Gürcü politoloqlar: Tiflisin mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası” adından sərginin açılması yolverilməzdir

 

Tiflisinin mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası” adından foto sərginin açılması yolverilməzdir. Bu sözləri açıqlamasında gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib. Q.Marxuliya deyib: “Ermənilərin bu addımı Gürcüstan hökumətinə qarşı təxribatdır. Ona görə ki, separatizmdən əziyyət çəkən Gürcüstan hökuməti belə bir tədbirin təşkilinə icazə verməz. Görünür ermənilər bu dəfə də Gürcüstan hökumətini aldadıblar”.

Politoloqun sözlərinə görə, heç bir dövlət tərəfindən tanınmayan qondarma respublikaların bu cür addımlarının qarşısı alınmalıdır. Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tbilisi Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia isə bildirib ki, ermənilərin tanınmamış qondarma respublika adından bu cür sərgi təşkil etməsi düzgün deyil. “Biz erməni rəssamların sərgisinin açılacağı barədə məlumat almışdıq. Amma orada qondarma “Dağlıq Qarabağ Respublikası” adından sərgi açmaq heç bir etikaya və siyasi əxlaqa sığmır”.

Xatırladaq ki, Gürcüstandakı erməni apostol kilsəsinin Tiflisdəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.

Xudaferin.eu

Gürcüstan, "Tiflis Bürosu"

 

10:01