Gəncədə Elm Festivalı

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə keçirilən və respublikanın elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan İkinci Azərbaycan Elm Festivalı Avropanın Gənclər Paytaxtı Gəncə şəhərində bir sıra tədbirlərdən sonra işinə yekun vurub.

Festival iştirakçıları Miniatür Kitab Muzeyinin Gəncə filialı, eləcə də “Qədim və müasir elm, mədəniyyət mərkəzi Gəncə” adlı sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə Gəncənin çoxəsrlik tarixini, zəngin maddi-mədəniyyətini, həmçinin şəhərin müasir elmi potensialını əks etdirən guşələr nümayiş etdirilir. Sərgidə Gəncədə elmin müxtəlif sahələri üzrə qazanılan uğurlardan bəhs edən tarixi-sənədli film göstərilib.
Daha sonra bildirilib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx bağlıdır. Bu gün sosial-iqtisadi inkişafın yeni mərhələsində respublikanın intellektual gələcəyini təmin etməyin yolu elmin inkişafından asılıdır. Azərbaycanda elmin inkişafı dövlətin daim diqqət mərkəzindədir. Dövlət müstəqilliyinin bərpasından sonra bu sahəyə göstərilən diqqət və qayğı elmin inkişafında müsbət nəticələr əldə etməyə imkan verib. Qədim tarixə və zəngin mədəniyyəti olan Gəncənin Azərbaycan elminin, mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını, tarixən bu şəhərin elm, təhsil və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Elmar Vəliyev Elm Festivalının növbəti mərhələsinin Gəncədə keçirilməsinin şəhərin elmi-ictimai həyatında əlamətdar hadisə olduğunu bildirib. Bu gün Gəncədə fəaliyyət göstərən AMEA-nın Gəncə Bölməsi şəhərin və ətraf rayonların iqtisadi potensialının elmi əsaslarla araşdırılmasında mühüm rol oynayır. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı olması ilə yanaşı, bu il də şəhərdə keçirilən müxtəlif festivalların xalqımıza xas zəngin tarixi-mədəni irsin təbliğində önəmini diqqətə çatdırıb.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib ki, elm festivalının keçirilməsində məqsəd ölkədə elmin təbliğ edilməsi, elmi tədqiqatlarla təhsilin inteqrasiyasını təmin etmək, eləcə də aparılan elmi araşdırmaların təcrübəyə tətbiqinə nail olmaqdır.
AMEA-nın vitse-prezidenti İbrahim Quliyev çıxışında AMEA-nın təşəbbüsü ilə keçirilən festivalın elm və cəmiyyət arasındakı dialoqun qurulmasına xidmət etdiyini söyləyib. O, İkinci Elm Festivalının Gəncə şəhərində keçirilməsinin əlamətdar hadisə olduğunu və Gəncə elminin inkişafına böyük töhfə verəcəyini bildirib. XII əsrin dahi mütəfəkkiri, filosof-şair Nizami Gəncəvinin humanizm fəlsəfəsini təhlil edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli şairin əsərlərində elmin təbliğinə geniş yer verdiyini vurğulayıb.
AMEA-nın müxbir üzvü, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli fövqəladə hallarla bağlı, xüsusən də zəlzələlərin baş verəcəyi haqqında məlumatların əhali arasında çaşqınlıq və təşvişlə qəbul edilməməsi üçün seysmik zonada yaşayan insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyindən danışıb. Akademiyanın Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə Gəncədə müxtəlif elm və təhsil mərkəzlərində fəaliyyət göstərən gənc alimləri əməkdaşlığa dəvət edib. AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək Elmin İnkişafı üzrə Milli Strategiyada əksini tapan elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinin elmi-tədqiqat müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. AMEA-nın Gəncə Bölməsində, Azərbaycan Dövlət Aqrar Universitetində və Gəncə Dövlət Universitetində elmi-populyar mühazirələr dinlənilib, həmçinin muzeylərə, elmi laboratoriyalara və emalatxanalara ekskursiyalar təşkil olunub. Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının üzvləri və ABŞ-ın “Acidic Band” musiqi qrupu festival iştirakçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

Xudaferin.eu

11:51