk partiyası çatdırılıb. Bu ölkə hələ martın 13-də “AstraZeneca” peyvəndini almışdı. Azərbaycana isə bu vaksinlərin heç birindən bir doza da olsa göndərilməyib”.
Bu mövzu ilə bağlı telekanal tərəfindən COVAX-a sorğu ünvanlanıb. Cavab isə qaneedici deyil: “Azərbaycana vəd edilən vaksin nəzərdə tutulan dozadan az sayda və qeyri-müəyyən tarixdə çatdırıla bilər”.
COVID-19 infeksiyası ilə mübarizədə Azərbaycanın apardığı mübarizə tədbirləri barədə geniş məlumat verilən reportajda, həmçinin koronavirusa qarşı vaksinin təkcə ölkəmizə deyil, ümumiyyətlə, dünyada ədalətsiz bölüşdülüməsi ilə bağlı Prezident İlham Əliyevin fikirləri də izləyicilərə çatdırılıb.
Sabir Şahtaxtı
Xudaferin.eu

18:03