GÖRÜNMƏYƏN TƏHLÜKƏ QAPIDA

 

 Azərbaycanın demoqrafik çöküşü və bətndə boğulan gələcək
 
        

Mirşahin çıxışlarının birində özünəməxsus ədayla deyir: “Sizə uşaqlar üçün verilən müavinətin bərpası mövzusunda danışmaq istəyirəm. Bu müavinət heç cür bərpa oluna bilməz! Niyə?..” Onun bu suala verdiyi cavabdan öncə iki fərqli anlayış barədə mən də oxucularımı bilgiləndirmək istərdim: “universal uşaqpulu” və “müavinət” və yaxud “uşaqlar üçün ünvanlı sosial yardım” bir-birindən 180 dərəcə fərqlənən anlayışlardır. Azərbaycan qanunvericiliyində və beynəlxalq praktikada bu iki termin maliyyə dəstəyinin təyin olunma şərtlərinə görə kəskin fərqlənir. 

Universal uşaqpulu: valideynlərin gəlirindən, sosial statusundan və ya iş yerindən asılı olmayaraq, ölkədəki bütün uşaqlara istisnasız ödənilən aylıq sabit məbləğdir. Bu kateqoriya müxtəlif ölkələrdə fərqli üsullarla gerçəkləşdirilir; bəzi ölkələrdə 5, bəzilərində 12, bəzilərində isə 18 yaşına qədər uşaqların hamısına şamil edilir. Təbii ki, ödənilən məbləğlər də ölkələr üzrə fərqlənir. 

Bu gün Azərbaycanda ictimaiyyətin tələb etdiyi məhz “universal uşaqpulu”nun bərpası məsələsidir. Səhv etmirəmsə, bu kateqoriya üzrə uşaqpulu verilməsi 2006-cı ildə ləğv edilib, yəni neft gəlirlərinin büdcəyə sel kimi axmağa başladığı illərdə. Məhz o dövrdə uşaqpulunun kəsilməsi olduqca qaranlıq məsələdir. 

Yeri gəlmşkən, bu mövzudakı ilk yazımda “Universallıq modeli”nin 5 yaşına qədər bütün uşaqlara ayda 150 manat məbləğdə təyin olunmasını təklif etmişəm. Mənim təklif etdiyim layihədə bir də “Ünvanlılıq modeli” var ki, bu da 5 yaşından 18 yaşına qədər olan uşaqlara şamil edilir; ancaq hər kəsə yox, 3 və daha çox uşağı olan ailələrin 3-cü və sonrakı doğulan hər uşağına verilir.

Uşaqlar üçün müavinət isə tamam başqa bir anlayışdır və universal uşaqpulundan fərqlənir. Müavinət: yalnız qanunla müəyyən edilmiş müəyyən kateqoriyalara və ehtiyacı olan ailələrə verilən ünvanlı sosial yardımdır.

Azərbaycanda hazırda klassik mənada “universal uşaqpulu” sistemi mövcud deyil; yuxarıda qeyd etdiyim kimi, 2006-cı ildə ləğv edilib. Bunun əvəzinə dövlət müəyyən qruplara (hər kəsə deyil) aid uşaqlara müavinətlər ödəyir:
- Doğuşa görə: birdəfəlik müavinət verilir;
- Aztəminatlı ailələr: 1 yaşınadək uşağı olan ehtiyaclı ailələrə aylıq müavinət ayrılır;
- Çoxuşaqlı ailələr: 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün aylıq ödəniş edilir;
- Əlilliyi olan uşaqlar: aylıq sosial müavinət və qulluq təqaüdü verilir;
- Şəhid və qazi övladları: xüsusi aylıq təqaüdlər nəzərdə tutulub.

Nəzər-diqqətinizə onu da çatdırım ki, ölkədə 18 yaşına qədər  olan 2 milyon 730 min uşaqdan yalnız 442 min nəfərinə müxtəlif adda sosial yardımlar edilir. Yardımın hər kəsə şamil edilməməsi ilə yanaşı, bu sistem rüşvət və korrupsiya üçün münbit şərait yaradır. Bizim təklif etdiyimiz modeldə isə istisnasız olaraq, bütün uşaqlar 5 yaşına qədər aylıq sabit vəsait alır, 3 və daha çox uşağı olan ailələrin 5 yaşdan yuxarı olan 3-cü və sonrakı uşaqları da bu yardımı alır. Mənim təklif etdiyim layihənin illik smetası 2,3 milyard manatdır, hazırkı sistemlə isə təxminən 1 milyard manat xərclənir, yəni əlavə 1,3 milyard manat lazımdır ki, bunun mənbəyini də göstərmişəm.

