Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin İstanbulda 300 illik yubileyi qeyd edilib

 

Türkiyənin İstanbul şəhərində TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Mərasimdə rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatlar, elm və mədəniyyət adamları, tanınmış ədəbiyyatçılar, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitablarının təqdimatı olub. Məlumat verilib ki, təqdim olunan kitablar görkəmli Azərbaycan şairinin 300 illiyi münasibətilə çap olunub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan və Türkiyəli professorlar Mahirə Quliyeva, Gülşən Seyhan Alışık və Eral Alışık, Vaqif şeirlərinin Ukrayna dilinə tərcüməçisi İvan Pavliin çıxış ediblər.

Çıxışçılar Molla Pənah Vaqif yaradıcılığının nadir üslubu, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndiriblər. Sonra Ləman Qarayeva və Cəfər Mustafayev Vaqifin şeirlərindən nümunələr söyləyiblər. Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

10:15