Gəncədə Mirzə Şəfi Vazeh muzeyi fəaliyyətə başladı

 

Muzeylər bir elin, xalqın maddi-mənəvi dəyərlərini toplayan, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Son illərdə qədimliklə müasirliyin vəhtətində gündən-günə gözəlləşən Gəncədə genişmiqyaslı tikinti-quruculuq işləri yeni muzeylərin yaranması ilə də müşayiət olunur. Şəhərin tarixi, görkəmli övladları, müasir incəsənəti haqqında dolğun məlumatlarla, eksponatlara zəngin muzeylər yaradılıb. Bir neçə il bundan əvvəl tək – Tarix Diyarşünaslıq Muzeyi olan Gəncə artıq muzeylər şəhərinə çevrilib. Yeni muzeylərin yaradılması, bu muzeylər üçün möhtəşəm binaların tikilib istifadəyə verilməsi Gəncənin gözəlliyini daha da artırıb. Nizami Gəncəvi Mərkəzi və Məqbərəsi, Məhsəti Gəncəvi Mərkəzi, Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, İsrafil Məmmədovun xatirə-ev muzeyi, Müasir İncəsənət Muzeyi…

Hər biri fəaliyyət göstərdiyi istiqamətə uyğun olaraq ayrı-ayrılıqda zəngin eksponatlarla Azərbaycanın, Gəncənin tarixini, mədəniyyətini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərini tanıdır, təbliğ edir. Bu muzeylərin sırasına Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzey də əlavə edilib.

Muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Muzey 2 hektar ərazidə yerləşir. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb. Parkda sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parka gələnlər görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə biləcəklər. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub. Muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada, həmçinin Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında 1981-ci il iyunun 8-də imzalanmış qərar və “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı da nümayiş olunur. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb.
Qeyd edək ki, bu ədəbi fəlsəfi məclisin üzvləri arasında Mirzə Fətəli Axundzadə, Molla Abdulla, Mirzə Mehdi Naci, Mirzə Yusif Vidadi, maarifçilərdən Eristavi, Çavçavadze, Qriqoriyev ilə yanaşı, alman şərqşünası Bodenştedt, Adolf Berje və başqaları var idi. Məclisdə ədəbi-irfani-fəlsəfi mübahisələr, təhlillər aparılır, yaxşı şeir yazmaq uğrunda yarışlar keçirilir, diqqət çəkən hər hansı bir şeirə bənzətmələr yazılır, yeni fikirlər formalaşırdı. Vazeh “Divani-Hikmət” ədəbi məclisinin yığıncaqlarını canlı fəlsəfi diskussiyalar formasında keçirirdi.

Muzeyin ikimərtəbəli binasında sərgi və konfrans zalları, inzibati otaqlar yaradılıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur. Qeyd edək ki, Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 2014-cü ildə Azərbaycana gətirilib. Həmin kitablar muzeydə sərgilənir.

 

Hicran Məmmədova
Gəncə

10:45