Hesab edirəm ki, özünü Azərbaycan mediasının “xaç atası” zənn edən Mirşahin adlı şəxs “universal uşaqpulu” və “uşaqlar üçün müavinət” məsələsinin fərqini anlamasa da, dəyərli oxucularım söhbətin nədən getdiyini anlamışdır. 

İndi qayıdaq Mirşahinin özünün verdiyi “niyə” sualına elə özünün verdiyi cavaba. O deyir: “Əvvəla gəlin xatırlayaq ki, bu gün uşaqpulu kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırılmışdı? Uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlı olsunlar. Bu gün o problem də yoxdur. Bu günlərdə biz 10 milyonuncu insanımızı qarşıladıq...”

Bu sözləri Mirşahin hələ keçən il deyib. Doğrudanmı Azərbaycanın demoqrafiq balansında heç bir problem yoxdur? Var, həm də fəlakət sayıla biləcək səviyyədə. Bəlkə bu gün o problemi görmürük, ancaq yaxın onilliklərdə bunun ağır fəsadları görünəcək. Gəlin hər şeyi rəsmi, real faktlar üzərindən araşdıraq.

Səssiz fəlakətin riyazi anatomiyası

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi hesabatında yer alan və Səhiyyə Nazirliyinə istinad edilən bir rəqəm cəmiyyətin gələcək varlığını silkələyəcək gücdədir: Azərbaycanda keçən il 95 117 abort qeydə alınıb. Bu rəqəm sadəcə soyuq bir tibbi statistika və ya quru hesabat deyil. Bu, hər il az qala bütöv bir nəslin, gələcəyin on minlərlə müəlliminin, mühəndisinin, əsgərinin və vergi ödəyicisinin ana bətnindəcə səssiz-səmirsiz yox edilməsinin rəqəmsal ifadəsidir. 2021-ci ildə 46 min olan bu rəqəmin cəmi bir neçə il ərzində iki dəfədən çox artaraq, 2025-ci ildə 95 minə çatması ölkənin demoqrafik intihara doğru qaçdığının ən bariz sübutudur.

Bu rəqəmlərin nə qədər təhlükəli olduğunu anlamaq üçün bir mühüm məsələyə xüsusi diqqət edək. “Əhalinin özünü bərpa üçün alt limit” deyilən bir anlayış var. Bu məfhum biologiya, ekologiya və demoqrafiya elmlərində “Minimum həyat qabiliyyətli populyasiya” (Minimum Viable Population - MVP) və ya demoqrafik mənada “Əhalinin təkrar istehsalının (özünü bərpasının) kritik alt həddi” adlanır.  
Bu anlayış həm ümumi canlı növləri, həm də spesifik olaraq insan cəmiyyətləri üçün fərqli kontekstlərdə izah edilir. Gəlin onları nəzərdən keçirək:

1) Bioloji və bioloji-sosial kontekst (minimum insan sayı)

Əgər söhbət insan nəslinin kəsilmədən özünü bərpa edə bilməsi üçün lazım olan minimum insan sayından gedirsə, elm adamları bunun üçün xüsusi hesablamalar aparıblar: 
50/500 qaydası - Ekologiyada məşhur olan bu qaydaya görə, yaxın qohumların cütləşməsinin (inbridinq) fəsadlarından qorunmaq üçün minimum 50, uzunmüddətli genetik adaptasiya və mutasiya risklərini sığortalamaq üçün isə ən azı 500 fərd lazımdır. 
Kosmik və koloniya hesablamaları: NASA və müxtəlif astrobioloqların hesablamalarına görə, genetik müxtəlifliyi qorumaq və sağlam nəsil artırmaq üçün ciddi şəkildə planlaşdırılmış minimum 80 ilə 160 nəfər (sağlam və genetik olaraq fərqli fərdlər) lazımdır. Təbii və nəzarətsiz şəraitdə isə bu rəqəmin 500 ilə 5000 arasında olması təhlükəsiz hədd sayılır. 

