Gürcü ekspert: Azərbaycan keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün bütün zəruri addımları atır

Azərbaycan hökuməti Qarabağdan məcburi köçkün düşmüş əhalinin yenidən öz doğma torpaqlarına qaytarılması üçün bütün vasitələrdən səmərəli istifadə edir. Azərbaycan hökumətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Böyük Qayıdış” Proqramının məqsədi də keçmiş məcburi köçkünlərin Qarabağa qaytarılmasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə professoru Valeri Modebadze söyləyib.

O bildirib ki, Xocalının bərpası və keçmiş məcburi köçkünlərin geri dönüşü Azərbaycan dövlətinin “Böyük Qayıdış” Proqramı çərçivəsində fəal şəkildə davam edir: “Azərbaycan hökuməti Xocalı şəhərinin tam rekonstruksiyasını və məcburi köçkünlərin geridönüşü üçün infrastruktur layihələrini həyata keçirir: həm köhnə evlərin bərpası, həm də yeni yaşayış komplekslərinin tikintisi aparılır. Şəhərdə yeni məktəblər, uşaq bağçaları, tibb məntəqələri və mədəniyyət mərkəzləri tikilir və istifadəyə verilir. Təbii ki, genişmiqyaslı minatəmizləmə işlərini də qeyd etmək vacibdir. Bu çox mühüm məsələdir. Bir sözlə, Azərbaycan hökuməti əhalinin öz doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtması üçün bütün zəruri addımları atır”,- deyə V.Modebadze əlavə edib.

Xudaferin.eu

15:45