Gürcüstan parlamentinin deputatı: Azərbaycana və azərbaycanlılara qarşı təxribatlara yol verilməməlidir

Bu gün bəzi qüvvələr müxtəlif yollarla Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmağa, əsrlər boyu mehriban qonşu olan iki xalqın dostluq münasibətlərini korlamağa çalışırlar. Biz haqq səsimizi ucaltmalı və buna imkan verməməliyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib.

A.Süleymanov bildirib ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini andığı bir gündə Gürcüstan torpağında əli günahsız insanların qanına bulaşmış Mixail Avakyana büstün qoyulması çox pis əlamətdir. Büstün açılış mərasimində parlamentin deputatlarının, bələdiyyə sədrinin, şəhər merinin və Ermənistanın Gürcüstandakı səfirinin iştirakı məsələni daha da gərginləşdirir.

Deputat, büstün sökülməsi tələbini də qaldırıb. O deyib ki, bu məsələ arxa plana keçirilə bilməz. Bütün sülhsevər insanlar, separatçılığa və terrorçuluğa qarşı olan qüvvələr M.Avakyan kimi cəlladlara abidə ucaldılmasını qətiyyətlə pisləməlidirlər və bu abidə sökülməlidir. Biz də bu məsələni daim diqqətdə saxlayacaq və kiminsə Azərbaycan-Gürcüstan dostluğuna zərbə vurmasına, Azərbaycan dövlətinin və xalqının əleyhinə təxribat törətməsinə imkan verməyəcəyik.

Qeyd edək ki, Azər Süleymanov Gürcüstan parlamentinin iclasında Axalkalaki rayonunun Boqaşen kəndindən Abxaziyada gürcülərə və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı vuruşmuş terrorçu Mixail Avakyana büstün qoyulması ilə bağlı məsələ qaldırılıb. O, separatçıya Gürcüstan torpağında büstün qoyulmasını pisləyib və hökuməti bununla bağlı ciddi addımlar atmağa çağırıb.

AZƏRTAC

17:56