Güney Azərbaycanın Batı bölgəsində işsizlik səviyyəsi artıb

 

Güney Azərbaycanın Urmu vilayəti “büdcə və planlaşdırma idaərsi”nin rəisi Nasir Həzrəti təmsil etdiyi bölgədə işsizlik səviyyəsinin artdığını bildirib.

O bu barədə Urmuda çıxış edərkən məlumat verib. “Bu bölgədə işsizlik səviyyəsi getdikcə artaraq 11.2 faizə çatıb. Orta hesabla işsizlik səviyyəsi gənclər və ali təhsilli insanlar arasında daha yüksəkdir”- deyə o qeyd edib.

Yaranmış durumdan şikayətlənən “büdcə və planlaşdırma idarəsi”nin rəisi vilayətin  iqtisadi potensialına da toxunub. “Urmu vilayəti ölkənin digər əyalətləri arasında kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 4-cü yerdədir, əkinçilik sahəsində isə 4.3 faiz əlavə dəyər istehsal edir. Bu bölgədən 9 rəsmi gömrük və bir neçə müştərək bazarlar mövcuddur. “Makı Azad Ticarət Məntəqəsi”, “Salmas Xüsusi İqtisadi Məntəqəsi” və s. Biz zəngin iqtisadi qaynaqlarımızı düzgün dəyərləndirə bilsək, bölgənin bütün iqtisadi problemləri öz həllini tapar”- deyə N.Həzrəti bəyan edib.

Bu tədbirdə iştirak edən Urmu şəhərinin ölkə parlamentindəki millət vəkili Hadi Bahaduri də öz çıxışında bölgənin iqtisadi vəziyyətinə işarə edib. O bildirib ki, “ölkə mədənlərinin 6 faizi Güney Azərbaycanın Batı bölgəsində yerləşir. Mədən sahəsinə diqqət ayırmaqla, əyalətin inkişafı üçün şərait yaratmaq mümkündür.”

Millət vəkili Urmu vilayətinin səhiyyə, təhsil, adambaşına düşən illik gəlir və s. kimi göstəricilərə görə yaxşı səviyyədə olmadığını xüsusi olaraq vurğulayıb.

Qeyd edək ki, mollakratiya rejiminin idarə etdiyi İranda həftədə bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı real işsizlərin sayı arasında böyük hər zaman fərq olur. Güney Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir.
 

Xudaferin.eu

Güney Azərbaycan, "Urmu Bürosu"

 

09:40