Gömrükdə külli miqdarda zərgərlik məmulatı müsadirə edildi - FOTO

Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Oxu.Az-a verilən məlumata görə, “Yalama” gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan Respublikasının vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib.

Baxış zamanı əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkar olunub.

Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları - üç ədəd qolbaq, bir ədəd boyunbağı, iki ədəd üzük-sırğa dəsti və bir ədəd kulon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

15:16