Gəncənin dekorativ sənət ustası

Bizim ana dili və ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz ən qiymətli sərvətimizdir. Bu sərvəti daim qorumalı, yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Bütün bu işlərdə ən böyük vəzifə isə biz gənclərin üzərinə düşür. Haqqında bəhs edəcəyim şəxs də milli-mənəvi dəyərlərimizi qoruyan və yaşadan gənclərdəndir. Gəncənin gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova 6 ildir ki, milli irsimizin təbliği ilə məşğuldur. O, Azərbaycan ədəbiyyatına aid nağılların, Nizami Gəncəvi əsərlərinin qəhrəmanlarının geyimlərini hazırlayır, fərdi sərgilərdə nümayiş etdirir.

- İlk fərdi sərgim prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.  “ Nağıllar aləmi” adlı sərgidə nağıl qəhrəmanlarına həsr olunmuş kuklalar  sərgiləndi.  Bir müddət öncə isə, Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə fərdi sərgim açılıb. Burada “Yeddi gözəl” poemasındakı 7 fərqli ölkəyə məxsus milli geyimlər, Bəhram Gur şahın və dahi Nizami Gəncəvinin libasları nümayiş olunub.  4 ay 10 gun müddətində ərsəyə gələn geyimlərin hazırlanmasında müxtəlif parçalardan, rəngli saplardan və daş-qaşlardan istifadə olunub. Nizami Gəncəvinin poema qəhrəmanlarının geyimlərinin Şəmkirdə, Gəncədə, daha sonra Moskvada sərgilənməsi nəzərdə tutulub. Bütün görülən işlərdə əsas məqsədim dahi şairimizin irsini qorumaq, dünyada tanıtmaq və geniş təbliğ etməkdir –Sona Məhərrəmova deyib.
Sona xanım bu sənətə maraq göstərən yeniyetmə və gənclərə bildiklərini həvəslə öyrədir. O, hazırda həmin gənclərlə birgə “Zəka” Gənclər Mərkəzində çalışır. Sona xanım davamçılarının uğurlarına ürəkdən sevinir və onların istedadlarının üzə çıxarılması, sərgilərinin hazırlanması, Azərbaycanın tarixi zənginliyinin şəhərimizə gələn qonaqlara çatdırılması üçün əlindən gələni əsirgəmir.

Cəmilə KƏRİM
Gəncə

13:24