2. Demoqrafik kontekst (Doğum əmsalı və Yaşlılıq limiti)

Müasir cəmiyyətlərin və mövcud dövlətlərin əhalisinin özünü bərpa etməsi (sayca azalmaması və qocalaraq yox olmaması) kontekstində isə bu alt limit Ümumi Doğum Əmsalı (TFR) ilə ölçülür:
- 2.1 Bərpa limiti (Replacement Level): demoqrafiyada əhalinin özünü tam bərpa etməsi üçün bir qadına düşən orta uşaq sayı minimum 2.1 olmalıdır. Bu rəqəmin “2” olması valideynlərin əvəzlənməsi, “0.1” isə uşaq ölümləri və ya sonsuzluq riskinin kompensasiyası üçündür;
Kritik alt limit (Təhlükə zonası): əgər bir ölkədə doğum əmsalı uzun müddət 1.3-ün altına düşərsə, bu, demoqrafiyada “çox aşağı doğum tələsi” (lowest-low fertility) adlanır. Bu hədd əhalinin özünü bərpa etməsi üçün sosial-iqtisadi alt limit sayılır. Bu hədd keçildikdən sonra əhali sürətlə qocalır, işçi qüvvəsi tükənir və miqrasiya (kənardan əhali axını) olmadan cəmiyyətin öz-özünə bərpası qeyri-mümkün hala gəlir.

Xülasə “əhalinin özünü bərpa limitləri” real elmi anlayışlardır. Bu, bioloji olaraq genetik müxtəlifliyin qorunması üçün lazım olan insan sayını (minimum 80-500 nəfər), demoqrafik olaraq isə cəmiyyətin yaşayıb artması üçün lazım olan doğum faizini (minimum 2.1 əmsalı) ifadə edir. Bu gün Azərbaycanda bu rəqəm kəskin şəkildə geriləyərək 1.4 səviyyəsinə düşüb. Biz artıq rəsmən fəlakət zonası sayılan “çox aşağı doğum tələsinə” girmişik. Bu gün küçələrimizin, məktəblərimizin hələ də dolu görünməsi bizi qətiyyən aldatmamalıdır. Elm bu aldadıcı vəziyyəti “Demoqrafik Momentum” adlandırır. Yaşlı nəsil hələ həyatda olduğu üçün əhalinin sayı müvəqqəti olaraq sabit görünür, lakin qapıdakı təhlükə riyazi olaraq qaçılmazdır.

“Demoqrafik Momentum” tələsi: illüziya və həqiqət

Oxucunun məsələnin mahiyyətini anlaması üçün burada bir haşiyə çıxaraq, “2,1 əmsalı”nın olmazsa olmaz şərt olduğunu kiçik bir misal çəkməklə riyazi rəqəmlər əsasında anlatmaq istəyirəm.

Fərz edək ki, hər yerdən izolyasiya olunmuş məntəqədə yaşayırıq. Bu məntəqənin adını şərti olaraq “Bazarbaycan” qoyaq. Bioloji və ictimai bir fəlakətdən sonra bu məntəqədə cəmi 100 ailə qalıb - ər-arvad olan 100 kişi və 100 qadın, cəmisi 200 nəfər. Onların hamısı 25 yaşındadır. 

Bazarbaycanda fəlakətin gətirdiyi fəsadlar nəticəsində orta insan ömrü 52 ilə düşüb. Bir çox problemə görə, hər ailədə yalnız bir uşaq doğulur, Doğulan 100 uşağın yarısı qız, yarısı oğlandır. 25 il sonra məntəqədə əhalinin sayı 300 nəfər olacaq - 200 nəfər 50 yaşlı valideynlər və onların 25 il öncə dünyaya gətirdiyi 25 yaşlı 100 uşaq. Bir il sonra bu rəqəm 350 nəfər olacaq, çünki ikinci nəsil 50 qız və 50 oğlan evlənir və bu evlilikdən daha 50 nəfər doğulur. 

İlk baxışda hər şey yolundadır: cəmi 26 ilə analoqsuz inkişaf edən Bazarbaycan məntəqəsində əhalinin sayı 75 faiz artıb və 350 nəfərə çatıb. Ancaq görünməyən təhlükə qapıdadlr: 1 il sonra 52 yaşı olacaq 100 baba və 100 nənə öləcək, geridə 50 ata, 50 ana və 50 uşaq qalacaq. Yeni nəsilin doğulmasına isə hələ 25 il var...
 
