Güney Azərbaycanda gənclər hərəkətə keçdilər

 

Urmu Universitetinin öyrənciləri Urmu Gölünün canlandırılması üçün imza toplayıblar

Urmu Universitetinin çox sayda öyrənciləri və müəllimləri Urmu Gölünun İran mollakrat rejimi tərəfindən məqsədli şəkildə qurudulmasına etiraz əlaməti və yaranmış ekoloji problemin çözülməsi üçün imza toplayaraq gölün canlandırılmasını tələb ediblər.  Bu barədə Urmu Universitetinin Su Mühəndisliyi üzrə Elmi Dərnəyinin katibi Məhəmməd Kohani açıqlama veribdir.

“Ötən günlərdə Urmu Universitetinin kültür bölümünün keçirdiyi sərgidə dərnəklərin fəaliyyətinin məhsulunu nümayiş etdirmək üçün yaxşı şərait yaranmışdır. Təmsil etdiyim dərnək Urmu Gölünə dəstək vermək amacı ilə imza toplamaq üçün bir sərgi stendindən istifadə etdi. Bu, öyrəncilər və müəllimlər tərəfindən rəğbətlə qarşılandı. Stend bir neçə saat sonra imzalarla doldu, bundan sonra biz daha bir neçə stend sifariş etməli olduq. Qısa müddətdə bu qədər imzanın toplanması göstərdi ki, universitet öyrənciləri və müəllimlər Urmu gölü böhranı ilə bağlı nigarandır”- deyə o bildirib.

Məhəmməd Kohani əlavə edib ki, “Urmu Gölü hər kəsə aiddir. Ona görə də gölün bərpası üçün bir elmi, əməli və ictimai tələbə ehtiyac var. Bu işi siyasiləşdirmək və ya cinahlar arası məsələlərə bağlamaq düzgün deyil.”

Urmu Gölü bir çox mütəxəssislərin, xüsusilə də ekoloqların uzun müddətdir qaldırqları həyəcan təbilinə görə artıq son nəfəsini çəkir. Ötən həftə bir qrup Güney Azərbaycan millət vəkili Urmu Gölü ilə bağlı mollakkratiya rejiminin prezidentinə sual ünvanlamaq üçün parlamentə yazılı müraciət ediblər. Lakin parlament sədri Əli Laricani prezidentin məclisə gələrək Urmu Gölü ilə bağlı sualları cavablandırmasına mane olub. Təbrizin millət vəkili Əhməd Əlirza Beyginin “Nə üçün Urmu Gölünün canlandırılması uğrunda əməli addım atmadınız?” sualının əks olunduğu müraciəti imzalayan millət vəkilləri yetərsay təşkil edir, lakin parlament sədri Əli Laricani sualın gündəmə gətirilməsinə imkan vermir.
Qeyd edək ki, mollakratiya rejimi Güney Azərbaycan məsələsində qatı və ifrat antitürk mövqeyini süni şəkildə yaradılan ekoloji problemlər siyasəti üzərində formalaşdırıbdır. Bu da sonucda yüzminlərlə, hətta milyonlarla insanların öz tarixi yurdlarından köç etmək zorunda qalması deməkdir. Bu sırada Urmu Gölü faciəsi həmin siyasətin açıq şəkildə görünən tərəfidir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

10:12