“Gənclik nəfəsi” sərgisi açılıb

“Şirvanşahlar Sarayı Kompleksi”nin nəzdində “NUR Art House” adlı yeni qalereya, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tələbələrinin əsərlərinin təqdim edildiyi “Gənclik nəfəsi” adlı ilk sərgi açılıb. Sərginin açılışında ADMİU-nun rektoru Fərəh Əliyeva, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva və Xalq Rəssamı Arif Əzizov çıxış ediblər. Bildirilib ki, sərgiyə “Gənclik nəfəsi” adının verilməsi təsadüfi deyil. Onun ekspozisiyası ADMİU-nun təsviri incəsənət fakültəsi tələbələrinin əsərlərindən – ənənəvi xalça, batik və qobelenlərdən ibarətdir. Azərbaycan xalçaçılıq sənətinin yeni növlərindən biri olan qobelen hazırlanma texnologiyasına, kompozisiyasına və milli estetikanın ümumi prinsiplərinə görə xovlu xalçalara çox yaxındır. Qısa müddətdə qobelen milli mədəniyyətimizin və estetikamızın bir hissəsinə çevrilib. Gənclərin hazırladığı qobelenlər daha rəngarəng və ifadəlidir. Ekspozisiyada 17 qobelen, 4 batik nümunəsi və 25 xalça təqdim edilir. Onlar gənc rəssamlar Aynur Mahmudlu, Jalə Rəfili, Səbinə İsgəndərli, Nərgiz Abbasova, Aysel Süleymanova, Bürhan Qəhrəmanlı, Məryəm Hümbətova, Şəhla Abbasova və başqalarının əl işləridir.

Xudaferin.eu

12:19