Fəlakətin dərəcəsini gördünüzmü? İlk baxışda hər şey qaydasında görünə bilər, lakin 25-30 il sonra 200 nəfərlik yaşlı nəsil dünyasını dəyişdikdə, geridə cəmi 50 ata, 50 ana və 50 uşaq qalır, Bu gedişlə hər nəsil dəyişdikcə cəmiyyət həndəsi silsiləyə uyğun yarıbayarı kiçiləcək, genetik müxtəliflik itəcək və bu çöküş sosioloji kollapsla nəticələnəcək. Hazırda Azərbaycan məhz bu ssenarinin tam ortasındadır. Təqdim etdiyimiz rəqəmlər Azərbaycandakı hələlik görünməyən demoqrafik kollapsı riyazi olaraq mükəmməl vizuallaşdırır. 

Bu model demoqrafiyada “Demoqrafik Momentum” və “Əhali piramidasının tərs çevrilməsi” hadisələrini tam mənası ilə izah edir. İlk illərdəki aldadıcı artım və ardınca gələn kəskin azalma tam olaraq təsvir etdiyimiz kimi baş verir. Gəlin göstərdiyimiz nümunə üzərindən 2.1 əmsalının niyə həyati əhəmiyyət daşıdığını və təhlükənin miqyasını daha da dəqiqləşdirək:

1) Niyə aldadıcı artım, yəni “Demoqrafik Momentum” baş verir?
Bu modelə görə, ilk 26 ildə əhalinin sayının 200 nəfərdən 350 nəfərə yüksəlməsi ölümlərin hələ başlamaması ilə bağlıdır. Ümumi doğum əmsalı (TFR) 1.0 olduqda belə, yaşlı nəsil hələ həyatda olduğu üçün əhali müvəqqəti olaraq çox görünür. Bu, dövlətləri çaşdıran ən böyük tələdir; 

2) Bizim modelimizdəki kəskin çöküşün riyazi gedişatı:
Hesablamamız göstərir ki, proses hər nəsil dəyişdikdə həndəsi silsilə ilə yarı-yarıya azalır:
Başlanğıc: 200 nəfər (100 cütlük)
1-ci nəsil öldükdən sonra (qeyd etdiyiniz mərhələ): 150 nəfər (50 cütlük və onların 50 uşağı)
2-ci nəsil öldükdən sonra (növbəti mərhələ): 50 uşaq böyüyüb 25 cütlük olacaq və cəmi 25 uşaq doğacaqlar. Əhali bir anda 75 nəfərə düşəcək.
Cəmi 3 nəsil ərzində 200 nəfərlik cəmiyyət yox olmaq həddinə (75 nəfər) çatır; 

3) Əgər hər ailədə 1 yox, 2 uşaq (TFR - 2.0) olsaydı, nə baş verərdi?
Əgər 100 cütlüyün hər birinin 2 uşağı (cəmi 200 uşaq) olsaydı: 100 kişi və 100 qadın öldükdə, onları tam əvəz edən 100 yeni oğlan və 100 yeni qız (200 nəfər) qalacaqdı. Əhali nə azalacaq, nə də artacaqdı; sabit (200 nəfər) qalacaqdı; 

4) Bəs o zaman niyə 2.0 yox, məhz 2.1?
Bizim modeliniz ideal şərtdir (bütün uşaqlar sağ qalır, hamı evlənir və uşaq dünyaya gətirir). Real dünyada isə doğulan uşaqların bir hissəsi reproduktiv yaşa (25 yaşa) çatmadan xəstəlik və ya qəza səbəbindən vəfat edir; insanların bir hissəsi sonsuzluqdan əziyyət çəkir və ya evlənmir. Təbiətdə bioloji olaraq hər 100 qız uşağına qarşı təxminən 105 oğlan uşağı doğulur (oğlanların sayı bir az çox olur). Bax bu 0.1-lik fərq sığortadır. 100 cütlüyün sadəcə özünü əvəzləməsi üçün bəzi ailələrin 3 uşaq verməsi lazımdır ki, ümumi orta göstərici 2.1-ə çatsın və itkilər kompensasiya olunsun.

