Göygöl Beynəlxalq Yaylaq Festivalı: Gözəl təbiət və xəcalət…

Bu ilin, 2026-cı ilin iyul ayında Niderlanddan Azərbaycana gəldim və böyük həvəslə Göygöl rayonunda keçirilən Beynəlxalq Yaylaq Festivalında iştirak etmək üçün yola çıxdım.

Məqsədim sadə idi: Azərbaycanda keçirilən belə bir festivalın necə təşkil olunduğunu görmək, ilk dəfə Göygöl rayonunun gözəl təbiətinin qoynunda milli mədəniyyətimizin təqdimatına şahid olmaq idi.

Bakıdan festival istiqamətinə iki avtobusla yola düşdük. Avtobuslardan birində Xuraman Novruzovanın rəhbərliyi və təşkilatçılığı ilə rəssamlıq məktəbinin balaca uşaqları, digər avtobusda isə onların valideynləri və digər iştirakçılar vardı.

Uşaqların sevincini görmək adama ayrıca xoş təsir bağışlayırdı.

Lakin festival məkanına gedən yol ilk andan ciddi suallar yaratdı. Torpaq və bərbad vəziyyətdə olan yolda hərəkət etmək olduqca çətin idi. Mən hətta soruşdum:

 - Bu nə yoldur?

Cavab isə belə oldu:

- Festivalın ləzzəti elə belə yoldadır.

Mən isə düşündüm: yağış yağsaydı, bu yolla festival məkanına necə çıxmaq mümkün olacaqdı?

Nəhayət, böyük çətinliklə festivalın keçirildiyi əraziyə çatdıq. Orada müxtəlif alaçıqlar, qruplar və yurdlar qurulmuşdu.

İran, Gürcüstan və Qırğızıstandan gələn nümayəndələri gördük. Bizə həmçinin Qazaxıstan və Özbəkistandan da iştirakçıların olduğu bildirildi.

Təəssüf ki, festivalın beynəlxalq xarakter daşıması məndə gözlədiyim təəssüratı yaratmadı.

Ən sadə məsələ olan içməli su belə problemə çevrilmişdi. Festivalda iştirak edən balaca uşaqlar su istədilər. Lakin suyun qiyməti ilə bağlı qarşılaşdığımız mənzərə, doğrusu, məni çox təəccübləndirdi.

Kiçik həcmli suyun yüksək qiymətə satılması uşaqların və valideynlərin narazılığına səbəb olurdu.

Yeməklərin, o cümlədən kətənin qiymətləri də diqqət çəkirdi. Azərbaycanda başqa bölgələrdə daha münasib qiymətə satılan məhsulların burada bir neçə dəfə baha qiymətə təklif olunması istər-istəməz sual doğururdu.

Amma məni ən çox narahat edən təkcə qiymət məsələsi deyildi. Məni düşündürən əsas məsələlərdən biri təşkilatçılıq və mədəni münasibət məsələsi idi.

Festivalda bizimlə birlikdə yaşı səksəndən çox olan, hörmətli bir ziyalımız da vardı. O, çay içmək istədi. Bir xanım ona çay süzdü. Bu zaman Gənclər və İdman Nazirliyinə aid olduğu bildirilən bir şəxs çayı ağsaqqalın əlindən alaraq bu alaçıqda çay verilməsinin mümkün olmadığını bildirdi.

Səbəb kimi həmin yerin müəyyən şəxslərə aid olması göstərildi.

Mən bunu anlaya bilmədim.

Axı söhbət səksəndən yuxarı yaşı olan bir insana bir stəkan çay verməkdən gedirdi. Bəs hanı Azərbaycan qonaqpərvərliyi? Hanı tez-tez fəxrlə danışdığımız milli mentalitet?

Xoşbəxtlikdən, başqa bir alaçıqda olan iki xanım bu mənzərəni görüb bizi öz yanlarına dəvət etdilər. Onlar çox mehriban, qonaqpərvər və alicənab davrandılar. Bizə çay süzdülər və pulunu belə almaq istəmədilər.

Öyrəndik ki, bu mehriban xanımlar bir neçə günlük tədbirdə işləmək üçün Tovuzdan gəliblər.

Nə yaxşı ki, millətimizin belə mədəni və alicənab insanları var.

Həmin xanımların davranışı festivalda gördüyümüz bəzi mənfi mənzərələrin içərisində mənə Azərbaycan insanının əsl qonaqpərvərliyini bir daha xatırlatdı.

Təbiətin qoynunda, amma təmizliyə münasibət necədir?

Festival ərazisində məni ən çox sarsıdan məsələlərdən biri də təmizlik və sanitar vəziyyət idi.

Gözəl Göygöl təbiətinin qoynunda keçirilən tədbirin ətrafında zibil qutularının və təmizlik sisteminin yetərli olmaması açıq şəkildə görünürdü.

Çaylara baxanda insanın ürəyi ağrıyırdı. Təmiz təbiətin qoynundan axan çaylarda balıq əvəzinə plastik butulkalar görmək çox üzücü mənzərə idi.

Mən 36 ildir Avropada yaşayıram. 28 müxtəlif Avropa ölkəsini kəndbəkəndə gəzmişəm, dünyanın müxtəlif yerlərində tədbirlər və festivallarda olmuşam. Açığını deyim, belə xəcalət doğuran mənzərə ilə ilk dəfə idi rastlaşırdım.

Adətən belə festivallarda, xüsusilə isti yay günlərində, ziyarətçilər üçün ən azı pulsuz içməli su məntəqələrinin yaradılması diqqətə alınır.

