Görkəmli aktyor və vokalist

Görkəmli aktyor və vokalist xalq artisti Hüseynağa Hacıbababəyov haqqında

Azərbaycanda operanın yaranması XX əsrin əvvələrinə təsadüf etsə də, dünyada onun yaranması XV əsrin ikinci yarısının sonlarına təsadüf edir. İlk dəfə Beverininin “Müqəddəs Pavelin dönməsi” (1480) ruhani tamaşasında əsər boyu musiqi səslənib. Və bu musiqidə ilk dəfə ciddi mövqe tutub. Opera bir termin kimi VII əsrin birinci yarısından işlənməyə başlayıb. 1637-ci ildə Venesiyada xalq üçün opera teatrı açılır və bu da saray daxili əyləncələrə xidmət edirdi. İlk böyük opera Cakobo Perinin “Dəfnə” operası hesab olunur. Və tezlikdə opera əvvəl İtaliyada sonra bütün Avropada inkişaf etməyə başlayır.

Azərbaycanda operanın təməl daşı 1908-ci il yanvar ayının 12-də Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası ilə qoyulur. Və Beləliklə, Azərbaycanda opera solistləri meydana gəlməyə başlayır. H. Sarabski, Ə. Ağdamski, M. Kazımovski, F. Muxtarova, Ş. Məmmədova, Bülbül, S. Qacar, M. T. Bağırov, H. Hacıbababəyov və b. Hüseynağa Soltan oğlu Hacıbababəyov 1898-ci ildə may ayının 19-da Samaxıda toxucu ailəsində dünyaya göz açıb. Onun atası kalağayı karxanasında toxucu vəzifəsində çalışırdı. Yeddi nəfərdən ibarət olan ailəsini çətinliklə dolandırırdı. Hüseynağanın dörd yaşı olanda yəni 1902-ci ildə ailəsi ilə birlikdə Bakıya köcürlər, 1905-ci ildə “Alekseyski” məktəbində, sonra görkəmli teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi “Həbib bəy” adı ilə tanınan məktəbdə təhsilini davam etdirir. Ona aktyor və ictimai xadim kimi tanınan Hənəfi Terequlov nəğmə dərsi deyirdi. O, bu dərsdə hamından fərqlənirdi, səsinin gözəlliyi ilə müəllimini və sinif yoldaşlarını valeh edirdi. Bəzi hallarda məktəbdə təşkil olunan özfəaliyyət konsertlərində Hüseynağa xorda çıxış edər, sonralar isə xorun solo hissəsini ifa edərdi. H. Hacıbababəyovun atasının qocalığı, ailənin sayının çoxluğu, dolanışığın çətinləşməsi nəticəsində o, təhsilini davam etdirə bilmir və 1910-cu ildə məktəbi yarımçıq tərk edir.

