“Günahsız günahkarlar”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Böyük Akt zalında “Sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində “Bakı Uşaq Teatrı” tərəfindən insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış “Günahsız günahkarlar” tamaşasına Səbail rayonunu orta məktəblərinin yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrinin tələbələrinin ictimai baxışı etdirilib.

Qeyd edək ki, “Günahsız günahkarlar” tamaşasının mövzusu müasir dövrümüz üçün aktualdır. Hazırda dünyanın bütün ölkələri insan alveri, silah alveri, narkomaniya, məcburi əməyə cəlb edilmə və digər ağır cinayətlərlə qarşılaşıblar. Bu tamaşa müasir dövrümüzün qlobal problemlərindən biri olan insan alverinin tanıdılmasına həsr olunub. Tamaşa cəmiyyətin bu ümumbəşəri bəlaya qarşı maarifləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu günümüzlə çox səsləşir.
“Günahsız günahkarlar” tamaşasının rejissoru Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi isə Arzu Soltandır. Tamaşada insan alveri, həmçinin insan orqanlarının transplatasiyası, cinsi istismara məruz qoyma və məcburi əməyə cəlb edilmə kimi bəşəri cinayətlərin faciəli nəticələri təsirli şəkildə tamaşaçıya çatdırılır. İnsanların sadəlövlüyündən, təcrübəsizliyindən və məlumatsızlığından sui-istifadə edərək onları bu faciəli yola sürükləyən mənəviyyatsız şəxslər kəskin tənqid edilirlər. Tamaşa həm də belə mənfi hallardan düzgün nəticə çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb edir və ibrətamiz əhəmiyyətə malikdir. Məlumat üçün onu da qeyd edək ki, bu tamaşa artıq respublikamızın bir çox bölgələrində və ali təhsil müəssisələrində nümayiş etdirilib və böyük marağa səbəb olub. Aktual mövzu və özünəməxsus rejissor həllinə malik olan “Günahsız günahkarlar” tamaşası  tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xudaferin.eu

 

11:54