Bizim modelimizdə əlavə bir təhlükə də var: demoqrafiya elmində buna “genetik darboğaz” deyirlər. Yəni son nəticədə genetik müxtəlifliyin itməsi riski tamamilə doğrulur və cəmiyyətdə insest hadisələri (ailədaxili evliliklər) baş verir. Bioloji fəlakətdən sonra əhali sayı sürətlə 150, daha sonra 75 və 37 nəfərə düşdüyü üçün populyasiya “Genetik darboğaz” (Genetic Bottleneck) fazasına girir. Qohum evlilikləri qaçılmaz olur, genetik xəstəliklər artır və cəmiyyət tamamilə məhv olur.

Bütün bu deyilənlərdən o nəticə çıxır ki, 2.1 əmsalının (subbərpa səviyyəsi) bir cəmiyyət üçün necə “görünməz fəlakətlər”in qarşısını aldığı qüsursuz şəkildə sübut olunur.

Selekativlikdən daha dərin yara: İMKANSIZLIQ ABORTLARI

Uzun illərdir Azərbaycanda abort problemi müzakirə olunanda ilk ağıla gələn “selekativ abortlar”, yəni gender balansı və oğlan uşağı təəssübkeşliyi olurdu. Şübhəsiz ki, qız uşaqlarının ana bətnində məhv edilməsi bioloji fəlakətdir və bu, gələcəkdə minlərlə gənc oğlanın evlənməyə yerli qadın tərəfdaş tapmaması ssenarisini yaradır ki, bu da kişi-qadın disbalansına yol açmaqla yanaşı, ailə institutunu kökündən sarsıdacaq. Lakin bugünkü 95 minlik dəhşətli rəqəmin pərdəarxası motivlərinə baxdıqda qarşımıza daha ağır və ağrılı bir reallıq çıxır: sosial-iqtisadi imkansızlıq.

Müasir dövrdə ölkəmizdə uşaq böyütməyin xərcləri - mənzil təminatı, fantastik qiymətə satılan uşaq qidaları, bezlər, tibbi xidmətlər və gələcək təhsil qayğıları gənc ailələrin çiyinlərinə dözülməz bir yük kimi çökür. Bir çox gənc ailə iqtisadi çarəsizlikdən, sabaha inamsızlıqdan növbəti hamiləlikləri qorxuyla qarşılayır və abortu bir “qatil” kimi deyil, yeganə “çıxış yolu” kimi görür. Digər tərəfdən, ölkədə tibbi maarifləndirmə və kontrasepsiya mədəniyyəti o qədər aşağıdır ki, abort planlaşdırılmamış hamiləliyin qarşısını almaq üçün adi bir “mühafizə vasitəsi”nə çevrilib. Nəticədə hər il diri doğulan təxminən 110-120 min körpəyə qarşı, az qala bir o qədər də körpə abort masalarında itirilir. Əgər bu abortların yarıdan çoxu normal doğuma çevrilsəydi, ölkəmiz dərhal 2.1-lik təhlükəsizlik limitini bərpa edə bilərdi.

50 il sonrakı Azərbaycan: ssenarilər və risklər
 

Əgər bu tendensiya yaxın 50 ildə də eyni templə davam edərsə, Azərbaycanı gözləyən mənzərə heç də parlaq deyil. İlk zərbə iqtisadiyyata və sosial sığorta sisteminə dəyəcək. Bizim təqaüd sistemimiz “nəsillərin həmrəyliyi” prinsipinə əsaslanır; yəni bu gün işləyən gənclərin vergisi ilə yaşlıların pensiyası ödənilir. Doğum bu sürətlə azaldıqda, 50 il sonra vergi ödəyən gənc işçi qüvvəsi tapılmayacaq, dövlət büdcəsi qocalan əhalinin pensiya və tibbi xərcləri altında əziləcək.

Hazırda Azərbaycan əhalisi regional miqyasda nisbətən gənc sayılsa da, 50 illik perspektivdə əhalinin piramidası tamamilə tərsinə çevriləcək. 2070-ci illərdə ölkədə 65 yaşdan yuxarı insanların sayı 15 yaşa qədər uşaqların sayını bir neçə dəfə üstələyəcək. İqtisadiyyat dili ilə desək, təqaüdçülərin sayı vergi ödəyən insanların sayından çox olacaq. Nəsil kiçildikcə işçi qüvvəsi qıtlığı yaranacaq. Büdcə qocalan əhalinin tibbi xərclərini və pensiyalarını qarşılaya bilməyəcək.