Hüseynağa Hacıbababəyov “1910-cu ildə “Nicat” mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunub, 1913-cü ildən başalyaraq “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyovun qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru kimi çalışıb. 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasına daxil olub” (İ. Rəhimli). “Səfa” cəmiyyətinin dram dərnəyində C. Zeynalov, H. Ərəblinski, M. A. Əliyev, S. Ruhulla, Ə. Hüseynzadə, D. Bünyadzadə kimi mədəniyyət xadimləri, “Nicat” cəmiyyətinin opera truppasında isə Ü. Hacıbəyov, H. Sarabski, Ə. Ağdamski kimi musiqiçilər çalışırdılar. Hüseynağa Hacıbababəyov hər iki cəmiyyətin tamaşalarında iştirak edirdi. O, opera tamaşalarında xorda oxumaqla yanaşı, bəzi dram tamaşalarında da iştirak edirdi. “Səfa” cəmiyyətinin dram dərnəyində H. Ərəblinski ilk dəfə “Dəmirçi Gavə” əsərini tamaşaya qoymuş, Gavənin oğlunu H. Hacıbababəyov ifa etmişdir. O, həmçinin C. Zeynalovun iştirakı ilə dram, komediya və məzhəkələrdə qadın rollarında səhnəyə çıxmışdır. İlk dəfə 1916-cı ildə C. Məmmədquluzadənin “Ölülər” komediyası H. Ərəblinskinn quruluşunda tamaşaya qoyulanda, İsgəndəri Mirzağa Əliyev, Şeyx Nəsrullanı Əliqulu Qəmküsar, Kəblə Fatmanı Yunus Nərimanov, Nazlını Hüseynağa Hacıbababəyov ifa etmişdir. Tamaşadan sonra Mirzə Cəlil Nazlı rolunu ifa edən H. Hacıbababəyovu alqışlamış, onun oyununun təbii və inandırıcı olmasını xüsusi qeyd etmişdir.
1915-ci ilin yayında Hüseynağa Hacıbababəyov 17 yaşında olarkən A. M. Şərifzadənin rəhbərliyi ilə Petrovski, Dərbənd, Vladiqafqaz da qastrol səfərində olmuş, orada “Əsli və Kərəm” operasında Əslinin partiyasını ifa etmişdir. Bu uğurlu çıxışdan sonra 1917-ci ildə Hacıbəyov qardaşlarının yeni təşkil etdikləri opera aktyorları heyətinə Hüseynağa Hacıbababəyovu da dəvət edirlər.
Əsrin əvvəllərində Şərq qadınları səhnəyə çıxa bilmədikləri üçün onların rollarını kişilər ifa edirdilər. Hüseynağa Hacıbababəyovda uzun illər opera səhnəsində Azərbaycan bəstəkarlarının opera və operettalarında Leyli (“Leyli və Məcnun”), Əsli (“Əsli və Kərəm”), Xurşud banu (“Şah Abbas və Xurşid banu”), Gülçöhrə və Cahan xala (“Arşın mal alan”), Gülzar (“O olmasın, bu olsun”) Qəribin anası (“Aşıq Qərib”), Gülzar (“Şah İsmayıl) partiyalarını uğurla ifa edib.

