Gürcüstanda erməni - azərbaycanlı davası qızışır: deputatdan hökumətə ittiham

Azər Süleymanov: “Tovuz döyüşlərindən sonra ermənilərin  azərbaycanlılara qarşı aqressiyası artıb, amma hökumət susur”

Gürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub. Davaya səbəb mal-qaranın qonşu örüş sahəsinə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb. Toriya kəndindəki örüşdən mal-qaralarını aparmağa gələn azərbaycanlılar hücuma məruz qalıb. Hadisə iştirakçılarından biri armenpress.am saytına azərbaycanlılara hücum etdiklərini təsdiqləyib. “Azərbaycanlılar 3-4 maşında gəldilər. Biz onlardan çox idik və davaya başladıq. Bizdən 3 nəfəri tutublar” - deyə o danışıb. Gürcüstan polisi faktla bağlı 11 nəfəri saxlayıb. Onların əksəriyyətinin erməni olduğu bildirilir. Bir neçə saatdan sonra onların hamısı azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb. Amma bu, Gürcüstanda iki millət arasında ilk dava deyil.

Məsələn, azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş vermişdi. Kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranmışdı. Həmçinin, bu ilin iyulunda Axaltsixe şəhərində Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında şifahi mübahisə yaşanmışdı. İnsidentə səbəb Tovuz döyüşləri olmuşdu. Polisin müdaxiləsi nəticəsində gənclər arasında mübahisə fiziki qarşıdurmaya keçməmişdi. Mübahisədə iştirak edən Axıska türkləri olan Azərbaycan vətəndaşları idi. Hadisədən sonra ali məktəbin tələbəsi olan 18 Azərbaycan vətəndaşı Tiflisə təxliyə olunub və hostelə yerləşdirilib. Göründüyü kimi, bu milli problemlər var, məişət və siyasi səviyyədə tez-tez yaşanır.

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Marneulidən deputatı Azər Süleymanov bu proseslə bağlı “Yeni Müsavat”a bildirdi ki, Toriya kəndindəki insidentlə maraqlanıblar, orada ciddi problem olmayıb, hər iki tərəfdən xəstəxanaya yerləşdirilənlər artıq evlərinə buraxılıblar.

Azər Süleymanov: Deputat toxunulmazlığım ləğv olunmayıb

 

Azər Süleymanov

A.Süleymanovun sözlərinə görə, Gürcüstanda örüş üstündə tez-tez belə mübahisələr düşür: “Amma dövlət məsələni həmişə araşdırmamağa çalışır. Halbuki Tovuz döyüşlərindən sonra ermənilər tərəfindən azərbaycanlılara qarşı aqressiyası artıb. Xüsusən də ermənilərin kompakt yaşadığı bölgələrdə azərbaycanlılara bu münasibət var. Tovuz hadisələrindən sonra lokal da olsa ermənilər Ermənistana dəstək aksiyaları keçirib.  Təəssüf ki, Gürcüstan hökuməti bu məsələlərə göz yumur. Bu da İvanişvili iqtidarının siyasətinin nəticəsidir ki, Gürcüstanda milli problemlər yaşanmaqdadır”.

Deputatın fikrincə, Gürcüstan 2012-ci ildən (Saakaşvili hakimiyyətindən sonra - E.S) geriyə dönməyə başlayıb: “Borçalı bölgəsində yaşayan ermənilər azərbaycanlılara heç nə edə bilməz, çünki əksəriyyət bizik. Amma Axıska türklərinə hücum olmuşdu. Görünür ki, hökumət nəticə çıxarmaq istəmir, ermənilərə dolayısı ilə dəstək olurlar”.

A.Süleymanov bildirdi ki, bir neçə gün qabaq reydlər keçirilib: “Ermənilər silahlanırlar, hətta bir-birinə güllə atırlar, bu yaxınlarda bir erməni deputatın başını partlatmışdılar. Gürcüstan hökuməti birbaşa ermənilərin tərəfini tutur, bu hadisələrə susur. Bizə də sirr qalır ki, niyə hökumət belə davranır...” Azərbaycanlı deputat qeyd etdi ki, oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək və bu ölkə daha əvvəlki deyil: “Ölkə nəinki 2000-ci illərə, artıq 90-cı illərə qayıdır. Respublikada kriminal hadisələr, narkotik baş alıb gedir.

Ölkənin iqtisadi vəziyyəti 90-cı illəri xatırladır. Ona görə də seçkidən sonra “Gürcü arzusu”na əlvida deyiləcək". Deputat bildirdi ki, Borçalı  bölgəsində azərbaycanlılar çoxdur deyə buradakı ermənilər münasibət saxlamağa üstünlük verirlər: “Amma məsələn, Cavaxediyanın 85 faizi ermənidir. Orada azərbaycanlı yoxdur, mehseti türkləri var, onlar da bizimkidir. Ermənilər isə  çoxluqdan istifadə edərək xoşagəlməz hərəkət edə bilirlər. Biz də dövlətə bildiririk ki, Gürcüstana problem yaratmaq istəmirik. Bu ölkədə yarım milyon azərbaycanlı var, əgər hökumət bizi qorumaq istəmirsə, öz hüquqlarımızı qorumağı yaxşı bacarırıq.Yeri gəlmişkən, bizim milli məsələlərlə bağlı dövlət nümayəndələri ilə görüşlərimiz oldu, bundan sonra ciddi addımlar atmasalar Gürcüstanda erməni separatizmi genişlənə bilər. Gürcüstanda yarım milyon azərbaycanlı var, əgər hökumət məsələləri həll etməsə, bizim qeyrətli oğullarımız onların cavabını verməyə hazırdırlar. Çox təəssüf ki, hökumət hələ ki baş verənləri susqunluqla qarşılayır”.

A.Süleymanov ayrı-seçkilik olduğunu da qeyd etdi: “Məsələn, keşişlər Nəriman Nərimanovun 40 ildir qoyulan heykəlini sökmək istəyirlər. Amma Şaumyanın adına kənd var, heç bir addım atmırlar. Eyni zamanda Abxaziyada döyüşən separatçıya heykəl qoyulub, bu fakta da dinmirlər. Belə görünür ki, məqsədyönlü siyasət aparılır”.

xudaferin.eu

10:49