Təhlükə artıq dövlətin rəsmi institutlarında da etiraf olunur. Parlament səviyyəsində edilən xəbərdarlıqlara görə, uşaq sayının kəskin azalması yaxın gələcəkdə məktəblərdə şagird qıtlığına və təkcə təhsil sahəsində 50 minə yaxın müəllimin işsiz qalmasına səbəb ola bilər. Kəndlər və rayonlar sürətlə boşalacaq, bütün əhali birtərəfli qaydada Bakı və Abşeron yarımadasına axışacaq, bu isə regional infrastrukturu və kənd təsərrüfatını tamamilə iflic edəcək.

Ən böyük təhdid isə milli təhlükəsizlik müstəvisindədir. Biz mürəkkəb, hərbiləşdirilmiş və geosiyasi maraqların toqquşduğu bir coğrafiyada yaşayırıq. Ordunun qüdrəti və sərhədlərin toxunulmazlığı birbaşa gənc çağırışçı nəsildən asılıdır. Doğumun 1.4-ə düşməsi, 20 il sonra hərbi xidmətə yararlı gənclərin sayının yarıbayarı azalması deməkdir. Əhalisi qocalan və sayı azalan bir dövlətin regional təzyiqlərə müqavimət gücü də zəifləyir. İqtisadi və hərbi mexanizmləri işlətmək üçün dövlət istər-istəməz qapılarını kənardan - Asiya və Afrikadan gələcək miqrantların üzünə açmalı olacaq. Beləliklə, bu gün Avropanın daxildən sarsılmasına səbəb olan mədəni və milli kimlik böhranı bir neçə onillik sonra bizim qaçılmaz reallığımıza çevriləcək.

Əgər ildə təxminən 100 minə yaxın potensial nəsil ana bətnində itirilməyə davam edərsə, Azərbaycan yaxın illərdə gənc işçi qüvvəsini, hərbi potensialını və daxili istehsal gücünü tamamilə itirəcək. Biz sürətlə “qocalmış və kiçilmiş millət” statusuna doğru gedirik.

Çıxış yolu: qadağa yox, iqtisadi stimul
 

Tarixi təcrübə göstərir ki, abortları qanunla qadağan etmək çıxış yolu deyil. Bu, sadəcə prosesi gizli xəstəxanalara, “qara bazara” daşıyır və qadın ölümlərini artırır. Bizə qadağalar yox, köklü təməlləri olan “Milli Ailə Dəstək Proqramı” lazımdır.

Dövlət gələcək nəsil üçün vəsait ayırmaqdan çəkinməməlidir. Genişmiqyaslı və dayanıqlı uşaqpulu sisteminin bərpası, gənc ailələr üçün faizsiz və uzunmüddətli mənzil kreditləri, çoxuşaqlı analara vergi güzəştləri və “Analıq kapitalı” kimi proqramların tətbiqi artıq bir sosial lütf deyil, milli təhlükəsizlik şərtidir.

Bu gün Türk dünyası çərçivəsində, Turan birliyi kontekstində gələcəyə doğru böyük addımlar atılır. Lakin yaddan çıxarmaq olmaz ki, masada güclü və strateji tərəfdaş olmaq üçün daxildə demoqrafik cəhətdən gənc, dinamik və artan bir millət olaraq qalmalıyıq. Bu gün bətndə dayandırılan, imkansızlıq ucbatından fəda edilən hər bir həyat 25-30 il sonra Azərbaycanın dövlət sütunlarından birinin qırılması deməkdir. 

Seçim bizimdir: ya gələcəyə sərmayə qoyub nəsillərimizi qoruyacağıq, ya da Mirşahin və Səidə Bəkirqızı kimi korporativ maraqları naminə həyasızcasına gələcəyimizə balta vuranların ucuz, amma təhlükəli təbliğatına uyub, 95 minlik bu səssiz fəlakətin bizi tarixin arxivinə gömməsini seyr edəcəyik.
TANRI MİLLƏTİMİZİ QORUSUN

Fərəməz Novruzoğlu

Xudaferin.eu

09:51