"Güneyi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz tərkib hissəsidir"

 

ABŞ Dövlət Departamenti aprelin 9-da Gürcüstanın bölücü Güney Osetiya regionunda keçiriləcək “prezident seçkiləri” və addəyişmə “referendumu” barədə bəyanat yayıb.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, ABŞ bu “seçkiləri”, eləcə də martın 12-də Gürcüstanın digər işğal olunmuş bölgəsi – Abxaziyada keçirilmiş “parlament seçkiləri”ni tanımır: “Qanunsuz seçki və referendum Gürcüstan ərazisində ölkə hökumətinin icazəsi olmadan keçiriləcək. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəkləyir. Bizim Güney Osetiya və Abxaziya ilə bağlı mövqeyimiz aydın və daimidir. Bu regionlar Gürcüstanın ayrılmaz tərkib hissəsidir”.

Qeyd edək ki, separatçılar referendumda Güney Osetiyanın adını “Güney Osetiya Respublikası – Alaniya dövləti” şəklində dəyişdirməyə hazırlaşır. Belə bir siyasətin gündəmə gətirilməsində Ermənistan, bölücü Dağlıq Qarabağ, Abxaziya rejimləri ilə yanaşı, həm də Quzey Qafqazın Krasnodar, Stavropol və Rostov vilayətləri, Quzey Osetiya və Adıgey respublikalarında mövcud olan erməni diasporu da yaxından dəstək verirlər. Güney Osetiya və Abxaziyada 1991-1994-cü illərdə yaşanılan ayrımçılıq və bölücülük hərəkatlarında Quzey Qafqazdakı erməni diasporu silahlı qruplar yaradaraq bu yöndə ən öndə gedən və aparıcı söz sahibi olan strukturlar hesab  olunublar. Hətta bu addımları ilə öyünən erməni şəbəkələri xəyali “Böyük Ermənistan” ideyasının çox yaxın illərdə gerçəkləşəcəyini vurğulamaqdan belə, çəkinməmişlər.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu” 

 

19:54