Gürcü politoloqlar: Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

Azərbaycan ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq Gürcüstan üçün çox vacibdir. Çünki regionun stabilliyi məhz əməkdaşlıqdan, bizim dostluq əlaqələrimizdən asılıdır. Biz istənilən təzyiqə birlikdə güc gələrək xalqlarımızın rifahını təmin etməliyik".

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, ölkələrimiz geosiyasi və geoiqtisadi potensialından lazımi şəkildə istifadə edib. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri də regionda sabitliyin və uzunmüddətli sülhün vacib bir addımı kimi qiymətləndirilməlidir.

Politoloq deyib ki, son zamanlar böyük dövlətlərin Azərbaycana və Gürcüstana təzyiqləri artıb. Belə bir zamanda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri çox vacib idi. Çünki böyük dövlətlər Cənubi Qafqazda yeni münaqişə mənbələri yaratmaq istəyirlər. Bunun üçün də Ermənistana sülh müqaviləsi imzalamasın deyə təzyiqlər göstərirlər. Amma onlar anlamalıdırlar ki, Qarabağ məsələsi birdəfəlik öz həllini tapıb.

"Həmçinin nəqliyyat xətləri işə düşdükcə, Orta Dəhlizin önəmi qabardıqca regionda böyük dövlətlərin də maraqları toqquşur. Belə olan halda da ölkələrimiz maksimum dərəcədə diqqətli olmalıdır. Çünki hansısa bir səhvdə regionda digər dövlətlərin təsir gücü artacaq", - deyə L.Mamaladze qeyd edib.

Hərbi məsələlər üzrə ekspert Vaxtanq Maisaya isə deyib ki, Ramil Usubovun səfəri ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlıq və regional layihələrə Azərbaycan tərəfdən böyük və sarsılmaz dəstək verilməsini bir daha sübut edir: "Orta Dəhlizin açar nöqtələrindən biri olan "Anakliya" dərin özüllü dəniz limanının tikintisi məsələsi müzakirə mövzularındandır. Burada Gürcüstan qədər Azərbaycan da maraqlıdır. Onun üçün də bu limanın tikintisində Azərbaycanın da iştirakı məqsədəuyğundur. Təbii ki, ən vacib olan da bu işlərin getdiyi bir dövrdə regionun təhlükəsizliyi məsələləridir və biz bu sahədə səmərəli əməkdaşlıq etməliyik.

 

Qafqaz məsələləri üzrə ekspert, politoloq Simon Kopadzenin fikrincə, regionun inkişafında Azərbaycan və Gürcüstan qədər heç kim maraqlı deyil. Bu baxımdan da R.Usubovun bu səfəri yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: "Ölkələrimiz bir çox layihələr icra edir və qarşıdakı vaxtlarda da yeniləri icra ediləcək. Bütün bunları edəndə isə təhlükəsizlik başlıca məqsəddir. Çünki yalnız regionun təhlükəsizliyi inkişafa gətirib çıxaracaq. Onun üçün deyə bilərəm ki, görüşlərdə ortaq maraqlarımız müzakirə edilib".

Məlumat üçün qeyd edək ki, martın 12-də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda rəsmi səfərdə olub. Səfər zamanı Gürcüstanın Baş naziri, müdafiə və daxili işlər nazirləri ilə görüşüb.

Xətayi Əzizov

Xudaferin.eu

13:24