O dövrün “Sədayi həqq” qəzeti yazır ki; “Səhnəmizdə qadınların olmaması kəsirli bir cəhətdir. Lakin buna baxmayaraq Hüseynağa Hacıbababəyov Əsli rolunda elə gözəl oxuyur və oynayır ki, bu kəsiri unudub biz səhnədə gözəl bir qızı görürük”. Həmin qəzetdə çap olunan başqa bir məqalədə isə qeyd olunur ki; “Hüseynağa Hacıbababəyov Leyli rolunda böyük məharətlə çıxış edərək tamaşaçıları, oxuması və oynaması ilə valeh etdi. Xüsusən “Xoşdur nə qədri eyləsə yarım cəfa mənə” qəzəlini elə təsirli oxudu ki, salondakı tamaşaçılar hönkürtü ilə ağlaşdılar”.
Hüseynağa Hacıbababəyov Azərbaycan Dövlət Opera və Balet Teatrında zəngin yaradıcılıq yolu keçib. Qadın paltarı geyinib rol ifa edən H. Hacıbababəyov geyimə köməkçi vasitə kim baxırdı. “Əsasən bülbül kimi cəh-cəh vurmaq, muğamat və təsnifləri böyük ehtiras və incəliklə oxumaq onun əsas vəzifəsi olmuşdur. Hər dəfə Sarabski öz tərəf müqabilinə baxarkən, səhnədə, önündə qız əvəzinə oğlan görürdü, qızlara xas olan incəlik və ədalar oğlandan duyulmadığından şübhəsiz o həmişə mütəəssir olurdu. Lakin qız rolunu oynayan Hacıbababəyovun gözəl oxuması onu ruhlandırır, yalnız onun füsnkarlığı Sarabskiyə ilham verir və tamaşanın reallığını təmin edirdi” (S. Dadaşov). Lirik tenor səsin sahibi olan Hüseynağa Hacıbababəyov 1925-ci ildən ömrünün sonuna kimi (10.11.1972) Azərbaycanın muğam operalarında və xarici bəstəkarların operalarında ölməz partiyalar ifa etmişdir. Onun böyük sənətkarlıqla ifa etdiyi Qərib (“Aşıq Qərib”), Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”), Sərvər (“O olmasın, bu olsun”), Əsgər və Süleyman (“Arşın mal alan”), Qərib (“Şah Sənəm”), Əlyar (“Nərgiz”), Şah İsmayıl (“Şah İsmayıl”), Xosrov (“Xosrov və Şirin”), Çar Brendey (“Qar qız”), Hidli qonaq (“Sadko”), Lenski (“Yevgeni Onegin”), Qraf Almoviva (“Seviliya bərbəri”), Saro (“Anuş”) partiyalarını böyük şövq ilə ifa etmişdir.
1938-ci ilin aprelin 5-dən 15-ə kimi Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirildi. Azərbaycan Dövlət Opera və Balet Teatrı Dekadaya dörd tamaşa “Koroğlu”, “Şahsənəm”, “Nərgiz” operalarını və “Arşın mal alan” operettasını aparmişdılar. Tamaşalar Böyük Teatrın filialında nümayiş olundu. Hüseynağa Hacıbababəyov Dekadada Qərib (“Şah Sənəm”), Əlyar (“Nərgiz”), Süleyman (“Arşın mal alan”) partiyalarını ifa etdi.
“Sovet artisti” qəzeti (11.04.1938) “Arşın mal alan” tamaşası haqqında yazır: “Bülbül və Hacıbababəyov özlərini bir komik aktyor kimi də göstərdilər. Səhnədə çox çevik davranır, sərbəst oyunları ilə çətin dialoqların və kupletlərin öhdəsindən ustalıqla gəldilər”.
Dekadanın yekun konserti Böyük Teatrın səhnəsində oldu. Hüseynağa Hacıbababyov bu konsertdə muğam və xalq mahnıları ifa etdi, gurultulu alqışlarla qarşılandı. Məşhur musiqişünas professor Vinoqradov Hüseynağa Hacıbababəyovu təbrik etmiş, onu görkəmli lirik tenor müğənnilər ilə müqayisə etmişdir.
Bütün bu uğurlara görə Hüseynağa Hacıbababəyov 1938-ci ilin dekabrında 40 yaşında “Xalq artisti” fəxri adına layiq görülmüşdür. H. Hacıbababəyovun xidmətləri Azərbaycan musiqisinin inkişafında ölcüyə gəlməzdir. O, opera və operettalarda baş partiyaları ifa etməklə yanaşı muğam dəstgaharı və xalq mahnıları da ifa etmişdir. Radionun qızıl fondunda onun vaxtı ilə lentə yazdırdığı “Bayatı-Şiraz”, “Segah zabul” və “Mahur hindi” muğam dəstgahları qorunub saxlanılır. H. Hacıbababəyov keçmiş SSRİ-nin bir çox şəhərlərində və digər respublikalarda konsertlər vermiş, Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Bundan başqa onun gənc vokalistlərin yetişməsində də böyük xidmətləri olmuşdur.
Xalq artisti Hüseynağa Hacıbaba 1972-ci ildə noyabr ayını 10-da 74 yaşında həyatla vidalaşmış, ikinci Fəxri xiyabanda torpağa tapşırılmışdır. Böyük sənətkarlar ölmürlər, əbədiyyətə qovuşurlar. H. Hacıbababəyov da bu sırada olan sənətkarlardandır. Nə qədər Azərbaycan vokal məktəbi var Hüseynağa Hacıbababyov da daim yaşayacaqdır.

İmran AXUNDOV
fəlsəfə doktoru

15:36