Güc, cəldlik və dözüm tələb edən oyun - Toqqamərə

Toqqamərə qədim oyunlarımızdan biridir. Yeniyetmə və gənclər tərəfindən oynanılan bu oyun güc, cəldlik və dözüm tələb edir. Əsasən yaz mövsümündə - təbiətin oyandığı, çöllərin, çəmənlərin yaşıl örpəyə büründüyü vaxtdan istilər düşənədək oynanılır.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Şirvan bölgəsində toqqamərə adlanan bu oyun Naxçıvanda "Cızıq tutması", Muğan bölgəsində "Cızıqdançıxma", Bakıda "Qayışçapdı" ("Qayışaldı"), bir çox bölgələrimizdə isə “Dirədöymə” və sair adlarla tanınır.

Toqqamərə 3 və ya 4 nəfərlik dəstə arasında maraqlı bir “çarpışmadır”. Oyuna başlamazdan əvvəl təxminən 1,25 metr radiusda bir neçə santimetr enində və dərinliyində dairə çəkilir. Dairənin içəri tərəfindən kənarında ara məsafələri eyni ölçüdə, dəstənin sayından asılı olaraq 3 və ya 4 kiçik çuxur qazılır. Bu dairəvi çuxur bükülü kəməri tamamilə gizlətməlidir. Dərinliyi də kəmərin eni qədər olmalıdır.

Sonra yarışacaq dəstələr müəyyənləşdirilir. Əlbəttə, xəstə, zəif və dözümsüz olanlar oyuna qatılmır. İki nəfər dəstəbaşı iki-iki qolboyun olaraq kənardan razılaşdıqları şərti adlarla gələn cütlükdən birini seçir. Belə ki, cütlüklərdən biri şərti adlarını deyir: Məsələn, “heyva”, yoxsa “nar”? Dəstəbaşılar növbə ilə şərti adlardan birini seçir və həmin cütlük ayrılır. Beləliklə dəstə hazırlanır. Maraqlıdır, dəstələrin bölgüsü o qədər ədalətli aparılır ki, yarışma zamanı qardaş-qardaşa, dost-dosta, qohum-qohuma, qonşu-qonşuya qarşı da gəlir. Bu isə adi hal sayılır.

Sonra dairənin içərisinə girərək müdafiə olunan dəstənin müəyyənləşdirilməsi üçün püşk atılır. Püşkü udan dairənin çölündə hücumda, uduzan isə müdafiədə yer alır. Müdafiə əslində çuxurdakı kəmərlər üçündür. Oyun zamanı kəmərlərdən birini çuxurdan çıxarmaq üçün əsl “çarpışma” yaşanır. Çıxarılan kəmərlə digər kəmərləri götürmək asanlaşır. Kəmərlə endirilən zərbəyə dözmək heç də asan deyil. Əlbəttə, qaydalara görə yalnız dizdən aşağı vurmaq olar. Lakin ehtiyatı da əldən vermək olmaz. Dairənin içərisində olan gənc ya bir ayağı içəridə olmaqla zərbə endirənin ayağını tapdalaya, ya kəməri qoluna dolayıb ələ keçirə, ya da hücumdakını çevrəyə sala bilər. Bu zaman oyunun qaydasına görə dəstələr yerlərini dəyişir.

Sonda ən çox hücum edən – dairənin çölündən zərbə endirən komanda qalib sayılır.





14:46