Təəssüflər olsun ki, bu festivalda bəzi hallarda mədəni tədbirdən daha çox insanların cibinə hesablanmış kommersiya münasibəti hiss olunurdu.

Bir azərbaycanlı kimi məni ən çox ağrıdan da bu idi: öz ölkəmdə, öz gözəl təbiətimizin qoynunda keçirilən festivalda gördüklərimdən xəcalət çəkmək.

“İcra başçısı gəlir, qalxın”

Lakin məni düşündürən yalnız təmizlik və təşkilati məsələlər olmadı.

Festivalda musiqi səslənir, zurna, balaban, davul çalınır, kameralar çəkiliş aparırdı. Sanki yer yerindən oynayırdı.

İnsanlar isə uzun yol gəldikləri üçün yorulub yol kənarında oturmuşdular.

Birdən bir gənc gəlib bizə dedi:

— Qalxın, icra başçısı gəlir.

Mən soruşdum:

— Nəyə görə qalxmalıyam? İcra başçısı gəlsin, buyursun.

Mənim üçün dövlət vəzifəsində çalışan insanla sıravi vətəndaş arasında belə münasibət qəbuledilməzdir.

Mənim anlayışıma görə, vəzifə insana xalqın qarşısında üstünlük verməməlidir. Əksinə, vəzifə insanın xalqa xidmət məsuliyyətini artırmalıdır.

İnanın, orada elə bir mənzərə gördüm ki, az qala insanlardan icra başçısının qarşısında ayağa qalxmaqdan daha artığını gözləyirdilər.

Sanki adi vətəndaşla yüksək vəzifəli şəxs arasında böyük bir məsafə, görünməz bir qala divarı vardı.

Mən öz-özümə düşündüm: XXI əsrdə bu “şahlıq”, “xanlıq” instinkti haradan yaranır, ilahi?

Niyə bəzi məmurlar xalqdan bu qədər uzaq görünür?

Niyə adi vətəndaş məmurun qarşısında ikiqat olmalıdır?

Mənim fikrimcə, bunun əsas səbəblərindən biri də vətəndaşla məmur arasında hesabatlılıq və məsuliyyət hissinin zəifləməsidir. Xalqdan uzaqlaşan idarəçilik zaman keçdikcə özünü xalqdan üstün görmək təhlükəsi yaradır.

Beləcə, vətəndaşla məmur arasında görünməz bir baryer yaranır.

Mən vaxtilə Ulu Öndər Heydər Əliyevlə də görüşmüşəm. 1997-ci ildə onunla görüşmək imkanım olub. Rəhmətlik böyüklüyü qədər də sadə insan idi.

Mənim üçün Heydər Əliyev dövlət rəhbəri ilə vətəndaş arasındakı münasibətin canlı nümunəsi idi.

Bəs bu gün bəzi icra rəhbərlərinin nümayiş etdirdiyi yekəxana münasibət haradan qaynaqlanır?

Məhz buna görə bu gün bəzi yerlərdə icra rəhbərlərinin vətəndaşlarla münasibətində müşahidə etdiyim davranışlar mənə çox ağır gəlir.

Məqsədim kimisə təhqir etmək deyil

Mən bu yazını kimisə təhqir etmək və ya kiminsə şəxsiyyətinə toxunmaq üçün yazmıram.

Məqsədim tamamilə başqadır.

Azərbaycanın gözəl təbiəti var. Göygölün təbiəti, meşələri, dağları, çayları böyük sərvətdir. Bu torpaqlar dünyanın ən gözəl yerləri ilə rəqabət apara bilər.

Elə buna görə də həmin gözəlliyə qarşı münasibətimiz də ona layiq olmalıdır.

Yaylaq Festivalı kimi tədbirlər Azərbaycanın milli mədəniyyətini, qonaqpərvərliyini və təbiətini dünyaya göstərmək üçün böyük imkan yaradır.

Belə bir festivalda xarici qonaqlar Azərbaycanı təkcə səhnədəki musiqi və rəqslərlə deyil, ətraf mühitin təmizliyi, insanların bir-birinə münasibəti, xidmət səviyyəsi və təşkilatçılıq mədəniyyəti ilə də tanıyırlar.

Biz istəyiriksə ki, Azərbaycana gələn qonaq buradan xoş təəssüratla ayrılsın, ilk növbədə öz ölkəmizə və öz insanımıza hörmət etməliyik.

Mən Niderlanddan Azərbaycana gəlmişdim. Festivalı böyük ümid və sevinclə gözləyirdim. Təəssüf ki, gördüklərimin bir hissəsi məni sevindirmək əvəzinə düşündürdü və ürəyimi ağrıtdı.

Mən istəyirəm ki, gələcəkdə Yaylaq Festivalı daha yüksək səviyyədə təşkil olunsun.

Yollar düzəldilsin.

Təmizlik təmin edilsin.

Qiymətlərə nəzarət olunsun.

Uşaqların və yaşlı insanların rahatlığı nəzərə alınsın.

Ən əsası isə vətəndaşla məmur arasında hörmət və bərabərlik hissi qorunsun.

Çünki Azərbaycan bizim hamımızındır.

Göygöl də bizimdir.

Onun dağları, meşələri, çayları da bizimdir.

Və istəyirəm ki, bir daha öz ölkəmizin gözəl bir guşəsində dayanıb Azərbaycanlı olduğum üçün xəcalət çəkmək əvəzinə, Azərbaycanlı olduğum üçün qürur duyağın.

Elman Mustafazadə
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, "Xudafərin" (www.xudaferin.eu
jurnalının baş redaktoru

Xudaferin.eu

08:10